[b]Azərbaycan taekvondoçusu: “Bu gün başqası, sabah mən çempion ola bilərəm”[/b]
20 may 2019 15:10 (UTC +04:00)

[b]Azərbaycan taekvondoçusu: “Bu gün başqası, sabah mən çempion ola bilərəm”[/b]

“Bu, dünya çempionatında ikinci medalımdır. 6 il öncə Pueblada keçirilən mundialda da eyni nəticəni göstərmişdim”. 
 
Bunu ONA-ya taekvondo üzrə dünya çempionatında Azərbaycan millisinə bürünc medal qazandıran Fəridə Əzizova deyib. 
 
67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mançesterdə baş tutan mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, Katerin Alvaradoya (Kosta-Rika) 11:7, Kimya Hematiyə (İran) 21:8 və Rut Qbaqbiyə (Fil Dişi Sahili) 8:6 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda F. Əzizova çinli Menqyu Janqla üz-üzə gəlib. Həmyerlimiz 5:18 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib. 
 
Taekvondoçumuz bildirib ki, millimizə medal qazandırdığı üçün sevinclidir: “Altı ildən sonra əz azından bu nəticəni təkrarladığım üçün sevincliyəm. Təbii ki, hamı kimi mən də birinci yer üçün döyüşürdüm. Mübarizə apardığım 67 kq çəki dərəcəsi Olimpiya çəkisi olduğu üçün hər bir görüş gərgin keçir. Rəqiblərim də təcrübəlidirlər”. 
 
F.Əzizovanın sözlərinə görə, məğlubiyyətə baxmayaq növbəti yarışlarda uğurlu çıxışa inanır: “Bu çəki dərəcəsində vahid lider yoxdur. Hər dəfə qalib dəyişir və bu dəfə də çempion Menqyu Janq oldu”.
 
Dünya çempionatının mükafatçısı üçüncü olmaqla, reytinqini də yaxşılaşdırıb. F.Əzizovanın yeni siyahıda irəliləyəcəyi də gözləniləndir. İdmançı bildirib ki, bu, Olimpiya lisenziyası üçün vacib xallar olacaq: “Hər yarışda tutduğun yerə əsasən hesabımıza reytinq xalları əlavə edilir. Dünya çempionatı da bu baxımdan böyük təkan olacaq. Qarşıda bizi bir çox mötəbər turnirlər, həmçinin Qran-pri gözləyir. Bu yarışda yaxşı formadaydım. Sadəcə rəqiblərim təcrübəli və güclü idilər. Artıq yarımfinal və final döyüşləri lotereya kimidir. Bu gün başqası, sabah mən çempion ola bilərəm”.
# 832
avatar

Oxşar yazılar