478
17:55
01 İyul 2019

Vilayət Eyvazovdan işçilərinə BAYRAM TƏBRİKİ

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini bayram münasibətilə təbrik edib.
Lent.az sözügedən təbriki olduğu kimi təqdim edir:
“Hörmətli həmkarlar!
Yarandığı gündən şərəfli bir yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət etmiş, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşmiş, dövlətin əsas dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Möhtərəm Prezident tərəfindən bu peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər birinizin gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir.
Əminəm ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəkdir.
“Polis günü” münasibətilə bütün şəxsi heyəti, veteranlarımızı, torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram!
Bayramınız mübarək!”.
Xatırladaq ki, iyunun 27-də Prezident İlham Əliyev Daxili İşlər naziri Vilayət Eyvazovun rütbəsini artırıb və ona general-polkovnik rütbəsi verilib.