3467
12:14
04 İyun 2019

Ramazan bayramı hansı gündür? - Dindarlar arasında ZİDDİYYƏTLİ FİKİRLƏR

Ramazan bayramının hansı tarixdə qeyd olunması ilə bağlı hər il olduğu kimi, bu il də müəyyən fikir ayrılıqları ortaya çıxır. İnanclı insanların bəzilərin ayın göründüyünü iddia edərək, bu səbəbdən də Ramazan bayramını məhz bu gün qeyd edirlər. Qonşu Türkiyədə də bayram bu gün qeyd olunur.

Əslində, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumatlar əsasında müəyyən bir tarix qeyd olunub və Azərbaycanda Ramazan bayramı 5-6 tarixlərində qeyd olunacaq.

Lent.az bildirir ki, dinşünas alim Nəriman Qasımoğlu sosial şəbəkədə bu məsələ ilə bağlı fikirlərini paylaşıb. “Ramazan ayı girər-girməz, bitər-bitməz, müsəlmanlar yenə də fikir ayrılıqlarındadır” yazan alim “Ay nə zaman görünür", "Ramazan bayramı nə zaman keçrilməlidir" sualları ətrafında insan ayağının çoxdan bəridir Aya dəydiyi, planetlərarası uçuşları gerçəkləşdirməyin yolları arandığı bir dövrdə də bu fikir ayrılığı gündəmi zəbt edir”, -deyə qeyd edir: “Bu ay təqviminin Ramazanı necə ola bilər ki, Tehranda, Bağdadda, Məkkədə, İstanbulda, Bakıda və başqa şəhərlərdə fərqli tarixlərdə başlasın və bitsin? Məsələ burasındadır müsəlmanlar gözlərini göyə dikib hilalı, bu aydoğdunu fərqli günlərdə görürlər. Belə hesab edirlər ki, aydoğdunu sadəcə ya gözlərilə, ya da teleskopla görməlidirlər ki, ay nə zaman başlanır deyə qərar versinlər. Yəni, astronomik ayın, təqvim ayının girişi onları maraqlandırmaz, çünki bu zaman aydoğdu görünməyə bilər. Hərçənd OXU Ramazanın aydoğdunun görülməsi ilə deyil, təqvim ayı olaraq başlanılmasına verilən şəhadətlə daxil olmasını açıqca vurğulayır. Mətnin əsli belə deyir: “şəhru ramada:na-l-ləzi: unzilə fi:hi-l-qur'ə:nu hudən li-n-nə:si va bəyyinə:tin minə-l-hudə: va-l-furqa:ni fəmən şəhidə minkumu-ş-şəhra fəlyasumhu”. Tərcüməsi: “Ramazan ayı ki var, onda insanlara bələdçilə Ayırddan aydın dəlillər olaraq bu OXU endirilmiş. Kim sizdən o aya tanıqlıq eylədisə, oruc tutsun o ayı” (İnək surəsi, 2:185). Tərcümələrin əksəriyyətində “şəhidə-ş-şəhra” ifadəsi “ayı gördü” kimi keçir. Bəzi tərcümələrdə (məsələn, ingiliscə) “aydoğdunu” mötərizədə yazaraq “təqvim ayını gördü” ifadəsinə üstünlük verirlər. Bu da sual altındadır ki, təqvim ayını bəsirət gözü ilə deyil, adi gözlə necə görmək olar. OXU-da keçən “şəhr” sözü göy cismi mənasında ay deyil, məhz təqvim ayıdır”.

Fikir ayrılığına yol açan ayın görünməsinə gəlincə isə AMEA Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ədalət Ətayi Lent.az -a bildirib ki, ayın astronomik təzələnməsi dünən Bakı vaxtı ilə 14:03-də olub: “Ayın yenilənməsi baş versə də, bizim ərazimizdə ay görünmür. Ayın görünməsi üçün yenilənmədən ən azı 36 saat vaxt keçməlidir. Hazırda isə ayın yeniləndiyi vaxtdan 25 saat ötür. Bu gün axşam saat 8 radələrindən başlayaraq zəif şəkildə olsa da, ay görünməyə başlayacaq”.

Ə.Ətayi bildirib ki, ay bu axşam görünəcəyi üçün Qafqaz Müsəlmanları İdarəsi də bu axşamı bayram axşamı, sabah isə bayram kimi qeyd edib: “İdarəyə ayın yenilənəcəyi, eləcə də nə zaman görünəcəyi tarixini bildirmişik. Onlar da Peyğəmbərin dövründə qəbul edildiyi kimi, astronomik yenilənmə ilə deyil, məhz ayın nə zaman görünməsi ilə götürdüklərinə görə bayramı ayın 5-nə salıblar. Ayın astronomik yenilənməsi ilə başlasaydılar, astronomiklə də bitirərdilər. Amma qeyd etdiyim kimi, əsas ayın görünməsi götürülür”.

Müsahibimiz onu da bildirib ki, bu gün gecə əslində ay çox aşağı enlikdə olduğu üçün bəlkə də görmək mümkün olmayacaq: “Amma cənub tərəfə gedəndə görmək olacaq. Ramazanın sabaha təyin olunması doğrudur. Burada heç bir qaranlıq qalan məsələ yoxdur. Yəni yenə qeyd edirəm ki, bu gün axşam ayın astronomik təzələnməsindən 36 saat ötdükdən sonra bayram başlayacaq”.

İlahiyyatçı alim Elşad Miri isə Lent.az -a bildirib ki, bu fikir ayrılığının meydana çıxmasının səbəbi islam dünyası dediyimiz coğrafi ərazidə baş verən məzhəb qarşıdurmasıdır. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının verdiyi açıqlama tamamilə diplomatik açıqlamadır: “Çünki onlar çalışırlar ki, elmin gördüyü bir məsələni Azərbaycanda mövcud olan vəziyyətə uyğun olaraq dünyaya açıqlasınlar. Təsəvvür edin ki, dünyanın 80 faizi bu gün bayramı qeyd etdiyi halda, bizdə sabah qeyd olunacaq".

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə Lent.az -a bildiridi ki, bir qrup adam hər il bu cür çaşqınlıq yaradır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə çoğrafi en dairələrində müxtəliflik ola bilər: “Amma Azərbaycanda bu gün axşam saatlarında ay görünəcək. Səhər isə bayram namazı qılınacaq”.
Yeri gəlmişkən, ilahiyyatçı, hacı Şahin Həsənli Lent.az -ın canlı yayımında bildirib ki, Azərbaycan ərazsində ayın görünməsi bu gün axşam saat 8-9 arasında baş verəcək: "Azərbaycanda ay bu gün görünəcəyi üçün iyunun 4-ü bayram axşamı, sabah isə bayram qeyd olunacaq".
Hacı Şahinin fikrilərini buradan izləyə bilərsiniz: