<b>Ucuz ayaqqabılardan gələn <span style="color:red;">BƏLA  - <span style="color:red;">HƏKİM HARAY SALDI </b>
21 may 2019 14:55 (UTC +04:00)

Ucuz ayaqqabılardan gələn BƏLA - HƏKİM HARAY SALDI

Heç kimə sirr deyil ki, ölkəmizdə ucuz ayaqqabı axtaran kifayət qədər alıcı var.

Ayaqqabıların qiymətlərini öyrənmək üçün şəhərimizdəki bir sıra ayaqqabı satış mərkəzlərinə üz tutduq.

 

Mövzu ilə bağlı yollandığımız ilk ünvan "8-ci kilometr" bazarı oldu.

 

"8-ci kilometr" bazarında hər qiymətə ayaqqabı tapmaq mümkündür. Bazarda modelin eyni olmasına baxmayaraq, hər satıcı fərqli qiymət deyir. Satıcılar isə bunun səbəbini öz mallarının daha keyfiyyətli olması ilə izah edirlər.

 

Bazara girən kimi ortalığa topalanmış ayaqqabılar diqqətimizi çəkdi. Satıcıya yaxınlaşıb haradan gətirlidiyi, keyfiyyəti və qiymətli ilə maraqlanırıq:

Satıcı bildirdi ki, 5-8 manat civarında olan bu ayaqqabılar Çindən gətirilir:

 

"Bizdə orijinal çin malıdır (gülür). Bir də ki, malı haradan gətirməyimiz bazara gələnlərin nəyinə lazımdır. Bura gələnlər keyfiyyəti deyil, qiymətin ucuzluğunu üstün tuturlar. Həm keyfiyyətli, həm ucuz olsun deyənlər də az deyil”.

 

Satıcıya qulaq asa-asa ayaqqabıları nəzərdən keçirirdim. Bir cüt ayaqqabının xarici görünüşü diqqətimi çəkdi. Əlimə götürmüşdüm ki, dərhal yerinə qoydum. Satıcının “xanım qorxmayın, tikanı yoxdur ki, əlinizə batsın” sözlərini adi qarşıladım. Ən azından səhər-axşam mənşəyi bilinməyən materialdan hazırlanmış “kitay”, “sex” mallarının kəskin iyi satıcı üçün adi idi.

 

Son dərəcə nəfəskəsən qoxunun səbəbini soruşduqda, qarşı tərəf yenə də dediyindən dönmədi:

“Təzədir də, təzə ayaqqabıdan nə iyi gəlməlidir ki...”

Bu azmış kimi, binəva satıcı mənə rişxəndlə bu sözləri də dedi: “Xanım, deyəsən, sən heç təzə ayaqqabı almamısan, elə həmişə “sekond hənd”dən (ikinci əl) geyinmisən”.

 

Təbii ki, mən bura söz güləşdirməyə gəlməmişdim, məqsəd başqa idi...

 

Bu arada söhbətə qarışan qonşu satıcı da mallarını tərifləməyə başladı:

“Hər malın öz qiyməti var. 15 manata da ayaqqabı göstərə bilərəm, 35 manata da. Bizə mallar əsasən, Türkiyədən, Çindən gəlir. Türkiyədən gələn fabrik malları keyfiyyətli olsa da, sex malları çox keyfiyyətsizdir. Elə Çin malı var ki, o daha dözümlüdür”.

“...daha dözümlüdür” – satıcı bu ifadəni işlədərkən biixtiyar gülməyini saxlaya bilmədi. Çünki gözünün qabağında elə bir “mənzərə” canlanırdı ki, dediyi “həqiqətlər” bir andaca alt-üst olmuşdu. Satıcının tərif etdiyi ayaqqabı bir toxunuşla əlimdəcə yapışqandan qopmuşdu...    

 

Nə isə, gəldik çıxdıq "Neftçilər" metrosunun yaxınlığında yerləşən digər ayaqqabı mağazasına.  Burada da müxtəlif qiymətlərə “kasıb malı”na rast gəlmək olur: 19-29 manat civarında. Təbii ki, piştaxtaları Çin malları bəzəyir...

 

"28 may Ticarət Mərkəzi"ndə də eyni mənzərənin şahidi olduq. Burada da  fərqli qiymətlərdə Çin malları üstünlük təşkil edir. Alıcılar burada 20 manatdan 80 manata kimi qiymətə ayaqqabı tapa bilər.

Lakin maraqlısı o idi ki, ticarət mərkəzində hər satıcı eyni ölkənin, eyni fabrikində istehsal olunmuş eyni ayaqqabı modellərinə fərqli qiymətlər qoymuşdu.

Adının Sakit olduğunu deyən satıcıya yaxınlaşıb bunun səbəbini soruşduq. Onun sualı elə gözlədiyimiz kimi də oldu - sualımıza sualla cavab verdi:

“Sizə necə ayaqqabı lazımdır? Siz seçin, mən qiymətini deyim. Bax, bu ayaqqabı 20 manat, o gördüyünüz isə 45 manatdır. Əsas odur ki, xoşunuza gəlsin, bir az endirim etmək olar”.

Ayaqqabıların hansı ölkədən gətirildiyinə gəldikdə isə satıcı yenə də qulağımızın öyrəşdiyi ölkələrin adlarını sadalamağa başladı:

"Türkiyə, Çin... Hər iki ölkədən mal vururuq. Pekindən gələn elə ayaqqabılar var ki, Türkiyə istehsalından daha keyfiyyətli olur. Alıcılar isə öncə dildə türk malını istədiklərini desələr də, görünüşə görə Pekin malına üstünlük verirlər”.

İdman ayaqqabılarının qiyməti ilə də maraqlandıq, 20-50 manata satılırdı. Klassik ayaqqabıların qiyməti isə 65-120 manat aralığında dəyişirdi.

 

Şəhərin mərkəzində yerləşən mağazalara da baş çəkdik. Lakin burada ucuz ayaqqabıdan söhbət belə gedə bilməzdi.

Türkiyə istehsalı olan ayaqqabıları təqdim edən satıcı bildirdi ki, qiymətlər 130 manatdan 300 manatadək yüksəlir: “Təmiz dəridən hazırlanmış ayaqqabı çeşidləri məşhur firmanın klassik modelləri və Türkiyənin 40-dan çox fabrikinə aiddir”. İnsafən deyim ki, bu qiymətə olan ayaqqabılardan qeyd etdiyim "təzə iy" gəlmirdi.

 

Bir sözlə, şəhərin bir sıra ticarət mərkəzlərində, mağazalarında satılan ayaqqabıların qiymətləri, keyfiyyəti barədə məlumat topladıq. Məqsəd təbii ki, ayaqqabıların heç də çeşidinə görə qiymətləndirilməsi deyildi.

Ən başlıca məqsədimiz ucuz ayaqqabıların insan orqanizminə təsiri, hansı fəsadlar yaratmasını ortaya çıxarmaqdır. Elə bu səbəblə də həkimlərin rəyini öyrənməyə çalışdıq.

 

Ayaqqabı alarkən nələrə diqqət etməli olduğumuzla bağlı suallarımızı travmatoloq - ortoped Ramin Rzayev cavablandırdı.

 

Həkim qəti olaraq bildirdi ki, keyfiyyətsiz materiallardan hazırlanmış ayaqqabılar, birinci növbədə tərkibində insan orqanizminə zərərli maddələr daşıması (allergik, kanserogen) ilə təhlükəli ola bilər:

“Keyfiyyətsiz, tələblərə cavab verməyən ayaqqabılar bir çox dermatoloji (allergiya, dəridə suluqlar, döyənəklər) və ortopedik (dırnağın dırnaq ətinə batması, bursit, tendinit, daban şporu, Morton nevrinoması və s.) xəstəliklərin yaranmasına yol aça bilər.

 

Ayaqqabı seçimi zamanı ilk növbədə onun tərliyinin (içlik) ortopedik olmasına, ayaqqabı dabanının hündürlüyünə, ayaqqabının elastikliyi-praktik olmasına, iç materialının təbii materiallardan (parça, dəri) olmasına, ventilyasion (havalandırma) xüsusiyyətinə diqqət edilməlidir”.

 

Travmatoloq-ortoped Altay Cәfәrov da Lent.az-a açıqlamasında bildirdi ki, ayaqqabının baha və ya ucuz olmasına deyil, son dərəcə onun rahatlığına diqqət yetirilməlidir:

"Ayaqqabı seçərkən, ayağın ölçüsünə uyğun seçim etməliyik. Ayaqqabı ayaqda dəri ilə təmasda olduğu üçün natural təbii dəri, parça və ya pambıq materialdan olmalıdır. Vacib məqamlardan biri də budur ki, rənglənmə formasına diqqət edilsin və ayaqqabının yan tərəfindən dəstəyi olsun”.

 

P.S. Reportajı yekunlaşdırıb redaksiyamıza dönərkən, ayaqlarımın ağrısını hiss edirdim. Başa düşdüm ki, həkimlərin məsləhəti elə mənə də aid imiş - ayaqqabı alarkən qiymətinə aldanmışam...

Bu yerdə  bir məsəl yadıma düşdü: “O qədər varlı deyiləm ki, ucuz mal alım”.

# 4792
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar