“Uran istehsalını 4 dəfə artırmışıq” - İran Atom Təşkilatının sözçüsü
17 iyun 2019 19:40 (UTC +04:00)

“Uran istehsalını 4 dəfə artırmışıq” - İran Atom Təşkilatının sözçüsü

“Uran istehsalını 4 dəfə artırmışıq və iyul ayının 1-də istehsal edəcəyimiz uranın miqdarı 300 kiloqramı keçəcək”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran Atom Təşkilatının sözçüsü  Behruz Kəmalvəndi keçirdiyi mətbuat konfransında deyib. 
 
B.Kəmalvəndi uranın zənginləşdirilməsi sürətini daha da tezləşdirəcəklərini qeyd edib: “Ağır su səhiyyə, müalicə və xəstəliklərin təyin edilməsi sahəsində geniş istifadə olunur. Bu səbəbdən bu sahədə də yeni nailiyyətlərimiz olub. Mümkündür ki, qarşıdan gələn illərdə ölkə daxilində istifadə edəcəyimiz ağır su həcmini artıraq”.
 
B.Kəmalvəndi çıxışında Avropa ölkələrinə də səslənib: “Avropa ölkələri öhdəliklərini yerinə yetirməkdə aciz olduqlarını bildiriblər. Onlar üçün əgər Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması önəmlidirsə, daha çox səy göstərməlidirlər. İran İslam Respublikası bir il səbir edib və bundan artıq səbir etməyəcək. İranın atacağı addımlar Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindədir”.
 
O qeyd edib ki,  İran  Ərak reaktorunun öncəki layihəsini yenidən bərpa etməyi planlaşdırır. İranın 3.67 faizdən artıq uran zənginləşdirmə imkanının olduğunu deyən B.Kəmalvəndi  bildirib ki, bu faiz dərəcəsi 3.68 və ya ondan yuxarı da ola bilər: “Bu, ölkə rəhbərliyinin qərarından asılıdır”. 
 
İranın radiodərman istehsalçısı olan şirkətinin ABŞ tərəfindən sanksiyaya məruz qaldığını deyən B.Kəmalvəndi ABŞ-ın bu addımını terror adlandırıb: “Sevindirici haldır ki, problem yaranmadı, çünki bizim istehsal üçün lazımi potensialımız var. Nüvə enerjisi sənayesi üzrə bütün sahələrdə  çox yaxşı nailiyyətlərimiz var və olacaq. Hamımız ali liderin fərmanını gözləyirik. Bu sənaye yatmayacaq”.
# 756
avatar

Oxşar yazılar