455
14:00
01 İyul 2019

Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi nigarandır: "Deyirlər ki, özü məktub yazmaq istəmir"

Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri iyun ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb.
Bu barədə Lent.az -a danışan Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib ki, görüş barədə məlumatsızdır:
“Bununla bağlı nə mənə yeni xəbər verilmətib. Qardaşımdan yeni foto, video və ya məktub da ailəmizə göndərilməyib”.
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə bildirib ki, ona bu barədə BQXK-dan məlumat verilib:
“Şifahi məlumat verildi ki, görüş baş tutub. Atamdan isə 1 il 8 aydır nə məktub, nə video əldə edə bilmirəm. Hər dəfə soruşduqda, yaxşı olduğunu deyərək, atamın bizə məktub yazmaq istəmədiklərini deyirlər”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.