156
13:03
20 İyun 2019

Bakıda Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
APA -nın məlumatına görə, beynəlxalq konfrans AMEA Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin təşkilatçılığı təşkil edilib.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanın tarixi daha dərindən öyrənilir, yeni-yeni əsərlər, tarix irsimizə aid tərcümələr ortaya çıxır: "Bu istiqamətdə A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün keçirilən konfrans ötən əsrin 60-cı illərindən başlayan özünəqayıdış prosesinin daha geniş miqyasda ifadəsidir. Nadir şah Azərbaycan tarixində çox geniş yer tutmuş şəxsiyyətlərdən biridir. Şah İsmayıl Xətai dövründə Türkiyə ilə Azərbaycan arasında yaranmış gərginliyi o, bütün varlığı ilə dəf etməyə çalışmışdır. Düzdür Qərb ölkələri bunu istəmədiyinə görə Nadir şah bu yolda arzularını tam həyata keçirmədi. Amma bununla belə Azərbaycan tarixində böyük yer tutan, adı kimi nadir şəxsiyyətdir. Düşünürəm ki, gənc nəsil onun şəxsiyyətini daha yaxından öyrənməlidir".
Akademik bildirib ki, bugünkü tədbir təkcə Nadir şahı tanıtmaq tərəfindən yox, həm də Türkiyə, İran və başqa ölkələrdəki qaynaqlar əsasında yenidən tədqiq olunması baxımından böyük əhəmiyyətə malikdir.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında qeyd edib ki, Nadir şah tarixdə üç imperiyanı - çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdardır: “Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu həqiqət deyil! Onun kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, fərariləri, satqınları, qiyamçıları, mərkəzi hakimiyyətə qarşı çıxanları cəzalandırırdı”.
Yaqub Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyevin əsərləri, o cümlədən Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarix elmində ən mühüm nailiyyətlərdən biridir.
Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya, Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, tarix elmləri doktoru Mehman Süleymanov, professor Ədalət Tahirzadə, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazıçı Yunus Oğuz və Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar çıxışlarında bildiriblər ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir.
Elmi konfransda “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” adlı kitabın təqdimatı da keçirilib. Kitabın müəllifləri akademik Yaqub Mahmudov və professor Tofiq Mustafazadədir. Kitab Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrin elmi redaktoru tarixçi alim Mehman Süleymanovdur.
İyunun 21-də yekunlaşacaq beynəlxalq konfransda “Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda və tarixşünaslıqda”, “Nadir şah Əfşar: dahi sərkərdə və dövlət xadimi”, “Nadir şah Əfşarın daxili siyasəti” və “Nadir şah Əfşarın xarici siyasəti” bölmələri üzrə məruzələr dinləniləcək.
Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də qatılıblar.