[b]“Titulu asanlıqla qazandığımı demək olmaz” - İkiqat dünya çempionumuz[/b]
20 may 2019 17:03 (UTC +04:00)

[b]“Titulu asanlıqla qazandığımı demək olmaz” - İkiqat dünya çempionumuz[/b]

“Bu titulu asanlıqla qazandığımı demək olmaz. Çünki hamı dünya çempionatına iddialı gəlmişdi”. 
 
Bunu ONA-ya Böyük Britaniyanın Mançester şəhərində ikinci dəfə dünya çempionu titulu qazanan Azərbaycan millisinin taekvondoçusu Milad Beiqi Harçeqani deyib. 
 
Yığmamız ardıcıl üçüncü dəfə mundialı qızıl medalla başa vurub. Əgər 2015-ci ildə Radik İsayev dünya çempionatında Azərbaycan himnini səsləndirmişdisə, 2017-ci il və 2019-cu ildə bunu M.B.Harçeqani bacarıb. O, 2 il öncə olduğu kimi, yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz ölkəmizdə bunu bacaran ilk taekvondoçu kimi tarixə düşüb. 
 
80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mançesterdə keçirilən mundialda bütün rəqiblərini məğlub edib. Milad Beiqi Harçeqani finaladək ardıcıl olaraq, kubalı Xose Komasa (17:4), fransalı İsmael Bouzid Souhiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib. O, həlledici görüşdə isə Apostolos Telikostooğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibini 22:12 hesabı ilə məğlub edib. 
 
Qələbəsini şərh edən ikiqat dünya çempionu bildirib ki, səfərə məhz “qızıl” üçün yollanmışdı və bunu da əldə etdiyi üçün sevinclidir: “Bu səviyyəli turnirlərdə rahat qələbə olmur. Döyüşlərimdən hansının asan və ya hansının çətin keçdiyinə gəlincə, ikinci mərhələdə fransalı İsmael Bouzid Souhili ilə qarşılaşmanı fərqləndirərdim. Onunla sınağı nisbətən rahat keçirdim. Bu da rəqibi yaxşı tanımağımla bağlı idi. Ondan fərqli, yarımfinal və final daha ağır alındı. Amma çətin görüşlərdə vacib qələbələr qazana bildim”.
 
Qeyd edək ki, Milad Beiqi Harçeqani ilə yanaşı, Fəridə Əzizova (67 kq) da dünya çempionatını medalla başa vurub. Xanım idmançımız üçüncü olub. Bu nəticə ölkəmizi komanda hesabında 7-ci edib. 
 
Hazırda Mançesterdə olan yığmamız Vətənə mayın 21-də saat 05:25-də qayıdacaq. 
# 1683
avatar

Oxşar yazılar