Müalicə üçün xaricə daha çox kimlər gedir? - <span style="color:red;">PROBLEMİN həlli yolları
19 iyun 2019 16:34 (UTC +04:00)

Müalicə üçün xaricə daha çox kimlər gedir? - PROBLEMİN həlli yolları

Azərbaycandan İrana müalicə üçün gedənlərin sayında yenidən artım nəzərə çarpır.

İnsanların müalicə üçün İrana üz tutmasının bir çox səbəbləri var. Səbəblərdən biri həmin ölkədə müalicənin nisbətən ucuz olmasıdırsa, digər səbəb həkimlərə olan inamdır. Azərbaycanda qoyulan diaqnoza inanmayanlar da xəstələrini İrana aparırlar. Təbii ki, maddi imkanları daha yaxşı olanlar Türkiyə və digər ölkələrə də üz tuturlar.   

Ekspertlər hesab edir ki, bu cür kütləvi axının qarşısını ancaq icbari tibbi sığortanın tətbiqi ilə almaq mümkündür.

Professor Adil Qeybulla Lent.az-a bildirib ki, müalicə üçün İrana gedənlərin sayında arada azalma olsa da, yenə artır. Onun sözlərinə görə, İran valyutasının dəyərinin aşağı düşməsi buradan müalicə üçün gedənlər üçün sərfəli olur: “Hazırda müalicə üçün İrana axın yüksəkdir. Bunu etiraf etmək lazımdır. İrandan sonra xəstələrin üz tutduğu ikinci ölkə Türkiyə, üçüncü Almaniyadır. ABŞ-a və başqa ölkələrə gedənlər də var. Bu insanların maddi imkanından asılıdır”.  

Xəstələrin düzgün müalicə olunmamasının, ağırlaşma  hallarının tibbin inkişaf etdiyi ölkələrdə də baş verdiyini xatırladan A.Qeybulla təbabətdə ən son yeniliklərin tətbiq olunduğu Amerikanın da bu kimi hallardan sığortalanmadığını deyir.

Təbabətdə özfəaliyyətin doğru olmadığını qeyd edən professor həkimlərin məsuliyyət daşımadığı hallardan danışıb: “Təbabət özfəaliyyət deyil. Kim nə istəyirsə, edə bilməz. Beynəlxalq protokollar var. Həkimin apardığı müalicə prosesini yoxlayanda onun protokola necə əməl etməsi əsas tutulur. Əgər həkim xəstəni həmin protokolla yoxlayıbsa, artıq heç bir məsuliyyəti qalmır. Sadəcə, bəzən protokoldan kənara çıxmalar  olur. Bu, xəstənin əmək qabiliyyətinin qismən və ya tamamilə itirilməsinə səbəb olursa, hüquqi məsuliyyət məsələsi ortaya çıxır”.

Həkim deyir ki, Türkiyə, Almaniya və ya Amerikaya maddi vəziyyəti yaxşı olanlar gedir: “Kasıb insanlar daha çox İrana üz tuturlar. İcbari tibbi sığorta tətbiq olunduqdan sonra bu sahədə münasibətlər tamamilə dəyişəcək. Milli səhiyyəyə inam və digər məsələlər də dəyişəcək. Təbii ki, Qərb standartlarına uyğun icbari sığorta tətbiq olunsa, xaricə müalicə üçün gedənlərin qarşı alınacaq və xeyli valyutanın Azərbaycanda qalmasına imkan yaranacaq. Bu sahəni tənzimləmək üçün icbari tibbi sığorta təsdiq olunmalıdır. Proses qayda-qanunla, beynəlxalq standartlara uyğun aparılmalıdır”.

Professor onu da qeyd edib ki, Türkiyədə təbabət Azərbaycandan ağıla gəlməz dərəcədə yüksəkdir: “Türkiyədə Amerika təbabətidir. İranda da Qərb təbabətidir. Mütəxəssislər hamısı xaricdə çalışıb gəlir. Həmin ölkələrdə təbabətin təşkili, peşəkarlıq baxımından bizdən üstünlükləri var, biz onu etiraf etməliyik. Amma bu o demək deyil ki, bizdə peşəkarlıq yoxdur. Bizdə sovet təbabəti olub. Qərb təbabətinin də kadrları yavaş-yavaş gəlirlər. Azərbaycanda da xeyli inkişaf var. Qısa zaman ərzində Azərbaycanda da hər sahənin öz mütəxəssisi olacaq. Artıq müəyyən sahələr üzrə xeyli mütəxəssislər var. Əvvəl ürək  cərrahiyyəsi ilə tək-tək adamlar məşğul idisə, indi bəlkə 20-dən çox mütəxəssis var”.      

Qeyd edək ki, İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçinin sözlərinə görə, hər il 300 min xarici vətəndaş müalicə üçün bu ölkəyə səfər edir. İran bu yolla 1,2 milyard dollar gəlir əldə edir.

Nazir müavini əlavə edib ki, qonşu ölkələrin, o cümlədən İraq, Əfqanıstan, Azərbaycan və Pakistan vətəndaşları müalicə üçün İrana daha çox üz tuturlar.

# 1003
avatar

Aygün İbrahimli

Oxşar yazılar