Minsk-2019: Boks yarışı rekord və debütlə tarixə düşəcək
21 iyun 2019 12:12 (UTC +04:00)

Minsk-2019: Boks yarışı rekord və debütlə tarixə düşəcək

Bu gün start götürəcək II Avropa Oyunlarının boks yarışları rekord və debütlə əlamətdar olacaq.
 
APA-nın Belarusa ezam olunmuş əməkdaşının məlumatına görə, Avropa Boks Konfederasiyası Minskdəki yarış ərəfəsində maraqlı faktları açıqlayıb.
 
10 gün davam edəcək yarışda kişilər on, qadınlar 5 çəki dərəcəsində mübarizə aparacaqlar. Kişi boksçuların yarışı həm də Avropa çempionatı statusu daşıyacaq və mükafatçılara eyni vaxtda iki titula yiyələnəcəklər.
Yarışda 317 idmançı iştirak edəcək. Bunlardan 59-u qadın, 258-i kişi boksçudur. Onlar rekord sayda – 44 ölkənin təmsilçiləridir.
 
İki ölkə - Lüksemburq və Monako tarixlərində ilk dəfə bu səviyyəli yarışda mübarizə aparacaq.
 
Minsk 1998 və 2013-cü illərdə olduğu kimi, 3-cü dəfə Avropa çempionatına ev sahibliyi edir.
 
Konfederasiya Avropa Oyunlarında 10 və daha artıq boksçu ilə təmsil olunacaq 17 ölkəni xüsusi vurğulayıb. Bu yığmalardan biri də Azərbaycan millisidir. Komandamız 10 kişi və 1 qadın idmançı ilə Minskə yollanıb.
 
Azərbaycan millisi kişilərin mübarizəsində tam heyətlə çıxış edəcək 10 komandadan biridir. Yığmamız kimi Almaniya, Belarus, Bolqarıstan, Ermənistan, Gürcüstan, Böyük Britaniya, Macarıstan, İtaliya, Ukrayna da 10 kişi boksçu ilə təmsil olunub. Həm kişi, həm qadınların çəkilərində nümayəndəsi olan ölkələr isə Rusiya və meydan sahibi Belarusdur.
 
Tarixdə ilk dəfə 69 kq və 75 kq çəki dərəcələrində 1/32 final döyüşləri baş tutacaq. Bu çəkilərdə müvafiq olaraq, 33 və 34 atlet rinqə çıxacaq. Kişilərin 49 kq kateqoriyasında cəmi 16 idmançı yarışacaq. Qadınlarda isə bir çəkidə 11, digərlərində 12 boksçu mübarizə aparacaq.
 
Avropa Boks Konfederasiyası “Avropa Oyunlarında onları izləmək lazımdır” bölməsində yarışa qatılan tanınmış idmançıların siyahısını  da açıqlayıb. Burada Azərbaycan boksçuları da yer alıblar. Cavid Çələbiyev, Lorenzo Sotomayor, Məhəmməd Abdullayev və Kamran Şahsuvarlı əvvəlki uğurlarına görə fərqlənənlər sırasına düşüb.
# 918
avatar

Oxşar yazılar