482
16:48
02 İyul 2019

Qaraciyər sirrozu, xərçənginin əsas səbəbi... Türkiyəli professor AÇIQLADI

Bunu e-tibb.az-a Ankara Universitetinin Qaraciyər transplantasiyası mərkəzinin professoru Abdulqadir Dökmeci bildirib.
Onun sözlərinə görə, qaraciyərdə yaranan problemlərinin, eləcə də sirrozun əsas səbəblərindən biri obezite, yəni artıq çəki, piylənmədir: “Sirroz təkcə hepatit virusları ilə əlaqəli deyil, qaraciyər sirrozunun ən əsas səbəblərindən biri də obezitedir. Obezite metabolik xəstəliklərin yaratdığı qaraciyər sirrozuna səbəb olur. Əvvəllər metabolik sirroz o qədər də dərin araşdırılmamışdı. Son 10-15 il ərzində görülən işlərdə xüsusilə obezitenin, qaraciyər yağlanmasının, qaraciyər sirrozunun və qaraciyər xərçənginin ən vacib səbəblərindən biri olduğu müəyyən edilib. ABŞ da daxil olmaqla bir çox ölkələrdə artıq uşaqlarda da obezite var. Uşaqların fəst-fud dediyimiz, orqanizm üçün zərərli olan qidalardan istifadəsi qaraciyərdə yağlanmaya və obeziteyə, daha yuxarı yaşlarda isə qaraciyər sirrozuna və xərçənginə səbəb olur”.
Professorun sözlərinə görə, qaraciyər sirrozundan ölün halları varis qanamaları dediyimiz qan qusmaq, qara ciyər koması, bəzən də qaraciyər çatışmazlığı səbəbindən olur: “Ən əsas ölüm səbəbi isə qaraciyər xərçəngidir. Əgər bu xəstəlik müalicə olunmasa, xoşagəlməz nəticələr yarada bilər. Qaraciyər sirrozunda və qaraciyər xərçəngində ən vacib müalicə üsulu qaraciyər transplantasiyasıdır. Bu transplantasiyada Türkiyə də çox irəlidədir. Canlı şəxslərdən qaraciyər nəql edilməsinə görə, Türkiyə Koreyadan sonra ikinci yerdədir. Türkiyədə və digər müsəlman ölkələrində əsasən canlı şəxsdən qaraciyər köçürülür. Təbii ki, hər əməliyyatın bəlli riskləri var. Qaraciyərini verən şəxsin əməliyyatında mində bir-iki ölüm halı ilə qarşılaşa bilərik. Amma ümumilikdə qaraciyər nəqli üçün canlı donorun böyük riski yoxdur. Canlı donorun qaraciyərinin 2/3-si xəstəyə köçürülür, 1/3-i donorun özündə qalır. Donorda qalan 1/3 qaraciyər 6 ay içərisində özünü tamamilə yeniləyir, böyüyür və normal vəziyyətə gəlir”.
e-tibb.az