933
16:15
02 İyun 2019

Mal ətini necə seçək? - "Camış ətini, inək əti adı ilə satırlar"

“Ətlə bağlı problem ona gətirib çıxarıb ki, istehlakçılar gözləri ilə gördüyü diri heyvanın ətini almaq istəyirlər”.
Bu sözləri Lent.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu hal ölkənin paytaxtının qəssabxanaya çevrilməsinə gətirib çıxarıb:
“Səbəbi isə budur ki, insanların baytarlara inamı yoxdur. Buna görə də istehlakçılar ət almaq üçün marketə üz tutmurlar. Bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elə bir iş aparmalıdır ki, insanlar tam olaraq baytarlara əmin olsunlar və bununla da digər ölkələrdəki kimi ət almaq üçün marketlərə yollansınlar”.
E.Hüseynov insanların ət alarkən aldadılması hallarından da söz açıb:
“Məsələn, paytaxtda Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Nizami küçəsində olan böyük “Kənddən Şəhərə” yarmarkasında camış ətinin, inək əti adı ilə satılmasının şahidi olmuşuq. Düzdür, camış əti zərərli deyil, ancaq onun öz, inək ətinin isə öz qiyməti var. Camış əti ağ olur, bişirib yedikdə ağızda daha gec sovrulur, qabırğası isə enli olur.
Murdar, yəni ölmüş heyvan əti isə qırmızı su verir. Bundan başqa onun xoşagəlməz qoxusu olur. Eyni zamanda at əti ilə mal ətini də qarışdırmaq lazım deyil. At əti tünd, piyi nisbətən sarı, qabırğaları isə uzun olur. Onu bişirəndə spesifik at tərinin iyi gəlir”.
AİB sədri həmçinin əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarı real olaraq həyata keçirilsə, bu problem davam etməz:
“Sözügedən qərarda bütün malların üzərinə istehsal, son istifadə tarixi və istehsal edən firmanın adının yazılması öz əksini tapıb. Bununla da əslində istehlakçıların tam haqqı var ki, ət alarkən bu məlumatları əldə etsinlər.
Həmçinin paytaxtda şirkətlər fəaliyyət göstərir ki, onlar bütün standartlara uyğun davranırlar. Ancaq bundan əhali az məlumatlı olduğu üçün diri heyvan ətinə maraq göstərirlər".