262
12:51
10 İyun 2019

II Avropa Oyunlarında medal qazanacaq Azərbaycan idmançılarına nə qədər mükafat veriləcək?

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək mükafatların məbləği bəlli olub.
APA -nın məlumatına görə, mükafatlar barədə Milli Olimpiya Komitəsində nümayəndə heyəti ilə təşkil olunan görüşdə məlumat verilib.
Qurumun vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, yeni qərar verilməsə, Avropa Oyunları üçün mükafatlar 4 il əvvəl Bakı-2015-dəki kimi olacaq.
2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.
Qeyd edək ki, Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək.