Gürcüstan parlamentində gərginlik: Rusiya nümayəndəsinə görəiclas dayandırıldı
20 iyun 2019 15:24 (UTC +04:00)

Gürcüstan parlamentində gərginlik: Rusiya nümayəndəsinə görəiclas dayandırıldı

Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası gürcüstanlı və rusiyalı deputatlar arasında baş verən gərginlik səbəbi ilə yarımçıq qalıb. APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, gərginliyin səbəbi Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun assambleyanı Gürcüstan parlament sədrinin kreslosunda əyləşərək idarə etməsi olub. Müxalifət partiyalarının nümayəndələri bu duruma etiraz ediblər və bunun gürcü xalqı üçün utancverici olduğunu bildiriblər.
 
Gürcüstan parlamentinin “Avropalı Gürcüstan” partiyasından olan üzvü Akaki Boboxidze ilə rusiyalı millət vəkili arasında mübahisə isə qarşıdurmaya çevrilib. A.Boboxidze rusiyalı millət vəkilinin üstünə su atıb. Daha sonra nümayəndələr iclas zalını tərk ediblər.
 
Gürcüstan Parlamentinin “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib ki, assambleya öz işini başqa yerdə davam etdirəcək.
Assambleyanın keçirildiyi bir vaxtda parlament binasının ətrafında aksiya keçirilib. İştirakçılar rusiyalı millət vəkili Sergey Qavrılovun ölkəyə buraxılmasına etiraz ediblər.
 
Müxalifət yaranmış vəziyyətə görə parlamentin sədri İrakli Kobaxidzeni günahlandırıb. “Avropalı Gürcüstan” partiyasının sədri David Bakradze baş verən hadisələrə görə parlamentin sədrinin məsuliyyət daşıdığını bildirib, onun istefasını tələb edib. Qeyd edib ki, partiyanın üzvləri yaranmış vəziyyətə görə tezliklə parlament sədrinin impiçment prosesini başladacaqlar.
 
"Vahid Milli Hərəkat” partiyasının üzvü Salome Samadaşvili isə bildirib ki, rusiyalı deputatların ölkəyə buraxılması doğru deyil.
 
Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilov daha əvvəl Abxaziya və Osetiyada artıq müstəqil dövlətlər mövcud olduğunu və Gürcüstanın bu reallıqla barışmalı olduğunu bəyan edib. Bundan başqa, S. Qavrilovun separatçı Abxaziya rejiminin tərəfində Gürcüstana qarşı döyüşdüyü barədə məlumatlar yayılsa da, o bu iddiaların əsassız olduğunu bildirib. 
# 601
avatar

Oxşar yazılar