Minsk-2019: Azərbaycan cüdoçuları günü 1 gümüş və 1 bürünc medalla başa vurublar - YENİLƏNİB
23 iyun 2019 18:49 (UTC +04:00)

Minsk-2019: Azərbaycan cüdoçuları günü 1 gümüş və 1 bürünc medalla başa vurublar - YENİLƏNİB

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan yığması daha iki medal qazanıb.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, hər iki mükafat kişi cüdoçuların 73 kq çəki dərəcəsində əldə olunub.
 
Azərbaycan millisinin açılış mərasimindəki bayraqdarı Rüstəm Orucov finalda isveçli Tommi Maçias ilə üz-üzə gəlib.
Tatamidən məğlubiyyətlə ayrılan Rio-2016-nın finalçısı həm Avropa Oyunlarının, həm də Avropa çempionatının gümüş medalını qazanıb.
 
Digər idmançımız Hidayət Heydərov 3-cü yer uğrunda qarşılaşmada Laşa Şavdatuaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. 51-ci saniyədə ipponla qalib gələn təmsilçimiz bürünc mükafatçı olub.
 
16:34
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin 73 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçuları növbəti qarşılaşmalarını keçiriblər.
 
Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov yarımfinalda yunanıstanlı Georgios Azoidislə qarşılaşıb. Cüdoçumuz inamlı qələbə ilə finala yüksəlib. O, həlledici görüşdə isveçli Tommi Maçias ilə üz-üzə gələcək.
Təsəlliverici görüşdə mübarizə aparan Hidayət Heydərov ermənistanlı Ferdinand Karapetyana qalib gəlib. Onun bürünc medal uğrunda qarşılaşmadakı rəqibi Laşa Şavdatuaşvili (Gürcüstan) olacaq.
 
15:15
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin 73 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçuları növbəti qarşılaşmalarını keçiriblər.
 
Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyana qalib gəlib. Hidayət Heydərov isə yunanıstanlı Georgios Azoidisə məğlub olub.
Yarımfinala yüksələn R.Orucov komanda yoldaşını mübarizədən kənarlaşdıran yunan rəqiblə üz-üzə gələcək. Təsəlliverici görüşdə mübarizə aparacaq H.Heydərov digər təmsilçimizə uduzan F.Karapetyanla qarşılaşacaq.
 
14:12
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün Azərbaycanın üç idmançısı tatamı üzərinə çıxıb.
 
Rüstəm Orucov və Hidayət Heydərov 73 kq çəki dərəcəsində mübarizəyə başlayıblar. Hər iki idmançımız yarışa 1/16 finaldan start veriblər.
R.Orucov öncə monakolu Sedrik Bessini məğlub edib. Açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı olan Olimpiya mükafatçımız 1/8 finalda italiyalı Fabio Basileni mübarizədən kənarlaşdırıb. İdmançımız 1/4 finalda ermənistanlı Ferdinand Karapetynla üz-üzə gələcək.
 
1/16 finalda macarıstanlı Mikloş Unqvari ilə görüşən H.Heydərov da mərhələni uğurla adlayıb. O, 1/8 finalda israilli Din Gemeri də məğlub edib. Təmsilçimiz 1/4 finalda yunanıstanlı Georgios Azoidislə güləşəcək.
 
Qadın idmançımız Nuriyə Axundova (63 kq) ilk qarşılaşmada rumıniyalı Stefaniya Adelina Dobreyə uduzaraq mübarizəni 1/16 finalda dayandırıb.
 
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu məğlub olub. 
# 744
avatar

Oxşar yazılar