Vüsal Qasımlı: "2019-cu il tarixə inqilabi sosial islahatlar ili kimi daxil olacaq"
19 iyun 2019 18:50 (UTC +04:00)

Vüsal Qasımlı: "2019-cu il tarixə inqilabi sosial islahatlar ili kimi daxil olacaq"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının APA-ya müsahibəsi
 
- Prezident İlham Əliyevin minimum əməkhaqqının, diaqnostikadan keçmiş müəllimlərin, dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması ilə bağlı sərəncamlarını dəyərləndirmənizi istərdik...
 
- Prezident 18 iyun 2019-cu il tarixində inqilabi sosial islahatlar paketinin növbəti mərhələsini təqdim edib. Bu islahat paketində minimum əməkhaqqının, diaqnostikadan keçmiş müəllimlərin, dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması nəzərdə tutulub. Minimum əmək haqqının artırılması indiki islahat paketinin əsas məğzini təşkil edir. Xatırladım ki, bu il fevralın 8-də Prezident minimum əməkhaqqının 130 manatdan 180 manata qədər artırmışdı, 38,5 faizlik artım olmuşdu. Dünən isə artıq Prezident tərəfindən minimum əməkhaqqı ikinci dəfə artırıldı, 180 manatdan 250 manata çatdırıldı. Beləliklə, 1 il ərzində minimum əməkhaqqı 2 dəfəyə qədər artıb ki, bu, kifayət qədər yüksək göstəricidir. Əgər fevralın 8-də minimum əməkhaqqının artırılması 600 min nəfəri əhatə edirdisə, indiki halda 950 min insan əhatə olunur. Bu insanların 300 mini özəl sektorda, 600 mindən çoxu isə dövlət sektorunda çalışan vətəndaşlardır. Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən əlavə olaraq illik 780 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
 
İkinci istiqamət dövlət qulluqçularının maaşlarıdır. Dövlət qulluqçularının maaşları 50 faiz artırılır. Hərbi və hüquq-mühafizə orqanlarında çalışanların həm pul təminatları, həm aylıq vəzifə maaşları da 40 faiz həddində artır. Həm peşə, həm də ümumtəhsil məktəblərində diaqnostikadan keçən müəllimlərin maaşlarında isə 20 faiz artım olacaq. Burada kontingent 160 min nəfərdir. 160 min müəllimin maaşlarını 20 faiz artırmaq üçün dövlət büdcəsindən əlavə 240 milyon manat vəsait tələb olunur.
 
Bütövlükdə Prezidentin təqdim etdiyi bu sosial paket 2 milyona yaxın insanı əhatə edəcək, maliyyə tutumu isə 1 milyard manatdan artıqdır. Əgər biz ilin əvvəlindən aparılan sosial islahatları nəzərə alsaq, bütövlükdə bu sosial islahatların maliyyə yükü 3 milyard manatdan artıqdır. Bu da dövlət büdcəsindən maliyyələşdiriləcək.
 
- Bu sosial islahatları hansı amillər şərtləndirir?
 
- İndiki halda bu sosial islahatların aparılması tamamilə qanunauyğundur. Prezidentin rəhbərliyi altında aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı güclənir. Məsələn, Azərbaycan iqtisadiyyatı bu ili 3 faizdən çox artımla başa vuracaq. Bunu həm Azərbaycan hökuməti, həm Dünya Bankı, həm də digər mötəbər qurumlar bəyan edir. Digər tərəfdən, iqtisadiyyat gücləndikdə həm də şəffaflıq, hesabatlılıq artır. Xüsusən vergi və gömrük sahəsində aparılan islahatlar imkan verib ki, dövlət büdcəsinin gəlirləri artsın. Dövlət büdcəsinin gəlirləri artdıqca artıq Prezident tərəfindən siyasi qərar qəbul edilir ki, artan gəlirlər birbaşa əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilsin. Yəni onların maaşlarının, pensiyalarının, müavinətlərinin və digər ödənişlərinin artırılması təmin edilib.
 
- Azərbaycanda son artımdan sonra minimum əməkhaqqı Cənubi Qafqaz ölkələri ilə müqayisədə hansı səviyyədədir?
 
- Bu artımlardan sonra Azərbaycanda minimum əməkhaqqı artıq alıcılıq qabiliyyəti pariteti ilə götürəndə MDB məkanında ikinci yerdədir. Bu baxımdan biz Şərq Tərəfdaşlığı ölkələri arasında birinci yerdəyik. Aydın məsələdir ki, biz minimum əmək haqqına görə Cənubi Qafqaz ölkələri arasında birinci yerdəyik. Hazırda Azərbaycanda minimum əməkhaqqı həm Ermənistan, həm də Gürcüstandan daha çoxdur. Azərbaycanda hazırda minimum əməkhaqqı 147 dollardır, Gürcüstanda minimum əmək haqqı 65 dollar ətrafındadır. Yəni Gürcüstandan 2,5 dəfə çoxdur. Əgər Azərbaycan MDB-də ikinci yerdədirsə, deməli, Ermənistan və Gürcüstandan çox qabaqdayıq.  
 
- Əmək haqlarının artması iqtisadi canlanmaya necə təsir göstərəcək? İnflyasiya ehtimalı nə qədərdir?
 
- Aparılan sosial islahatların iqtisadiyyata da müsbət təsiri olacaq. Əhalinin gəlirlərinin artması tələb iqtisadiyyatı nöqteyi-nəzərindən iqtisadi aktivliyi canlandırır. İqtisadi aktivliyin canlanması isə ölkənin ümumdaxili məhsulunun artması deməkdir. Heç bir inflyasiya təzyiqi yoxdur. Çünki builki sosial paket, sosial artımlar hamısı 2018-ci ildən başlayaraq 2019-cu ilin dövlət büdcəsi tərtib olunarkən büdcədə əvvəlcədən nəzərdə tutulub. Yəni büdcənin həm gəlirlər, həm də xərclər hissəsində nəzərdə tutulduğundan əlavə hansısa mənbələrdən istifadə olunmayıb. Ona görə də emissiya effekti yoxdur. Bu isə o deməkdir ki, Azərbaycanda aparılan sosial islahatlar və təqdim olunan paket heç bir inflyasiya, devalvasiya kimi neqativ hallara gətirib çıxara bilməz.
 
Təsadüfi deyil ki, ilin əvvəlindən Azərbaycanda sosial layihələr həyata keçirilir. Prezident fevral ayında verdiyi sərəncamlarla bütövlükdə 3 milyona yaxın vətəndaşımızı əhatə etməklə 2 milyard manatdan artıq vəsaitin xərclənməsinə qərar verib, amma inflyasiya aşağı düşüb. Hazırda Azərbaycanda inflyasiya 2,4 faizdir. Bu o deməkdir ki, atılan addımların iqtisadi təsirləri də müsbətdir. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Çünki bu, bir tərəfdən, insan inkişafı indeksinin yaxşılaşmasıdır, əhalinin gəlirləri artır, təhsil sahəsində islahatlar davam edir. Digər tərəfdən isə Azərbaycanda sosial bərabərliyin daha da gücləndirilməsi, əhalinin gəlirlərinin daha ədalətli bölgüsü ilə bağlı əmsal olan Cini əmsalının daha da yaxşılaşması deməkdir. Onsuz da Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan Cini əmsalının aşağı səviyyəsi ilə səciyyələnirdi. Azərbaycan Cini əmsalının səviyyəsinə görə birinci yerdədir. Davos İqtisadi Forumunun hesablamalarına görə, ən yaxşı, ən ədalətli gəlirlərin bölgüsü Azərbaycanda həyata keçirilir.
 
Onu da nəzərə almaq lazımdır ki, minimum əməkhaqqının artırılması daha çox azgəlirli adamların gəlirlərini artırır. Bu baxımdan da həm minimum əməkhaqqının artırılması, həm hərbi, hüquq-mühafizə, dövlət orqanlarında və ümumtəhsil, peşə məktəblərində maaşların artımı Azərbaycanda sosial ədalətin gücləndirilməsi, əhali gəlirləri arasında fərqin azaldılması baxımından çox böyük əhəmiyyət kəsb edir.
 
Bir anons da verə bilərəm. Artıq Prezident öz imzası ilə “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişiklik barədə layihəni Milli Məclisə göndərib. Bu da o deməkdir ki, oktyabrın 1-dən minimum pensiyaların da həcmi 160 manatdan 200 manata qədər artacaq. Bu da 25 faiz artımdır. Beləliklə, bu il ərzində Azərbaycan həm pensiyalar, həm də əmək haqları nöqteyi-nəzərindən MDB-də ilk üçlükdə lider mövqeyini qoruyacaq.           
 
 - Azərbaycanda əmək haqlarında ilk dəfədir ki, 40 faiz artım müşahidə olunur. Bunu necə dəyərləndirmək olar?
 
- 2006-cı ildə Azərbaycanda minimum əmək haqqı 30 manat idisə, indi 250 manatdır. Yəni biz, buna mərhələ-mərhələ gəlib çatmışıq. Prezident İlham Əliyevin hakimiyyəti illərində sosial siyasət həmişə öndə olub. Yəni iqtisadiyyatın imkanları artdıqca, büdcənin gəlirləri artdıqca həmişə sosial layihələr həyata keçirilib. Burada qeyri-adi heç nə yoxdur.
 
2015-ci Azərbaycan iqtisadiyyatı ciddi xarici şoklarla qarşılaşdı. Neft qiymətləri kəskin düşdü, devalvasiya oldu. Eyni zamanda xarici ticarət partnyorlarımızda, xüsusən Rusiya və Qazaxıstanda resessiyalar baş verdi. Ona görə iqtisadiyyat 2016-cı ildə böhrana girdi. Amma Prezident strateji yol xəritələrini tərtib etdi, onların həyata keçirilməsinə başlandı. Beləliklə, böhranın qarşısı alındı, 2017-ci il sabitləşmə ili oldu, 2017-ci ilin son rübündən iqtisadi artım cüzi də olsa, bərpa edildi. 2018-ci ildə 1,4 faiz artım oldu, 2019-cu ildə isə artıq iqtisadi artımın yüksək səviyyəsinə keçmişik. Gördüyünüz kimi, indi imkan yarandı ki, bu sosial layihələr həyata keçirilsin. Prezident 2018-ci il aprelin 11-də Azərbaycan xalqının etimadını qazanaraq yenidən dövlət başçısı seçilərkən verdiyi vəd ondan ibarət idi ki, sosial rifah layihələri həyata keçiriləcək. Təsadüfi deyil ki, Prezident növbəti dəfə xalqın etimadını qazanandan sonra verdiyi ilk sərəncam şəhid ailələri ilə bağlı oldu, onlara verilən müavinətlər təmin edildi. Bu, 2018-ci ilin aprelindən davam edən prosesdir. İqtisadiyyatın imkanları genişləndikcə, gəlirlərimiz artdıqca bu gəlirlər sosial rifahını yaxşılaşmasına sərf olunacaq. Yəni iqtisadi gəlirlərimizi sosial rifaha çeviririk. Ona görə də burada qeyri-adi yanaşma yoxdur. Hesab edirəm ki, bu, tam təbii qanunauyğunluqdur. Bayaq pensiya ilə bağlı qanununun parlamentə təqdim edildiyini dedim. İlin sonuna da bəzi belə layihələr nəzərdə tutulur. 2020-ci ilin yanvarından artıq Azərbaycanda icbari tibbi sığorta bütün respublika üzrə təqdim ediləcək. Bu, səhiyyədə böyük inqilabi islahat deməkdir. İslahatlar kəsilməz, geri dönməz, davamlı, məqsədyönlüdür. İslahatlar davamlı olaraq Azərbaycanı irəli aparır. Dünya Bankının "Doing Business" hesabatına əsasən, dünyanın 190 ölkəsi arasında ən çox islahat aparan ölkəyik. Keçən il "Doing Business" indikatorlarının 10-dan 8-də islahat qeydə alınıb. Bizdən sonrakı ölkələrdə - Çində, Hindistanda, Türkiyədə 6-7 indikator üzrə islahat qeydə alınıb. Təbii olaraq, Azərbaycanın dünyanın ən islahatçı ölkəsi kimi qiymətləndirilir. Düşünürəm ki, bu il də Azərbaycanın bu statusu qorunacaq. Çünki islahatlar davam edir, geri dönməz xarakter alıb. Sosial islahatlar da bunun bir hissəsidir. Yəni bizim siyasi islahatlarımız davam etdikcə sosial islahatlar onu müşayiət edir. Biz Avropanın yaxın tarixini götürsək, bəzi ölkələrdə siyasi islahatların radikal vaxtlarında bütün ağırlıq əhalinin üzərinə qoyulmuşdu. Azərbaycanda isə bu, əksinədir. Azərbaycanda 2015-ci ildə neft qiymətləri kəskin düşdükdən sonra heç bir sosial proqram təxirə salınmayıb, dayandırılmayıb. Əksinə, sosial proqramlar genişləndirilib. İqtisadi islahatlarla bərabər sosial islahatlar da aparılıb. Mənə elə gəlir ki, 2019-cu il tarixə inqilabi sosial islahatlar ili kimi daxil olacaq.   
 
- Növbəti mərhələdə cəmiyyətin hansı qrupları üçün belə artımlar proqnozlaşdırılır? Növbəti üçüncü paket necə olacaq?
 
- Artımlar davamlıdır, həmişə olacaq. Bütün istiqamətlərdə həmişə artım olacaq.
# 1217
avatar

Oxşar yazılar