1837
12:25
03 İyul 2019

Builki qəbul imtahanlarındakı uğursuzluğun səbəbləri açıqlandı - FAKT

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7, 14, 21, 28-də buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi), mayın 12-də I – IV, mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün qəbul imtahanı keçirib.

Təhsil eksperti Kamran Əsədov Lent.az -a imtahanların nəticələrini şərh edib.

Onun sözlərinə görə, aprelin 7-də keçirilən buraxılış imtahanında 27660 nəfər iştirak edib və 2 şagird onlara təqdim olunan bütün tapşırıqlara düzgün cavab verərək maksimum nəticə - 300 bal toplayıb.

Aprelin 14-də keçirilən buraxılış imtahanında 28634 nəfər iştirak edib və şagirdlərdən heç kim maksimum bal toplaya bilməyib.

Aprelin 21-də keçirilən buraxılış imtahanında 22499 nəfər imtahanda 2 şagird onlara təqdim olunan bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

Aprelin 28-də keçirilən imtahanda 19486 nəfər iştirak edib və heç kim maksimum bal toplaya bilməyib.

Beləliklə, 4 buraxılış imtahanında iştirak edən 98279 nəfərdən yalnız 4-ü onlara təqdim olunan bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb: “Qeyd edim ki, buraxılış imtahanında abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Qəbul imtahanları üzrə mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarında iştirak edən 32174 abituriyentdən bir nəfər ona təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb. Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarında iştirak edən 35423 abituriyentdən heç kim maksimum bal toplaya bilməyib. Beləliklə I, II, III, IV ixtisas qrupları üzrə qəbul imtahanda iştirak edən 67597 nəfərdən yalnız 1 nəfər I ixtisas qrupu üzrə ona təqdim olunan bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 400 bal toplayıb. Yay imtahan sessiyası üzrə I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən I ixtisas qrupu üzrə 7 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb”.

Ekspert vurğulayıb ki, ümumilikdə DİM-in XI sinif bazasından kurikulum proqramı əsasında aprel və may ayında keçirdiyi imtahanlarda iştirak edən 165876 nəfərdən 5 nəfər imtahanlardan maksimum bal toplasa da, bu il 700 bal olmadı və bundan sonra da mümkün deyil: “Yəni təhsil sistemi 2019-cu ildə maksimum nəticə göstərə bilmədi. Baxmayaraq ki, keçən il, 2018-ci ildə 29 nəfər 700 bal toplamışdı. Deməli, neçə illərdir qəbul və buraxılış imtahanlarında ortaya çıxan nəticələr təhsil sisteminin yox, repetitorluğun, hazırlıq kurslarının nəticəsidir”.

Ekspert onu da qeyd edib ki, nəticələrə baxanda yüksək bal toplayanlar arasında həmişə lisey məzunlarının mütləq olduğu görünür: “4472 orta ümumtəhsil məktəbinin nəticələrini təhlil edəndə görürük ki, özəl liseylərin, hazırlıq kurslarının nəticələri onlarla müqayisədə daha üstündür”.