"Təbiəti özümüz bu günə qoyuruq" - nazirlik rəsmisi tullantılardan <span style="color:red;">DANIŞDI
21 iyun 2019 16:36 (UTC +04:00)

"Təbiəti özümüz bu günə qoyuruq" - nazirlik rəsmisi tullantılardan DANIŞDI

“Tullantıların hara gəldi atılması, düzgün idarə olunmaması ən aktual məsələlərdən biridir və bu bizi də çox narahat edir”.
 
Bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. O bildirib ki, tullantıların idarə olunması vəziyyətini qaneedeci saymaq olmaz:
 
“Bu, insanların daha çox istirahət üçün üz tutduqları təbiətdə, istirahət yerlərində müşahidə edilir. Çayların vadilərinin, dəniz kənarlarının, meşəliklərin tullantılarla çirkləndirildiyi hamıya bəllidir. Bəziləri hələ də məişət tullantılarını çaya, dənizə atmaqdan çəkinmir. Ona görə dənizdən, çaylardan daim sellofan torbalar, plastik və müxtəlif tullantılar sahilə çıxır, yaxud çayların vadilərində zibillər qalaqlanır. 
 
Xüsusilə vurğulamaq lazımdır ki, təbiət qoynuna istirahətə gedənlər, istirahət mərkəzlərində dincələnlər və istirahət-iaşə obyektlərini idarə edənlər yaranan tullantıları hara gəldi atır və ya tullantı üçün xüsusi ayrılan sahələrin olmasına diqqət etmir. Yəqin hər kəs mənimlə razılaşar ki, özümüz təbiəti bu günə qoyuruq. Problemin özəlliyi də odur ki, məsələnin mərkəzində hamımız dayanırıq, yəni uşaqdan böyüyə hamımız. Məncə, bu problemi birlikdə həll etməliyik. Yalnız cərimə ilə iş bitmir. Tərəfimizdən tez-tez reydlər keçirilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur. Ancaq bu o demək deyil ki, ərazi çirkləndirilməli və biz məcburi göstəriş verməliyik, cərimə etməliyik, onlar da təmizləməlidir”. 
 
İ.İbrahimova əlavə edib ki, təmizlənən əraziyə müəyyən vaxtdan sonra yenə də tullantılar atılır:
 
“Düzdür, bu, tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı danılmazdır, amma zibili atan da özümüzük axı... Evimizin içindəki zibili çıxarıb, evimizin kandarına atırıq, nəfəs aldığımız havanı, üstündə gəzdiyimiz torpağı çirkləndiririk. Görəsən, niyə biz özümüz özümüzə bu qədər biganəyik, niyə təbiətimizə laqeyidik? 
 
Heç olmasa, ölkəmizə gələn qonaqlara, turistlərə görə bunu etməyək. Bir sözlə, hamılıqla təbiətə qayğı ilə yanaşaq ki, o bizdən üz döndərməsin. Hər kəsin işi ekologiyaya, təbiətə zərər vurmaq yox, təbiəti qorumaq olmalıdır. Heç bir halda təbiətə, ətraf mühitə neqativ təsir olunmamalıdır”.
 
Xatırladaq ki, nazirliyin yaydığı məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib və faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilərək, ona inzibati qaydada 2 500 manat məbləğində cərimə tətbiq olunub.
 
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə reydlər zamanı ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə “Karvan Palase”, “Xəzri” ictimai iaşə obyektlərinin icraçı direktorları Məhluqə Qibləliyeva və Zahid Hüseynov barəsində protokol tərtib olunub, hər biri vəzifəli şəxs qismində 3 000 manat məbləğində cərimə edilib.
“City Beach” istirahət mərkəzinin məsul şəxsi Zöhrə Əliyevaya isə fiziki şəxs kimi 800 manat məbləğində cərimə tətbiq olunub.
# 913
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar