372
17:10
04 İyun 2019

ETSN-dən ov turizmi ilə məşğul olanlara MÜRACİƏT

"Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü 1 iyun tarixindən etibarən açıq elan edilib. Lakin ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər".
APA -nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, ov mövsümünün açılması istənilən yerdə ov edilməsinə icazə demək deyil: "Vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir. Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl etmədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk.Qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir. Məqsədimiz ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir".
ETSN-in Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov isə bildirib ki, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir: "Quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır.Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər".
F.Məmmədov deyib ki, ova icazə verilərkən heyvanat aləminin bioloji xüsusiyyətləri əsas götürülür: "Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən etibarən açıq elan edilib. Ov mövsümü 2020-ci il martın 7-dək davam edəcək. Ovçular Nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Alınmış ov icazəsində ovun müddəti, ov üçün nəzərdə tutulmuş ərazi, ovlanacaq quş və heyvanın sayı dəqiq göstərilir. Ovçular bu tələbləri pozduğu halda məsuliyyətə cəlb edilir. Vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar.Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına ciddi əməl etsinlər, icazə olmayan yerlərdə - sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır".