Xəstəxanalar bu məsələ ilə bağlı hər ay hesabat verəcək
16 iyun 2019 10:13 (UTC +04:00)

Xəstəxanalar bu məsələ ilə bağlı hər ay hesabat verəcək

Nazirlər Kabineti “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nı təsdiq edib.
 
APA-nın məlumatına görə, Qayda  2020-ci il yanvarın 1-dən, ölkə üzrə icbari tibbi sığortanın tətbiq ediləcəyi müddətdən qüvvəyə minir.
 
Bu Qayda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Nazirlər Kabinetinin müəyyən etdiyi tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin nümunəvi formasına uyğun olaraq müqavilə bağlamış təchizatçılara şamil edilir və müvafiq təchizatçı üçün həmin müqavilənin qüvvədə olduğu müddətdə etibarlıdır.
Təchizatçı tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş hesabat formasına daxil edilən məlumatlar aşağıdakılardır:
 
- təchizatçının adı və hüquqi ünvanı (ünvanı);
 
- təchizatçının Agentliklə bağladığı müqavilənin tarixi və nömrəsi;
 
- hesabatın təqdim olunduğu dövr;
 
- icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növü və sayı;
 
- icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərilmiş sığortaolunanların sayı;
 
- sığortaolunanın təchizatçıya müraciət müddəti;
 
- icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin məbləği (ƏDV daxil edilməklə);
 
- azadolma məbləği (ƏDV daxil edilməklə);
 
- icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmət üzrə sığorta ödənişinə təqdim edilmiş məbləğ (ƏDV daxil edilməklə);
 
- icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə sığorta ödənişinə təqdim edilmiş ümumi məbləğ (ƏDV daxil edilmədən);
 
- icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə tətbiq edilən ƏDV;
 
- icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə sığorta ödənişinə təqdim edilmiş ümumi məbləğ (ƏDV daxil edilməklə).
 
Təchizatçılar hər ayın 15-dən gec olmamaq şərtilə ötən təqvim ayı üzrə icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatı təchizatçı fiziki şəxs olduqda imzası, hüquqi şəxs olduqda rəhbərin imzası və möhürü ilə təsdiq etməklə Agentliyə təqdim edirlər.
# 749
avatar

Oxşar yazılar