288
15:01
24 İyun 2019

1653 çağrı mərkəzinə zəng vur: psixoloqlarla əlaqə yarat

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan verənlərə dəstək vermək məqsədilə yeni layihəyə start verib.

DİM-dən Lent.az -a bildirilib ki, layihə çərçivəsində psixoloji maarifləndirmə və dəstək xidməti verilir. İmtahanlarda iştirak edənlər imtahanlardan əvvəl, hazırlıq prosesində və imtahanlardan sonra 1653 qaynar xəttə zəng vuraraq 2 düyməsini basmaqla psixoloqlarla əlaqə yaradıb onlarla psixoloji xarakterli söhbətlər edə, öz qayğılarını paylaşa, eləcə də stressin və kənar təzyiqlərin idarə olunması, məqsədlərin aydınlaşdırılması və digər mövzularda məsləhətlər ala bilərlər.

Xidmət həftə içi hər gün saat 09:30-dan 17:30-a qədər fəaliyyət göstərir.

DİM qeyd edib ki, imtahanlar bir çox şəxs üçün stress və gərginliklə müşaiyət olunur. Çox vaxt sosial çevrənin təzyiqi altında imtahanların mənası təhrif olunur və gənclər və yeniyetmələr yanlış olaraq imtahanlara özlərinin bir şəxs kimi dəyərinin müəyyən olunması vasitəsi kimi baxırlar. Bu cür yanaşma imtahanlardan əvvəl lazımsız dərəcədə psixoloji gərginliyə, imtahan zamanı təlaşa, imtahandan sonra isə məyusluğa səbəb olur.

Bu tip hallarda düşüncələrin düzgün idarə edilməsi və sosial çevrə ilə münasibətlərin tənsimlənməsi imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə və alınan nəticələrdən düzgün nəticələr çıxarılmasına tövhə verə bilər.