1740
14:56
03 İyul 2019

Toyuqları çox yumurtladan yem burada hazırlanır - Bu təhlükəlidirmi? - REPORTAJ

Azərbaycan alimləri maldarlıq və quşçuluq sahəsində bol məhsulun əldə olunmasına imkan verəcək yerli yem əlavəsi hazırlayıb.

Lent.az -ın əməkdaşı yem əlavəsini ərsəyə gətirən AMEA Mikrobiologiya İnstitutunda olub, məhsulu hazırlayan professor və heyəti ilə söhbətləşib, laboratoriyada aparılan tədqiqatlarla tanış olub.

Qısa giriş:

Azərbaycanın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Pənah Muradovun rəhbərliyi ilə aparılan tədqiqatların nəticəsi ölkədə kənd təsərrüfatının, dolayısıyla iqtisadiyyatın inkişafı üçün faydalı nəticə verib.

Aparılan tədqiqatlar nəticəsində bioloji aktiv maddələrlə zəngin “MBB-77” yem əlavəsi hazırlanıb. “MBB-77” yem əlavəsinin heyvandarlıq və quşçuluq sahəsində tətbiqi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Nazirlikdən Baytarlıq Elmi-Tədqiqat İnstitutuna (BETİ) göstəriş verilib və haqqında söhbət gedən məhsul iribaşlı mal-qara və toyuqlar üzərində sınaqdan keçirilib. 30 gün davam etdirilən işlər başa çatıb və yem əlavəsinin iribuynuzlu mal-qarada südün miqdarına, toyuqlarda isə yumurtlamaya müsbət təsir etdiyi müəyyən olunub. 2,52 kiloqram yemin istifadəsi əlavə olaraq 270 litr süd və 120 ədəd yumurta əldə edilməsinə imkan verib.

Qeyd edək ki, yem əlavəsinin tətbiqi nəticəsində əldə edilən məhsullar əsas göstəricilərinə görə analiz edilib və onların tələblərə cavab verdiyi müəyyən olunub.

Professor Pənah Muradov deyir ki...

- Əvvələr elm sahəsində fundamental tədqiqatlara daha çox üstünlük verilirdi. Son dövrlərdə Azərbaycanda gedən islahatlara müvafiq olaraq, biz də ölkənin iqtisadiyyatının, kənd təsərrüfatının möhkəmlənməsi naminə tədqiqatlar aparırıq. Həmin tədqiqatlardan biri göbələklərin faydalı xüsusiyyətlərindən istifadə edib, kənd təsərrüfatına töhvələr verməkdir. Tədqiqatların nəticəsi kimi biz yem əlavəsi əladə etmişik ki, həmin məhsul quşçuluq və heyvandarlıqda sınaqdan keçirilib. Heyvandarlıqda südçülük, quşçuluqda isə yumurta ilə bağlı səmərəli nəticə verib. Gələcəkdə biz yem əlavəsini ətçilk istiqamətində də yoxlamağı planlaşdırırıq.

İşin mexanizmində nə dayanır?

Az miqdarda yem əlavəsi ilə bu qədər böyük göstərici necə əldə olunur?

P.Muradov bildirdi ki, ümumiyyətlə, mal-qaranın qəbul etdiyi qidaların həzmi prosesi tam olmur.

- Müəyyən hissəsi tullantı şəklində bədəndən xaric edilir. Bizim əldə etdiyimiz yem əlavəsi qidaların həzm prosesini sürətləndirir. Qəbul olunan qidanın faydalı iş əmsalı yüksəlir. Burada həm qəbul olunan yemə qənaət olunur, həm də maddələr mübadiləsi sürətləndiyindən proses yüksək səviyyədə gedir. Məhsul artımı ilə özünü büruzə verir.

Yəni əldə etdiyimiz yem əlavəsinin tərkibində polimerləri deqredasiya edən fermentlər, bioloji aktiv maddələr var. Həmin bioloji aktiv maddələr metobolizmanı gücləndirir, qəbul olan qidanın faydalı hissəsi artır və nəticədə özünü süd şəklində, quşçuluqda yumurta şəkilində büruzə verir. Yeni tapıntı yemdən istifadənin səmərəliliyini və məhsul artımını təmin edir.

Kənardan gətirilən yem əlavələri

Qeyd edək ki, hazırda yem əlavələrinin respublikada istehsalı yoxdur, xaricdən gətirilir.

Müsahibimiz bildirdi ki, devalvasiyadan sonra yerli fermerlər yemi, əlavəsini öz ölkəmizdən əldə etmək istəyir.

- Tələb yarandığı üçün biz də təklifimizi irəli sürmüşük. İndi artıq yerli istehsal olan və ucuz başa gələn, keyfiyyəti ilə fərqlənməyən məhsulları təqdim edirik. Bizim təklif etdiyimiz yem əlavəsi həm də ekolji təmizdir. Tərkibində kənar maddələr yoxdur.

Subustrat gündəlik yediyimiz buğdanın tullantılarından biri olan kəpəkdir.

Digər kompenenti isə yeməli göbələkdir. Sadəcə, onların becərilmə üsulunun elə bir formasını tapmışıq ki, o effekti verə bilir.

Heç bir genetik modifikasiyaya uğramayan məhsullardır. Xaricdən gələn yem əlavəsinin mənşəyini bilmirik. Bir sıra laboratoriyalar formalaşıb ki, gələn məhsulu o nöqteyi-nəzərdən analizini həyata keçirsin. Onun da bütün respublikanı tam əhatə etmə gücü yoxdur. Amma biz öz təbiətimzin məhsulunu təklif edirik. Ekoloji uyğunluq deyilən bir anlayış var. Məsələn, elə preparatlar var ki, torpaqda olan göbələklərdən ayrılır. Rusiyada bitən göbələklərdən alınan məhsul bizdə o effekti vermir. Ekologiya fərqi var. Bizim məhsulda isə substrat, göbələk və onu yeyəcək mal-qara da yerlidir.

Ekoloji təmiz məhsul deyirik. Bu o deməkdir ki, təqdim olunan canlıya əlavə təsir yaratmasın.

Söhbətin bu məqamında institutun gənc bioloqu, elmlər doktoru, mikrobioloji biotexnologiyalar laboratoriyasının müdiri Könül Baxışəliyeva laboratoriya şəraitində necə işlədiklərini göstərir.

Onun sözlərinə görə, burada təbiətdən götürülən bitkilərin tərkibi bütün incəlikləri ilə öyrənilir və daha sonra praktikada tətbiq olunur. Yəni hər şey göz önündədir.

Xaricdən gətirilənlə qiymət fərqi

Professor əlavə etdi ki, xaricdən gələn yem əlavəsi ilə onların təklif etdiyi qiymətlərdə fərq var.

- Xaricdən gətirilənlər bahadır. Biz laboratoriya şəraitində bir avtoklavla ayda 200-300 kiloqram ala bilərik. Bu rəqəm də böyük bir heyvandarlıq təsərrüfatını təmin edə bilər.

Mikrobiologiya İnstitutu Azərbaycanda texniki mikrobilogiya sahəsində tədqiqat aparan elmi-tədqiqat müəssisəsidir. Birinci partiya üçün tələb olunan nümunəni öz gücümüzə əldə etmişik. Bizim hesablamalarımıza görə bir ton yemə 350-400 qram yem əlavəsi qatılır. Quşçuluq sahəsində bu göstərici 10 dəfə daha az doza ilə gedir. Mal-qaranın gündəlik yem həcmi ilə toyuğun yem həcmi həm kiçikdir, həm də gedən proseslərin qabariti var. Bizim ilkin hesablamalarımıza görə bir kiloqram yem aləvəsi 25-30 manata başa gəlir. Çünki istifadə olunan substratın bir kiloqramı bazarda 20-30 qəpikdir. Əgər bu dövlət tərəfindən verilərsə, daha ucuz başa gələr. Göbələyi isə təbiətdən ayırmışıq və laboratoriyada saxlayırıq. Sadəcə, sterilizasiya, müəyyən prosedurlar var ki, bir az enerji tutumludur. Ölkədə təxminən 8 milyon baş iri mal-qara var. Bir heyvana 4 kiloqram quru yem verilir. Yəni illik təlabatı əldə etmək çətin deyil.

Elmdən istehsalata gedən yol

Yerli məhsul əldə olunub, ortatadır. Qalır bu məhsulun istehsalı və fermerlərə təqdim olunması. Əvvələr bu sahədə çətinliklər olsa da, hazırda elmlə istehsal arasında körpü yaradan qurum da var.

- Əldə etdiyimiz nəticələrin praktikada təcrübəsini AMEA-nın Yüksək Texnologiyalar Parkının xətti ilə edirik. Oradakı şəraitə uyğun hesabladıq və onların texniki dəstəyi ilə respublikanın təlabatını tam təmin edəcək gücümüz var. Bizim institutda bir ədəd sterilizator var. Onun bütün gücünü öz işimizə yönəltsək, institutun elmi-tədqiqat işləri qalar. Bu iş üçün böyük bir maliyyə tələb olunmur. Bir-iki texnoloji avadanlılardır ki, onlar da asan başa gələndir.

Qeyd:

P.Muradov sonda onu da qeyd etdi ki, bu sahədəki tədqiqat işlərinə SSRİ dövrüqndə -1980-ci illərdən başlanılıb.

- Sonra məlum problemlər səbəbindən bu prosesdən uzaqlaşdıq. 2010-cu ildən bu işi təkmilləşdirdik. Yeni variantını axtardıq. Hazırda patentdən də çox məhsula sertifikat almaq daha sərfəlidir. Sertifikat almaq istəyirik. Sertifikat gələcəkdə xaricə çıxmağımıza da kömək edəcək.