1021
17:02
02 İyul 2019

14 yaşlı uşaq Həcc ziyarətinə gedə bilər? - YENİ QALMAQAL

Xəbər verdiyimiz kimi, bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd verənlərdən ən yaşlısı 1930-cu il təvəllüdlü (89 yaş) qadın, ən gənci isə 2005-ci il təvəllüdlü (14 yaşlı) oğlandır.
Mövzu ilə əlaqədar Lent.az -a danışan Hacı Surxay Məmmədli bildirib ki, Hicri-qəməri təqviminə əsasən namaz və oruc qız uşaqlarında 9 yaşdan, oğlan uşaqlarında isə 15 yaşdan sonra vacibdir:
“Ancaq istənilən yaşda Həccə getmək mümkündür. Bununla bağlı heç bir qadağa və ya məcburiyyət ola bilməz”.
Həkim terapevt Vəfa Zeynalova isə Lent.az -a açıqlamasında bildirib ki, 18 yaşına çatmamış şəxslərin Həcc ziyarətinə getməsi onlar üçün zərərlidir:
“Uşaqların isti iqlimə uyğunlaşması böyüklərə nisbətən zəifdir və uşaqlar isti havada dözümsüz olurlar. Bundan başqa həm Ərəb ölkələri isti olur, həm də ki, ziyarətə gedənlərin çox və sıx olmaları uşaqlar üçün narahatçılıq yarada bilər.
Həccə getdikdən sonra kiçik ziyarətlər də olur ki, bu zaman yemək, su qəbul etmək alınmır. Uşaqlar isə buna davam gətirə bilmir, çünki onların ac, susuz qalması orqanizmlərinə mənfi təsir göstərir. Bu təsir isə onlar qayıtdıqdan sonra üzə çıxır və problemlərə səbəb olur. Bu səbəbdən də 18 yaşdan aşağı olan şəxslərin Həcc ziyarətinə getmələrini məsləhət görmürəm”.
Xatırladaq ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib ki, artıq kvotanın dolmasına 130 yer qalıb.
Həmçinin sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir və ziyarətin qiyməti 4285 dollardır.