308
14:20
02 İyul 2019

Fuad Abbasovdan açıqlama: "Artıq mənə aydın oldu ki..."

"Mayın 16-da heç bir xəbərdarlıq edilmədən yaşadığım binada 3 nəfər mülki geyimli şəxsin hücumuna məruz qaldım. Onlar özlərini təqdim etmədilər. Mənim yerimə kim olsa, onlara müqavimət göstərərdi".
APA -nın xəbərinə görə, bunu jurnalist Fuad Abbasov bu gün təşkil etdiyi mətbuat konfransında deyib.
"Mülki geyimlilər sonradan mənə hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu söylədilər. Məni Ximki Şəhər Məhkəməsinə gətirdilər. Məhkəmədə katibin iştirakı olmadan protokol tərtib etdilər, məni vəkillə təmin etmədilər. Hakim 15 dəqiqə ərzində hökm çıxardı. Mənə telefonla danışıq haqqı belə vermədilər. Bütün bunlardan sonra mənə aydın oldu ki, bu, kimlərinsə sifariş olub", - F. Abbasov vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarına, şəxsən səfir Polad Bülbüloğluna təşəkkür etdiyini deyən jurnalis əlavə edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi bir vətəndaş olaraq mənə sahib çıxdı.
F.Abbasov vurğulayıb ki, onun Rusiyaya girişinə 50 illik qadağa qoyulub. O, Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya da təşəkkür edib.
F.Abbasov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları təcridxanada onunla görüşüblər: "İyunun 7-də aeroporta gedərkən heç bir səbəb olmadan məni yenidən təcridxanaya qaytardılar. Beləliklə, naməlum şəxsin göstərişi ilə orada qalası oldum. Biz ölkəyə qayıtmaq üçün hətta iki dəfə bilet almışdıq".
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F. Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.