Seyid qurşağından hamiləlik, qaçan şikəstlər, yanan təyyarədən qurtuluş... – <span style="color:red;">Səbuhi Məmmədli pirdən yazır
11 iyun 2019 19:15 (UTC +04:00)

Seyid qurşağından hamiləlik, qaçan şikəstlər, yanan təyyarədən qurtuluş... – Səbuhi Məmmədli pirdən yazır

...- Sən əlini paqqapaq qaynar samovardan tökülən suyla yuya bilərsən?

- Yox! Axı niyə soyuq, ya ilıq suyla yumayım ki?

- Amma ağa yuyurdu. Bir dəfə Dəliməmmədliyə bir yalançı seyid gəlib. Oturub çayxanada çay içirlərmiş. Ağam görüb ki, bu adam yalançıdır, çayçını çağırıb ki, samovarı qaynat. Samovar qaynayan kimi ağa suyu açıb qaynar-qaynar əl-üzünü yuyub. Dəsmallanıb, həmin adama da deyib ki, buyur, indi də sən əlini yu. O da səhvini boynuna alıb, ağanın ayağına düşüb ki, qələt eləmişəm.

 

Dəliməmmədlidən bizi Qurbanzadə kəndinə aparan sürücü danışır bunları. 60-65 yaşı olar. Əslən elə o kənddəndir. Qurbanzadə kəndinin adı isə son iki gündə medianın gündəmini zəbt edib. Hə, o məşhur video-roliki deyirik. Bəzilərinin “qaloş piri”, bəzilərinin papaqla müalicə edilən seyid ocağı dediyi məkan məhz bu kənddə yerləşir. Əslində isə bura seyid Miribiş ağanın yaşadığı evdir. Qapının üstünə də elə beləcə yazılıb: QARA SEYİD MİR İBİŞ AĞA MİRMAHAMMAD AĞA OCAĞI.

 

Həmin o videoda gördükləriniz də məhz bu həyətdə baş verib. Bəs kimdi Mir İbiş ağa?

 

Deyilənə görə, Mir İbiş Ağa Azərbaycana təxminən ötən əsrin 30-cu illərində İrandan gəlib. İndiki Goranboy ərazisində məskunlaşıb. Burda ev-eşik qurub. Ətrafda onun seyid nəslindən olduğunu bilənlər tədricən ziyarətinə gəlməyə başlayıblar. Və beləcə, bu ətrafda məşhurlaşıb.

 

Seyid Mir İbiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Və həmin ildən bəri övladları, sonra isə nəvələri hər il iyunun 8-də ehsan süfrəsi açırlar. Bura ziyarətə gələnlərə ehsan verirlər. Və beləcə, bu mərasim 47 ildir ki, davam edir.

 

Biz o mərasimə, orada baş verənlərə qayıdacağıq. Əsil həqiqəti siz də biləcəksiniz. İndilikdə isə yenə sürücümüzü dinləyək:

 

- Ağaya şəkk etmək günahdır. Ağzın əyilər, kor olarsan, əlin-ayağın quruyar, sonra heç ocaq da kömək eləməz. Bax, bu yanda - əlini Boz dağa tərəf uzadır - rusların böyük bir aerodromu vardı. Bir dəfə məşq zamanı təyyarənin biri düşür yerə, alovlanır. Amma partlamır. Qorxudan heç kim yaxınlaşa bilmir. Ağanı aparırlar, əlini salıb təyyarəçini alovun içindən dartıb çıxarır.

 

- Siz özünüz bunu görmüsünüz?

 

- Yox, danışıblar. Belə möcüzələri çoxdu ağanın.

 

- Qurbanolduğum təyyarəyə çatana kimi o yanmır?

 

Söhbəti dəyişir:

 

- Deyirlər, Əzizbəyov tərəfdən – Goranboyda kənd adıdır - şikəst, əli-ayağı iflic bir kişi gəlib, 3 saat bu ocaqda yatandan sonra sapsağlam gedib.

 

- ...

 

- Çatırıq, bax, buradır...

 

***

 

Geniş bir həyətdir. Mərasim də elə bu həyətdə keçirilib. Bizi Mir İbiş ağanın nəvəsi Mir İsmayıl qarşılayır. Söhbətə isə giley-güzarla başlayır:

 

- Heç bir qaloşdan söhbət belə gedə bilməz. Qardaşım Mir Xəlilin əlindəki babamın papağıdır. Sellofan paketdədir, qatlanmış şəkildə. Xəlil də onu ocağa gələnlərin başlarına sürtür. Adətən bu ayini mən edirəm. Həmin vaxt başım ehsan süfrəsinə qarışdığından Xəlilə tapşırdım. Kiminsə bizim ocağı gözü götürməyib, çəkib veriblər internetə.

 

Mir İsmayıl deyir ki, ayın 8-i, yəni babasının ildönümü günü onların qapısına 2 mindən çox adam gəlib.

 

- Təsəvvür edin, 200 kilo düyünün aşı, 150 kilo ətin qarası, 100 kilo unun lavaşı, 150 kilo qatığın dovğası, bunun salatı, halvası, şirin çörəyi. Biz hər il belə böyük ehsan veririk. Azərbaycanın hər yerindən axışıb, bura gəlirlər. Burada bişirilən ehsandan dadırlar. Ziyarətə gələnlərin bəziləri özləri ilə konfet, şirniyyat gətirilər. Biz də bu şirniyyatları büstün yanında stolun üzərinə qoyuruq həmişə. Adamlar büstə yaxınlaşanda onlara şirniyyat, konfet veririk.  Çoxu ağanın istifadə etdiyi əşyaları görməyi, onlara toxunmağı tələb edir. Çoxları bu əşyaların kəraməti haqda eşidib. Bizdən xahiş edirlər ki, onları məhz biz seyidin nəvələri üstlərinə sürtsünlər.

Yenə deyirəm, hamı Ağanın hansısa əşyasına toxunmaq istəyir. Nicat, şəfa istəyir. Övlad istəyir, dilinin, gözünün açılmasını istəyir. Yaramazın biri də yalandan “qaloş piri” deyib, bizi biabır edib. Biz neynirik ki? Biri qənd gətirir, biri toyuq gətirir, biri konfet. Ağanın adını çəkib əllərimizi çəkirik ki, gedib şəfa tapsınlar. Həmin papağı 80 il başında gəzdirib babam. 47 ildir biz onu qoruyuruq. Sellofana ona görə salmışıq ki, hərə bir az toxunsa, papaq xarab olub gedəcək. Həm də biz onu qorumalıyıq. Ondan biz nəvə-nəticələrə qaldığı kimi biz də nəvə-nəticələrimizə ötürməliyik. O papağa görə şəfa dalınca gəlirlər, şəfa tapıb gedirlər.

 

- O papağın hansısa möcüzəsini deyə bilərsiniz?

 

- O qədər olub... Bura qadın gəlib ki, 20 ildir uşağı olmurmuş. Ağanın papağıyla sığalladıq. Gələn il qucağında uşaq gəldi, gətirib qurban kəsdilər. Bura şikəst gəlib, qaça-qaça gedənlər olub.

 

- Bəs qəndi niyə dişləyib verirsiz?

 

- Gələn adam deyir ki, seyid, cəddinə qurban olum, qəndi sən dişlə ver ki, cəddin kömək etsin, səbəb salsın. Deyir, o papağı sən bizim başımıza çək. Biz də çəkirik, nə pislik edirik ki?

 

Mir İsmayıl deyir, biz heç kimi bu ocağa zorla dartıb gətirmirik. Deyir, biz ehsan veririk, onlar da nəzir. Kimi qənd gətirir, kimi konfet, kimi pul qoyub gedir, kimisi də qoyun-quzu.

 

- Biz də Allah qəbul etsin, deyirik. Bu mərasimi təşkil etmək bizim boynumuzun borcudur. Nə qədər varıq, hər il iyunun 8-də ehsan verəcəyik.

 

Evə keçirik. Otaqların birində Mir İbiş ağanın şəxsi əşyaları saxlanılır. Və Mir İsmayılın dediyinə görə, onların hər biri müqəddəsdir. Şəfa mənbəyidir. Hə, bu da məşhur papaq. Düzdür, sellofanda deyil, amma doğrudan da çox köhnəlib. Bundan sonra neçə il insanlara şəfa verəcəyini bir Allah bilir. Doğrudan da hər keçən ona toxunsa, əl vursa, süzülüb gedəcək. Bu isə seyidin qurşağıdır. Hamilə qalmaq istəyən qadınlar onu bellərinə bağlayırlar. 9 aydan sonra möcüzə. Bu isə Mir İbiş ağanın çəliyi. Bu isə şəxsən istifadə etdiyi çaydan. Ağanın büstünü isə ailəyə hədiyyə ediblər. Bu büst də şəfavericidir deyirlər. Niyyət tutub əlini büstə sürtsən, şəfa taparsan, arzuna çatarsan. Sözün açığı, belə bir istəyim vardı, amma niyyət tuta bilmədim, ağlıma da bir şey gəlmədi. Görünür, bəsirət gözüm bağlanıb. Allah hidayət eləsin! Odur ki, Allah keçsin günahımdan.

 

Bu vaxt evə qonaqlar gəlir. Onlar da söhbətə qoşulurlar. Məlum olur ki, ayın 8-dəki mərasimə gecikiblər, amma yenə də ziyarətdən vaz keçməyiblər.

 

- Bura bizim inanc yerimizdir, heç kimsə bizim ziyarətimizə mane ola bilməz. Azərbaycanın bütün bölgələrindən inanan, tanıyan insanlar gələrək həmin günü seyidin ocağında keçirmək istəyir.

 

- Axı mane olan da yoxdur.

 

Bu vaxt Mir İsmayıl söhbətə müdaxilə edir:

 

- Hər il ocağa gələnlərin sayı artır. Biz hesablayırıq axı. Məsələn, bu il keçən ilə nisbətən 200 adam artıq gəlib. Eyni vaxtda 600 nəfər ehsana oturur. Qapını ağzı tünlük olur deyə, növbəylə girirlər içəriyə. Hamı dərdinin əlacını, şəfasını burda görür, biz nə yamanlıq edirik ki? O qaloş məsələsiylə bağlı mən polisə, prokurorluğa rəsmən müraciət edəcəm. Nə qaloş-qaloş salıblar. Ayıbdı…

 

***

 

Baş verənlərlə bağlı Goanboy rayon icra hakimiyyətini başçısının müavini Elçin İsmayılovla əlaqə saxlayırıq. Dövlət rəsmisi deyir ki, bu məsələylə bağlı başçının digər müavini Mirvari Ağamalıyevə məlumat verə bilər. Gün boyu Mirvari xanımın həm iş, həm də mobil telefonu cavab vermədi.

 

Əvəzində, Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimovla danışdıq.

 

- Nə qaloş? Bu kənddə "Qaloş piri" deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seyidin papağıdır. İnsanlardı papağa toxunub, şəfa istəyirlər.

Mehman İbrahimov Lent.az-ın əməkdaşına hədə-qorxu gəlməyi də unutmadı:

 

- Ora kimsə şəkk edə bilməz. Təxribatla məşğul olmayın.

 

Kəndin bələdiyyə sədri Sevda Vəliyeva isə Kəpəz TV-yə bildirib ki, sosial media bu məsələni böyüdüb, problemə çevirib. “Bura hamının inanc yeridir, uzun illər sınanan bir seyiddir. Camaat ona inanıb gəlir və bu ocaqdan da öz diləyini diləyir”.

 

***

 

Allah hamının köməyi olsun. Biz Qurbanzadədən çıxanda qaş qaralırdı. Sürücümüz maşını işə salıb, yerini rahatladı və... Allahı çağırıb, tərpəndi...

 

Səbuhi MƏMMƏDLİ

Bakı- Dəliməmmədli- Qurbanzadə

 

# 3907
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar