Minsk-2019: Hacı Əliyev daha bir ermənini məğlub edərək finala yüksəlib - YENİLƏNİB
26 iyun 2019 19:35 (UTC +04:00)

Minsk-2019: Hacı Əliyev daha bir ermənini məğlub edərək finala yüksəlib - YENİLƏNİB

 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş məlumatına görə, sərbəst güləş yarışlarında yarımfinal mərhələsi başa çatıb.
 
Sonuncu finalçılar 97 kq çəki dərəcəsində müəyyənləşib. Azərbaycan təmsilçisi Nurməhəmməd Hacıyev ukraynalı Murazi Mçedlidze ilə üz-üzə gəlib.
7:0 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. O, sabah keçiriləcək həlledici görüşdə rusiyalı Olimpiya və üçqat dünya çempionu Abdulraşid Sadullayevlə qarşılaşacaq.
 
Qeyd edək ki, bu gün yarımfinal qarşılaşmasını keçirən digər güləşçimiz Hacı Əliyev (65 kq) finala yüksəlib.
 
***
 
19:17
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib.
 
APA-nın Minskə ezam olunmuş məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər yarımfinal görüşlərinə çıxıblar.
 
Azərbaycan təmsilçisi Hacı Əliyev ukraynalı Hor Ohanesyanla üz-üzə gəlib. Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. 
 
İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hessblı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.
 
Bundan əvvəl 1/8 finalda da erməni rəqibini yenən H.Əliyev sabah keçiriləcək finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan daha bir sərbəst güləşçimiz yarımfinal qarşılaşmasına çıxacaq. Nurməhəmməd Hacıyev (97 kq) ukraynalı Murazi Mçedlidze ilə üz-üzə gələcək.
 
 
14:34
 
Azərbaycanın iki güləşçisi yarımfinala yüksəlib
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güləş yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün mübarizəyə qoşulan Azərbaycan yığmasının üç güləşçisi xalça üzərinə çıxıb.
 
 
 
 
65 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev 1/8 finalda ermənistanlı Valodya Franqulyana (Ermənistan) 6:0 hesabı ilə qalib gəldikdən sonra belaruslu Georgi Koliyevlə üz-üzə gəlib. Güləşçimiz 7:5 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun rəqibi ukraynalı Hor Ohanesyan olacaq.
 
Nurməhəmməd Hacıyev (97 kq) öncə polşalı Radoslav Barana 8:0, 1/4 finalda gürcüstanlı Elizbar Odikadzeyə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi ukraynalı Murazi Mçedlidze olacaq.
 
Qadın güləşində çıxış edən İrina Netreba (68 kq) yarışa uğursuz başlayıb. 1/8 finalda Cenni Franssona (İsveç) uduzan təmsilçimiz rəqibin finala yüksəlməsini gözləməyə məcburdur.
 
Qeyd edək ki, bu gün start götürən çəki dərəcələrində yarımfinal, həmçinin bir gün əvvəl mübarizəyə başlayan kateqoriyalarda medal qarşılaşmaları saat 19:00-da başlayacaq.
 
13:30
 
 
 
Minsk-2019 II Avropa Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir. 
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün daha 3 Azərbaycan güləşçisi mübarizəyə start verir. 
 
Sərbəst güləşçilərimizdən Hacı Əliyevin debütü qələbə ilə əlamətdar olub. 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və üçqat Avropa çempionu 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0. Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gələcək. 
Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək. 
 
86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.  
 
125 kq çəkidəki Cəmaləddin Məhəmmədov bürünc medal qarşılaşmasında təsəlliverici görüşünü qalib kimi başa vuran rumıniyalı Rares Kintoanla üz-üzə gələcək.
# 854
avatar

Oxşar yazılar