366
15:02
30 May 2019

“ALJİR”: istiqlalın namus və qan bahası – SON

“Atılmış bumeranqlar heç də həmişə

hədəfə çatmır. Onların bəziləri

azadlığı seçirlər…”

Mehriban Ələkbərzadə

Şükriyyənin qorxunc görkəmi ilə heç uyuşmayan, acı olsa da uşaq təbəssümlü siması Ceyrana nə mətləblər izah etdisə... onu yaşamadığı, amma məhkum olduğu həyatın təfərrüatları ilə sarsıtdı. Ceyran içini çəkə-çəkə ağlayaraq, Şükriyyənin cavabı aydın yazılan üzünə baxdı: “Sənin üstündə bu “oxrana” bir-birini söyürdü. İndi səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!”

Şükriyyə başı ilə tualeti işarə edərək, yenə də gülümsədi. Sonra yol boyu “qonaq” gedib-gələn dustaq qadınların ona başlarına açılan oyunları necə anlatmağını danışdı… Gecələr belə yata bilmədiyindən bəhs etdi… Hər gözünü yuman kimi sevgili ərinin ona nigaran baxışlarla baxdığını söylədi… Daha sonra gecə tualet növbəsində içəridə bütün paltarlarını çıxarıb illərlə dustaq daşıyan vaqonun ümumi tualetinin döşəmə adlı iyrənc yerini onlarla möhkəm sildiyini bəyan etdi… Paltarların rənginə qədər qaralmasından, onu geyinib, hamını özündən iyrənməyə məcbur etməsindən danışdı. Hətta dustaq qadınları satdıqları gədələrin onu itələyərək dayanmış vaqon - otaqda yerə yıxdığını danışdı… Növbətçinin də bu “seçiminə” görə aldığı SİLLƏ mükafatını da qeyd etdi… Hər ikisi güldülər…

Birdən gülümsəyən Ceyran: “Sənə çörək verdilər?” soruşan kimi Şükriyyənin sifətində gülüş dondu. O, acı-acı donuq təbəssümlə ona və son dəstədən olan, gizlin-gizlin nə isə çeynəyən qadınların birinə baxdı. Daha yaraşıqlı, amma bir qədər yaşlı biri isə, başını divara söykəyib gözlərini yumdu. Əlləri qıpqırmızı zolaqlarla şişmişdi. O zolaqdan üzündə də vardı. Hiss olunurdu ki, ağrı ona əzab verir…

– Özün bil, seçim həmişə var, xanım Bayramova.

– Qulaq as, məni başa düş.

– Əgər bu seçimdə də mümkünsüz vəziyyətdən danışacaqsansa, yazıqlar olsun.

Ceyran dişini-dişinə sıxaraq, özünü bağırmaqdan güclə saxladı. Birtəhər dişləri arasında dedi:

– Mən acam!!! Anlayırsan?!

– Yox, necə başa düşüm? Mən haradan bilirəm ac olmaq nədir?

Ceyran ona bir az da yaxınlaşıb, dedi:

– Kinayən üçün layiq olan adam mən deyiləm. De görüm, ac qalmağa necə tab gətirmək olar?

Şükriyyə susub, susuzluqdan təpimiş dodağını dişləyərək, aclıqdan solan gözlərini qapayıb-açan qadına baxdı. Sonra nəzərlərini qarşısındakı yanğın əleyhinə olan kiçik şüşəli divar dolabına zillədi. Dolabın bulanıq şüşəsində öz əksinə baxdı. Qəfildən acı qəhqəhə çəkdi. Öz əksində nə qədər əldən düşmüş və qoca göründüyünün fərqinə vardı. Ceyran halsız başını yana saldı. Güman edirdi ki, Şükriyyə ona demək istəmir:

– Qisas alırsan? Al, amma unutma, burada hamımız bir taledəyik.

Dönüb, güclə də olsa, ayaqlarını arxasınca sürüdü. Şükriyyə əlini uzadıb, sakitcə onun çiyninə toxundu. Ceyran o dəqiqə ona çevrildi:

– De mənə…

– Nəyi deyim …necə dözürəm?

– Hə!!!

– Ola bilsin ki, sən bunu anlamayacaqsan. Mən uşaqlarıma sahib çıxmamağım bahasına … ondan ayrılmadım. Əsil əzab budur. Amma sən…məndən aclığa tab gətirməyimin əzabını soruşursan.

Ceyran günahkarcasına susdu. Ağlını itirmiş kimi öz özünə durmadan pıçıldadı:

- Nə istəyirsən, fikirləş… amma yemək haqqında fikirləşmə. Yemək haqqında fikirləşmə! Çörək sözünü unut… fikirləşmə.

…Qatar şütüyürdü. Mənzilbaşı deyilən ALJİR-ə yetişə bilmirdi ki, bilmirdi. Yollar uzandıqca, günlər də bir-birini əvəz edirdi.

Hər stansiyada nəzarətçilərin, hərbi-milis qurumunun - NKVD-nin “ştab”ının qapılarından içəri atılmaq üçün aparılan qadınların demək olar ki, heç biri bu “səfərdən” qurtula biməmişdi. Hətta nəzarətçi – yöndəmsiz qadın “daha yaxşı mal” kimi xüsusi olaraq iki qadını istismar edəcək dərəcədə çox istifadəyə verirdi. Etiraz etmək, yaxud da getməməyə israr göstərən də var idi. Aqibət eyni idi. Və bu cür “boy göstərimi” daha pis nəticə verirdi. Ən azı, günlərlə su verilmirdi. Gecə bir dəfə də olsa, ehtiyac üçün tualetə buraxılmırdı. Vay o gündən ki, o Q ONA Q edilənlərdən biri sərxoş olub, geri dönəydi. Nəzarətçi həmin qadının saçından tutub sürüyür, çabalamasına, yalvarmasına fikir belə vermirdən təpikləyib, söyürdü. Bəzən də gülüşlə onun çabalamasına baxır, yenə də dartıb aparırdılar. Ya da ki, bir az əl-ayağına dolaşmasından səbri tükənəndə çəkməsinin dabanı ilə onun ən zərif, ağrılı yerlərinə 10-15 dəfə təpik vurub uzaqlaşırdı. Daha yerdə ikiqat olmuş bir qadına, vaxtilə kiminsə xanımı olmuş bu insana əhəmiyyət verəcək kimsə yox idi. Bəzən də dəfələrlə bu “10-20 dəqiqəlik səfər”də olanlar digərlərinə, söyüş-təpik və üzü tüpürcəkli vaqona atılanlara kömək edirdilər. Bəzən də… stansiyalarda hökm və qüdrət sahibləri nə onları, nə də onu qonaq edən kimsələrə “zəhmət haqqı” vermirdi. Bunun acığını da yenə o bəxşiş edilən qadından çıxan nəzarətçi, onların hamısına həmişəkindən daha çox amansız olurdu. Ta ki gecə düşəndə, öz PAY-ını (bu, çox da qalın olmayan qara çörək dilimi, ya sala, ya pendir, ya da 2-3 qənd tikəsi idi) yeyibmiş kimi ətəyində, ya da qoltuğunda saxlayaraq, yatmaq komandasından sonra, kürək-kürəyə uzanıb yatanda qarşıda və arxadakı qonşusuna ötürürdü. Bəli… günlərlə yol gedən qadınlar bax belə yaşayaraq doğmalaşırdılar. Bu yaşamın utancından bir-birinin gözünə baxa bilməyən qadınlar…gecələr çirklə, soyuq taxta döşəməli vaqonda bir-birinə sığınaraq, isinirdilər.

Amma nə qədər natəmiz olsalar da, heç kim Şükriyyədən gələn kəsif və iyrənc qoxuya tab gətirə bilmirdi. Şükriyyənin üfunət-çirkab qoxusu azalmırdı. Əksinə, günü-gündən artırdı.

Hər dayanacaqda qadınların beynində həyat vacibliyində iki sual hakim kəsilirdi. “Onu aparacaqlarmı?” və…”Yeməyə nəsə verəcəklərmi?” Bir-birini təkzib edən bu iki istək…seçim etmək tərəddüdünü yaşadırdı…nə qədər paradoksal olsa da. Ceyran isə, qurtula bilməsə də, “ehtiyac” duyulanlardan olmamışdı. Amma Şükriyyə ona verilən, qonaq edildiyi heç nəyi qəbul etmirdi. Məcburən verilən nə isə olanda da…onu Ceyrana verirdi. Bu dəfə də belə oldu.

Ceyran ona verilən yarım tikə qəndi dişləyib xırtıldadaraq, tələsik yedi. Sonra içini çəkə-çəkə ağlasa da, yerə düşən xırdaları axtarıb tapdı, onları da ağzına təpdi...

– Mən daha dözə bilmirəm.

Şükriyyə gözlərini yummuş halda dedi:

– Yenə acsan? Heç toxtamırsan?

– Hə! Acam… 3 gündür yarım tikə qəndlə necə tox ola bilərəm ?

Şükriyyə dərindən nəfəs alıb, halsızlıqdan cavab vermək həvəsindən daşındı. Gözlərini astaca yumdu. Sanki hər dəfə gözlərini yumanda bu dəhşətli həyatı kitab kimi bağlayırdı. Gözlərini yuman kimi başlanan başqa həyat, qaranlıqda tədricən açılan başqa dünya kimi görünürdü.

Qaranlıq dünyada – yenə o xoşbəxt, təmiz və işıqlı evlərində olduğu anları təkrar yaşayırdı. Nə aclıq, nə qoxu, nə də təhqir sevimli Əhməd Cavadı, onun gül parçası kimi mələk balalarını onun əlindən ala bilmirdi. Həm də bu qaranlıqdan doğan dünya… indiki məşəqqətli zamanı udub-azaldırdı.

– Sən ac deyilsən bəs?

Şükriyyəni o işıqlı, təmiz, çiçək ətirli aləmdən zorla bu qaranlıq, kəsif, çirkab qoxulu vaqonun döşəməsinə salan SƏS sahibinin nəfəsi onun üzündə gəzdi. Sanki kirəc kimi yapışan səsin təsirindən güclə özünə qayıdan Şükriyyə Ceyranın onunla üzbəüz uzandığını görüb, çaşdı. Ceyran az qala onun yaxasından tutub yalvardı:

– Dözə bilmək üçün neyləyirsən? 6 gündür… Knyaz qızı, kimsəyə əyilmədən, ac-susuz necə dözürsən?

Şükriyyə güclə yaxasını onun əlindən, üzünü üzündən kənara çevirərək:

– Mən heç kimə heç bir vaxt – onun adına, ləyaqətinə toxunmaq imkanı vermərəm. Mənim sədaqətim…

Ceyran dişini-dişinə sıxıb inildədi:

- Tüpürüm sənin sədaqətinə!!! Mən bu aclığa necə dözüm?

Şükriyyə astadan dedi:

– Bilirsən, Ceyran… Bu, bir az da qürur məsələsidir.

Ceyran var gücü ilə bağırdı:

- …Mən acam! Yemək istəyirəm. Su istəyirəm! Dözə bilmirəm. Elə bilirsən o çörəyi yeyəndə xəcalət çəkmirəm? Yer ayrılmır ki, yerə girim…

Şükriyyə onu sakitləşdirmək istəsə də, mümkün olmadı. Əli ilə onun ağzını tutdu. Gücü çatmadığından dikəlib onun çiynindən basaraq ayağa durmağa mane oldu. Daha cüssəli olan Ceyran ona güc gəlsə də, daha bağırmırdı. Titrəyə-titrəyə deyirdi:

– Sən mənim miskinliyimi vurğulayıb ləzzət alırsan? Qoy olsun, knyagina. Amma sən də, mən də qadınıq! Mənə də ləyaqətimi qorumağa kömək et!

Şükriyyə onun üzünü əlləri ilə özünə çevirərək dedi:

– Sakit ol! Bu saat tökülüb gələcəklər.

Ceyran səsini o dəqiqə kəsib, tez-tez dedi:

– Nə desən edərəm. Təkcə bu aclığı duymaq istəmirəm.

Şükriyyə çətinliklə yerə uzanaraq dedi:

– Uzan! Özün də səsini kəs. Hamını oyatmaq istəyirsən?

Ceyran tez ağzını iki əli ilə örtərək onunla üzbəüz uzandı. İki qadın baş-başa verib pıçıltı ilə danışmağa başladılar.

Şükriyyə ona “vaqon səyahətinin ilk kinosu”nu danışırdı.

Onları ilk stansiyada 2 günlük yoldan sonra, gecənin yarısı, soyuq yağışın altında 2 km piyada yol aparmalarından danışdı, qəhərləndi. Tamam islanmış halda soyuqdan titrəmələrini, nəhayət, gəlib bir zirzəmiyə girməyə onları necə vadar etdiklərini də anlatdı.

Daha göz yaşlarını saxlaya bilməyən Şükriyyə, nə qədər asta danışsa da, boğulurdu. Udqunaraq davam etmək istəyir, bacarmırdı. Ceyran gərilmiş əsəblə ondan sonucu gözləyirdi. Amma bir az keçəndən sonra o da Şükriyyəyə qoşulub, gözünün suyunu axıtmağa başladı.

Nəhayət, zirzəmiyə nəzarətçinin zərbələri altında girdiyini, ətəyinin və şalının divarın dibindəki pisliyə bulaşdığını, onu necə döyüb-çölə çıxardıqlarını danışdı.

Növbəti dəfə, gecə tualet növbəsində, alt paltarını da çıxararaq, tualet döşəməsini tamam-kamal silib-sürtməsindən, itin belə iyrənib girmək istəməyəcəyi o kiçik yerdə uzanaraq, saç-sifəti, əl-ayağı ilə pisliyi özünə islatmasından danışdı.

– Və məni kimsə “istəmədi”. Əksinə, hələ bunun “pay”ı kəsilirdi. Özünü yırtıb-dağıdırdı, “o qəsdən belə edir” desə də, ona qulaq asmadılar. Məni o qədər kənarda saxlayırdılar ki… iyim onlara yetişməsin.

Ceyran dözmədi. Dikəlib, dözümsüz halda dedi:

– Ac qalmağı necə bacarırsan, onu de!

Şükriyyə susdu.

– Bunları mən də gördüm. Dözməyin səbəbini de!

Şükriyyənin inamsız baxışlarına mərhəməti güc gəldi. Əlini atıb sinəsindən içəridə gizlətdiyi balaca, amma paslı sancağı çıxardı.

– Bəs mənim əlimdən hər şeyi aldılar ki, olmaz?

– Sus!

– Dözə bilmirəm….

– Uşaqlıq eləmə. Hara getdiyimizin səbəbini bilməmiş deyilsən.

Ceyran sakitcə ağlayırdı. Hətta gözündən süzülüb burnuna tökülən yaşları da silmək halında deyildi. Şükriyyə davam edirdi:

– Kimsə bizə oraya sağ gedib çıxacağımıza, ya da nə vaxtsa qayıdacağımıza söz verib?

Ceyran başını buladı.

Şükriyyə sancağı çıxarıb, onun qulağına dedi:

– Mən gündə bir dəfə bu sancaqla bir barmağımı bax-belə… – sancaq ilə kiçik barmağını deşib, hamı yatandan sonra soruram.

Ceyran əlini uzadıb sancağı almaq istəyəndə, Şükriyyə dedi:

– Bax a, əvvəl adamın ürəyi bulanır. Sadəcə istək öləcək. Ürək bulantısı təbiidir. Gözlərinə işıq gəlməyinə gələcək. Amma mədən…

Ceyran sancağı alaraq ona baxdı. Şükriyyə bir barmağını və necə deşmək üsulunu imitasiya edirdi. Ceyran üc barmağını birləşdirib paslı sancaqla onları tez-tez deşdi və sancağı Şükriyyəyə tərəf atdı. Sonra üç barmağını acgözlüklə ağzına salıb, körpə anasını əmirmiş kimi sormağa başladı.

Şükriyyə astaca uzanıb sakitcə dedi:

– Allah yaratdığı insanı hərdən seçimin çətin olduğu vaxtda faili-muxtar buraxıb, ona baxır. Onun seçiminə baxır. Şeytan zəif yerimizin nə olduğunu bilir. Və şeytan bizi içimizdəki boşluqlarla vurur.

Zülmlə Ceyrana tərəf çevrildi:

– Sənin içindəki boşluq, səni nə vaxtsa çox pis vuracaq…

Cavab gəlmədi. Şükriyyə bir az da dikəlib, onun üzünə baxdı.

Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı.

Onlar hələ 3 gün də yol gedəcəkdilər…

…Sonra “ALJİR” deyilən o məkana gəlib çıxacaqdılar. Orada – bir ayrı şərtlər daxilində də seçim etməliydilər.

***

Məşəqqətli 8 ildən sonra “ALJİR” adlı məkandan Vətəninə dönən Əhməd Cavadın xanımı, şəhərbəşəhər düşüb bir-bir balalarını toplayacaqdı. Əhməd Cavadın ocağını yenidən yandıracaqdı. Amma bunlar hələ olacaqdı…

***

Bir az da dərindən düşünəndə görürsən ki, heç kimin başqa birisini qınamağa, yaxud ittiham etməyə ixtiyarı yoxdur. Hər kəs seçimində özünü təsdiq edir. Əxlaqsızlığın əxlaq normasına çevrildiyi yerdə də, şərəfsizliyin ən yüksək mənsəbə bərabər olduğu zamanda da ləyaqətli və əxlaqlı olaraq qalmaq mümkündür. Yetər ki, bu ləyaqət və ya şərəf sənin içindən gəlsin...

Bakı, 2010-cu il