331
16:20
01 İyul 2019

Azərbaycanlı qadın bu aeroportun 600 mininci sərnişini oldu

Moskvanın Vnukovo Beynəlxalq Hava Limanından "Buta Airways"la Bakıya uçan əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ülkər Bayramova olub.
APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, 600 mininci sərnişinin qeydiyyatdan keçməsi münasibəti ilə Vnukovo Beynəlxalq Hava limanında tədbir keçirilib.
Tədbirdə Vnukovo Beynəlxalq Hava limanının baş direktorunun müavini Anton Kuznetsov, Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Rusiya üzrə nümayəndəliyinin rəhbəri Rahib İsayev və Bakı istiqamətində uçan sərnişinlər iştirak ediblər.
Tədbirdə çıxış edən "Vnukovo" aeroportunun baş direktorunun müavini Anton Kuznetsov Azərbaycan Hava Yolları QSC ilə əməkdaşlıq etməkdən məmnun olduqlarını bildirib. O, 2015-ci ildən AZAL-la birgə əməkdaşlıq etdiklərini vurğulayıb: "Bizim aeroportdan Bakı, eləcə də Azərbaycanın digər şəhərləri olan Qəbələ, Gəncə və Lənkəran istiqamətlərinə müntəzəm uçuşlar həyata keçirilir. Həftədə Azərbaycana 26 reys həyata keçirilir ki, bu da həmin müddətdə 6 mindən çox sərnişin deməkdir".
AZAL-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri R. İsayev 600 mininci sərnişinin "Buta Airways"in payına düşməsinin sevindirici hal olduğunu qeyd edib.
Daha sonra 600 mininci sərnişin Ü. Bayramovaya "Vnukovo" aeroportu və AZAL adından hədiyyələr təqdim olunub.