[b]AFFA-nın vitse-prezidenti: "Onlar başa düşməlidirlər ki..."[/b]
26 may 2019 12:41 (UTC +04:00)

[b]AFFA-nın vitse-prezidenti: "Onlar başa düşməlidirlər ki..."[/b]

"Hamımız istəyirik ki, çempionatımızda klub sayı çox olsun, futbolumuz inkişaf etsin. Ancaq maliyyə və digər məsələlər var ki, onlara mütləq baxılmalıdır. Bütün bunlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq". 
 
Bunu ONA-ya AFFA İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev deyib.
 
Assosiasiyanın vitse-prezidenti vəzifəsində də çalışan Milli Məclisin deputatı uşaq futbolunun durumu barədə danışıb. O, bu sahədə inkişafın hiss olunduğunu bildirib: "Bu gün uşaq futbolunda inkişaf gedir. Bu proses bütün regionlarda davam edir. Demək olar ki, bütün regionlarda olmuşam: Tərtər, Füzuli, Bərdə, eyni zamanda digər yerlərdə. İstedadlı uşaqlar kifayət qədərdir. Düzgün seleksiya qurulmalı və buna məsul olan məşqçilər işləməlidir. Ona görə ki, bu uşaqlar gələcəkdə Azərbaycan yığmasını layiqincə təmsil edə bilsinlər və ölkə futbolunu irəli aparsınlar".
 
Rauf Əliyev milli komandamızın iyunun 8-də və 11-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Macarıstan və Slovakiya ilə oyunlarına da toxunub. O, yığmamızdan hər iki ev matçında qələbə gözlədiyini vurğulayıb: "Qarşıdakı iki oyun bizim üçün çox vacibdir. Futbolçularımız hər iki matçda bütün gücləri ilə mübarizə aparmalıdırlar. Başqa yol yoxdur. Çünki bu oyunlardan nə qədər çox xal toplasaq, gələcəkdə bir o qədər yaxşı olacaq. Əks halda, bu, komandanın vəziyyətini çətinləşdirəcək. Buna görə də, həm baş məşqçi Nikola Yurçeviç, həm də futbolçular başa düşməlidirlər ki, onlar hansısa klubu deyil, milli komandanı təmsil edirlər. Hər iki görüşdə də qələbə qazanmalıyıq. İki oyunda 2 xal çox pis nəticə olar. Təəssüf ki, Millətlər Liqasında Malta, Farer adaları kimi komandalara qalib gələ bilmədik. Bu, oldu keçdi. Qarşıdakı matçlarda çalışıb qalib gəlməliyik. Nəzərə alaq ki, Avropa çempionatının 4 oyunu Bakıda olacaq".
 
Qeyd edək ki, yığmamız iyunun 8-də Macarıstan, 3 gün sonra Slovakiya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Bakıda oynanılacaq.
# 2009
avatar

Oxşar yazılar