“Heç bir rəqibdən çəkinmirik” - Boks üzrə Azərbaycan millisinin baş məşqçisi
18 iyun 2019 11:55 (UTC +04:00)

“Heç bir rəqibdən çəkinmirik” - Boks üzrə Azərbaycan millisinin baş məşqçisi

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun APA-ya müsahibəsi
 
- Yığmamız II Avropa Oyunlarında iştirak üçün Minskə yollanıb. Yarışda tam heyətlə təmsil olunacaq boks komandamızın hazırkı durumu necədir?
 
- Yığmamız artıq təlim-məşq toplanışını başa vurub. Hazırlığın son mərhələsini Özbəkistanın Anqren şəhərində keçdik. Məşqlərə yerli komandanın heyətində altı Olimpiya iştirakçısı, Oyunların iki qalibi də qatılmışdı. Bizimlə yanaşı, Qazaxıstan da təlim-məşq toplanışı üçün Özbəkistanı seçmişdi. Gərgin məşqlər oldu, boksçular yaxşı təcrübə qazandılar. Artıq bərpa dövrünü bitiriblər. Hər şey qaydasındadır. 
 
- Hazırlığın gərgin keçdiyini dediniz. Heyətdə fiziki və psixoloji vəziyyət necədir?
 
- Heyətdə zədəli boksçumuz yoxdur. Bunun üçün bir sıra işlər də görülmüşdü. 1-2 idmançımızın əlində xırda zədələr var ki, bu da problem yaratmayacaq və həkimlər yarışın startına kimi hər şeyi yoluna qoyacaq. Komandanın funksional hazırlığı əla səviyyədədir. Psixoloji baxımından da hər şey qaydasındadır. Hər bir boksçumuz öz gücünə inanır. Başa düşürlər ki, bu yarış çox vacibdir. 
 
- II Avropa Oyunları həm də Avropa çempionatı statusunu daşıyır. Bu da əlavə stimul və əlavə məsuliyyətdir. Sizcə, bu amil idmançılara necə təsir edəcək?
 
- Həm Avropa Oyunlarında, həm də Avropa çempionatında uğur qazanmaq üçün boksçuların motivasiyası yüksəkdir. Minskə gələn heyətdə yer alanların hamısının son turnirlərdə qələbələri də xeyirlərinə işləyən amildir. Hamısı başa düşür ki, hər bir rəqibə qarşı vuruşmaq, qalib gəlmək olar. 
 
- Bəs komandada kimləri fərqləndirərdiz? Belə deyək, hansı boksçular sizin favoritinizdir?
 
- Mən heyətdə yer alanların hər birinə inanıram. II Avropa Oyunlarına hər çəkidə ən güclü boksçu ilə yollanmışıq. Komandamda konkret favorit yoxdur. Hər şey həm püşk, həm də həmin gün idmançının əhval-ruhiyyəsindən asılıdır. Amma bir daha təkrar edirəm, komandamda hamıya inanıram. Gənc boksçularımız püxtələşiblər, digərlərinin kifayət qədər təcrübələri var. Bu səbəblərdən düşərgədə ab-hava yüksək səviyyədədir. İnanıram ki, yarışda da bundan məharətlə yararlanacağıq. 
 
- Püşkdən söz düşmüşkən, yəqin ki, hansı ölkənin hansı boksçu ilə gələcəyini bilirsiniz. Bizim üçün çətin rəqiblər varmı?
 
- Dünya boksu demək olar ki, bərabərləşib. Amma liderlər var. Hər ölkə bəzi çəkilərdə fərqlənir. Minskə gələcək heyətləri tanıyırıq. Çıxışlarının videolarını izləyib, lazımı analizlər aparmışıq. Yığmalara gəldikdə, Rusiya, Ukrayna, Böyük Britaniya, İrlandiya güclü heyətə malikdir. Bolqarıstan, İtaliya və Fransada ayrı-ayrı çəki dərəcələrində liderlər var. Hər şey püşkdən asılı olacaq. 
 
- Azərbaycan millisi I Avropa Oyunlarında medal siyahısında birinci olub. Doğma divarlar arasında azarkeş dəstəyi ilə əldə olunan bu uğuru təkrarlamaq Minsk-2019-da nə dərəcədə realdır?
 
- Düz qeyd etdiniz, evdə mübarizə apardıqda azarkeşlərin dəstəyi də böyük kömək olur. Artıq yarış Bakıda deyil, Minskdədir. Bu səbəbdən bir az çətin olacaq. Amma qeyd etməliyəm ki, Azərbaycan boksu yüksəlişdədir. Heç bir rəqibdən qorxmuruq, çəkinmirik. Hər bir qələbə üçün sonadək də vuruşacağıq. Bunu azarkeşlər də görəcək.
 
- Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev Milli Olimpiya Komitəsində Minsk-2019-un iştirakçıları ilə görüşdə boksçularımızdan 1 qızıl, 1 gümüş və 2 bürünc medal gözlədiyini deyib. Sizin proqnozunuz necədir?
 
- Bəli, təxminən 4-5 medal gözləyirik. 
 
- Avropa Oyunlarının iştirakçıları ilə görüşdə həmişəki kimi boksçularımıza böyük ümidlər bəslənildiyi bildirilib. Bununla bağlı sizin fikirləriniz necədir?
 
- Hər yarışda deyil, hər bir görüşdə məsuliyyətimizi dərk edirik. Təbii ki, yarışın reytinqi yüksək olduqda, məsuliyyət də yüksəlir. Avropa Oyunları da reytinqli turnirdir. Hər görüşdə boksçunun çıxışı, döyüş taktikasının məsuliyyəti məşqçinin üzərinə düşür. Ümidləri doğrultmağa çalışacağıq. 
# 522
avatar

Oxşar yazılar