745
12:48
04 İyul 2019

Uşaq özü övladlığını LƏĞV EDƏ BİLƏR - Yeni QAYDALAR

“Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir”.
Bunu Lent.az -a vəkil, Sumqayıt ASAN Vəkil Bürosunun direktoru Leyla Bədəlova deyib. O bildirib ki, övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə orqanının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Azərbaycanın vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının (Azərbaycanın vətəndaşı olan uşağın Azərbaycan vətəndaşları tərəfindən övladlığa götürüldüyü hallarda) iştirakı ilə baxılır:
“Övladlığa götürənlər onlara həvalə edilən valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv edilir.
Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər. Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı da tələb edə bilər. Burada "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (Azərbaycan vətəndaşı olan uşağın Azərbaycan vətəndaşları tərəfindən övladlığa götürüldüyü hallarda) həyata keçirirlər”.
Xatırladaq ki, övladlığa götürülən uşaqlar üzərində nəzarət həyata keçiriləcək. APA -nın məlumatına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib ki, yeni qanunvericilikdə övladlığa götürmə prosesində əsas yükü sosial işçilər daşıyacaqlar:
“Həmin sosial işçilər DOST mərkəzlərində fəaliyyət göstərəcəklər. Onlar övladlığa götürmə prosesinin özündə və prosesdən sonra valideynlər, eyni zamanda övladlığa götürülən uşaqların həyat şəraitinin yoxlanması üzrə monitorinq həyata keçirəcəklər. Bu monitorinqlər övladlığa götürülən uşağın 18 yaşına qədər davam edəcək. Birinci il monitorinqlər rüblük olacaq, sonra isə illik monitorinq aparılacaq. Artıq monitorinqlərin hansı formada aparılması və digər şərtlərlə bağlı layihə hazırlanır”.