608
15:03
19 İyun 2019

Paytaxtdakı su problemi – SƏBƏB AÇIQLANDI

Havalar istiləşməyə başlayandan paytaxtın bəzi ərazilərində suyun kəsilməsi, təzyiqin azalması baş verir və bununla bağlı vətəndaşlar redaksiyamıza müraciət edirlər.
Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, su ilə bağlı ciddi sıxıntılar yoxdur:“Suyun verilişində müəyyən lokal problemlər yaranır və çalışırıq ki, onları da maksimum qısa vaxtda aradan qaldıraq. Suraxanı rayonu, Bahar qəsəbəsində suyun verilişində çətinliklər yaşanırdı və bu gün artıq həmin əraziyə suyun verilişi bərpa olundu.
Kür-Bakı su xəttində qəza var idi. Bununla bağlı Qaradağ rayonunun bəzi qəsəbələrində suyun verilişi dayandırıldı və artıq qəza aradan qaldırılıb.
Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən hündürmərtəbəli binalarda suyun təzyiqinin az olduğu üçün yuxarı mərtəbələrdə müəyyən problemlər yaşanırdı”.
A.Cəbrayıllı əlavə edib ki, Xətai rayonunun bəzi yerlərində, xüsusən də Naximov küçəsi və Zığ ərazisində içməli su ilə bağlı müəyyən problemlər yaranıb:
“Bu problemləri də aradan qaldırırıq. Su fasilələrinə isə daha çox yarımadanın Şərq tərəfində rast gəlinir. Bizim işçilərimiz 24 saat iş başındadır və çalışırlar ki, su ilə bağlı problemlərin qarşısı qısa müddətdə alınsın. Bildiyiniz kimi, yayda insanlar bağlara köçdüyündən daha çox sudan istifadə edilir. Bu zaman tələbat da artır, qışla müqayisədə daha çox fasilə və ya təzyiqin azalması baş verir. Bunları da həll etmək üçün hidravlik rejimlər daim tənzimlərin, anbarlardakı ehtiyatların optimal idarə olunması və siyirtmələrin işçi vəziyyətinə nəzarət edilməklə yaranan çətinlikləri həll edirik. Bununla bağlı işlərimiz davam edir”.