1836
13:56
14 İyun 2019

Məktəblərdə axan göz yaşları: bu dəfə sevincdən - MARAQLI GÖRÜNTÜLƏR

Bu gün Azərbaycanın orta məktəblərində "Son zəng" qeyd olunur. Məktəbi bitirən şagirdlər müstəqilliyə doğru addım atsalar da, həm də "Son zəng" gələcəyin məsuliyyətli mərhələsinə girişdir.
Xatırladaq ki, 2005-ci ilə qədər orta məktəblərdə “Son zəng” günü 25 mayda keçirilirdi. 2005-ci ildən sonra 31 mayda keçirilən məzun günü, 2016-cı ildən etibarən keçmiş təhsil naziri Mikayıl Cabbarovun “Son zəng” tədbirlərinin keçirilməsi əmrinə əsasən iyun ayının 14-də təşkil olunur.
Lent.az -ın əməkdaşları bu günlə bağlı olaraq Bakı şəhərində bir neçə orta məktəbdə olub. Onlardan biri də 160 nömrəli Klassik Gimnaziya idi. Bu gün şagirdlər qədər valideynlər və müəllimlər də sevinir. Bir kənardan sıra ilə dayanaraq “Son zəng”i izləyən valideynlərin simasından sevinc, həyəcan hissi ilə birlikdə narahatlıq da hiss olunur. Bəzi valideynlər isə kənardan övladlarına baxaraq, kövrəlir. Bəlkə də onların kövrəlməsinə səbəb elə bu gün məzun olan uşaqlarının balacalıqlarını xatırlamaqlarıdır.
Artıq məktəbi bitirərək, özlərinin böyüdüyünü hiss etməyə başlayan 11-cilər isə sevinc ilə bu günlərini fərqli yaşamağa can atırlar. Bəziləri qucaqlaşır, bəziləri şəkil çəkdirir, bəziləri isə sanki hələ də məktəbi bitirdiyinə inana bilmir.
Musiqi sədaları altında davam edən tədbirdə bizimlə söhbətləşən valideynlər övladlarına olan inamlarından ağız dolusu danışır və onların universitet həyatına da şahidlik etmək istədiklərini bildirirlər.
Və budur Gimnaziyanin direktoru Faina Ələkbərova mikrofonu əlinə götürür və valideynlərlə birlikdə bizim də diqqətimiz ona yönəlir. F.Ələkbərova da kifayət qədər həyacanlıdır:
"Bu gün möhtəşəm gündür. Siz 11 il burada oxumusunuz. Siz deyirdiniz ki, nə vaxt axı məktəbi qurtaracaqsınız, bu gün həmin gündür. Bəziləriniz hətta məktəbə gələndə ağlayırdınız. Biz ümid edirik ki, məktəbdən sonra olan həyatınız hamı üçün uğurlu olacaq".
Direktorun təbrikindən sonra isə “Son zəng” tədbiri “Lalələr ansamblının rəqsi və müxtəlif ifalar, rəqslərlə davam edir.
Əlavə edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir müəssisənin ərazisində təşkil olunur.
Həmçinin 2018/2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir.
Və sonda Lent.az olaraq bu gün məktəblə vidalaşacaq olan şagirdləri, həm də onların valideynlərini təbrik edirik!
“Son zəng” son yox, BAŞLANĞICDIR!