"Arsenal"ın futbolçusu: "Bu yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik"
28 may 2019 18:48 (UTC +04:00)

"Arsenal"ın futbolçusu: "Bu yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik"

 
Sabah Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaq "Arsenal" bu gün oyunöncəsi mətbuat konfransı keçirib. 
 
ONA-nın məlumatına görə, "topçular"ın futbolçuları - müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka Bakıda jurnalistlərin suallarını cavablandırıb.
 
- Düşünürsüz ki, bütün Yunanıstan sabah sizi dəstəkləyəcək?
 
Sokratis Papastatopulos: - Hesab edirəm ki, sabah bütün yunan xalqı “Arsenal”ı və bizi dəstəkləyəcək.
 
- Ola bilər ki, sabah Kosielni “Arsenal”da sonuncu matçına çıxsın. Hesab edirsiniz ki, kuboku məhz o qaldırmalıdır?
 
S.P. - Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdır. Ondan sonra digər məsələlər barədə düşünərik.
 
- Henrik Mxitaryanın sabah meydanda olmaması sizin üçün nə deməkdir?
 
S.P. - Mxitaryanla 5-6 il birlikdə oynamışam. Onunla yaxşı dostuq. Düşünürəm ki, sabah onun və zədəli oyunçular üçün qələbə qazanmalıyıq.
 
- Komandanız Bakıya mayın 25-də, “Çelsi” isə dünən gecə gəlib. Bu, sizə əlavə üstünlük verir?
 
Qranit Caka: - Tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq.
 
- Sabah dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri ilə - Eden Azarla qarşı-qarşıya gələcəksiniz. Buna necə hazırlaşmısınız?
 
S.P. - Bir adama qarşı deyil, əla komandaya qarşı oynayacağıq. Əsas məsələ komanda halında qələbə qazanmaqdır.
 
- Emeri 3 dəfə bu turnirin qalibi olub. Özünüzdə nə dərəcədə məsuliyyət hiss edirsiniz?
 
Q.C. - Emerinin böyük təcrübəsi var. İstəyirik ki, qələbə qazanmaqla onu məmnun edək.
 
- Bu turnirdə qələbə qazanmaq həm də ÇL-ə vəsiqə deməkdir. Bu barədə nə deyə bilərsiniz?
 
Q.C. - Düşünürəm ki, ÇL-də oynamalıyıq. Amma Premyer Liqada ilk "4-lüy"ə düşə bilmədik. Bu isə yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik.
 
- “Arsenal”ın səfərdə yaxşı çıxış etmədiyi deyilirdi, amma “Napoli” və “Valensiya” ilə oyunlar bu düşüncəni dəyişdi. Siz nə fikirləşirsiniz?
 
Q.C. - Bizim üçün harada oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdir.
 
- Avrokuboklarda qələbə qazanan o qədər də çox isveçrəli oyunçu yoxdur. Sizin üçün bu titul nə qədər önəmlidir?
 
Q.C. - Mənimlə birlikdə “Arsenal”da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq.
 
# 1106
avatar

Oxşar yazılar