<b>“Muzeydə xoşuma o gəldi ki, burda vayfay var” - <span style="color:red;">REPORTAJ </b>
18 may 2019 13:46 (UTC +04:00)

“Muzeydə xoşuma o gəldi ki, burda vayfay var” - REPORTAJ

Bu gün dilbər Laçının yağmalandığı gündür. 18 may deyəndə nə yazıq ki, xəyalımdan keçən ilk olay bu olur. Bizim üçün ağrılı bir tarixdir. Beynəlxalq miqyasda isə bu gün həm də Muzeylər günüdür, bu da tarixdir. Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. 
 
 
Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Bu bayram bir qayda olaraq, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Yəni tarixlə yaxından tanış olurlar. Muzey elə tarixin özüdür. Tarixini öyrənməyəni, bilməyəni isə işğal tarixləri gözləyir. 
 
 
Lent.az-ın xəbərinə görə, bu şənbə mən Ramilə Qurbanlı redaksiyada növbətçiyəm. Düşündüm ki, gəlib redaksiyada kompyuter arxasında eşələnib xəbər axtarmaqdansa, bu günün özündən, həyatımızdan canlı, diri xəbər verim. Odur ki, yolumu saldım muzeylərimizdən. Görək, muzeylərimiz Beynəlxalq Muzeylər gününü necə qeyd edir. Və bu qeyddən millətin xəbəri varmı?
 
 
Onu da deyim ki, hər il 18 May Muzeylər günü Bakıda muzeylərə açıq qapı günü elan edilir. Bu il isə Təhsil Nazirliyi ürək genişliyi ilə günü həftə ilə əvəz edib. 18 May günü açıq qapı elan olunması artıq ənənəvi hal olduğundan hamı xəbərdardır. Həftə söhbəti isə yeni olduğuna görə və əzizi-xələf millətimiz saytlarda və televiziyalarda yalnız şou və kriminal xəbərləri izləməyə meylli olduğundan xəbər tuta bilməyiblər. Həftə ərzində muzeylərdə bütün adi günlərdə olduğu kimi, işçilər özlərini günə veriblər, yəni asudə olublar. Bu gün isə...
 
 
Bu gün muzeyləri səyahətə dəniz kənarında uzanıb gedən Xalça Muzeyindən başladım. 
Azərbaycan Xalça Muzeyi Azərbaycan SSRİ-nin Nazirlər Sovetinin sərəncamı ilə yaradılıb. Allah razı olsun, Sovetlərdən tariximizdə yaxşı izlər də qalıb. 1967 -1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993 -2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır.
 
 
Yarandığı  dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzeydir. Muzeyin yaradılmasının təşəbbüskarı xalçaçı alim, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimovdur. 
 
 
Muzeyin qarşısında, iynə atsan yerə düşməz deyirlər ha, eynilə vəziyyət elə idi. Bayırdakıların qarşısını kəsib içəri buraxmırdılar ki, içəridə çox qələbəlikdir, onlar çıxsın, sonra sizi buraxarıq. Mən birtəhər yol tapdım, növbədə olan qrupun müəlliməsi hesab etdilər və keçdim içəri. İçəridə vəziyyət elə də bayırda deyildiyi kimi deyil, əksinə bayırda içəridəkindən daha qələbəlikdir. Görünür, muzeyin mühafizəsi üçün belə lazımdır. Şagirdlər bayırı uçururlar, görün, içəridə nələr eləyə bilərlər Allah saxlamışlar. Birini saxlayıb soruşdum ki, muzey xoşuna gəlir, çox gözlənilməz bir cavab aldım: 
 
 
- Xoşuma gələn o oldu ki, burda vayfay var. Məncə, şərhə ehtiyac qalmır. Zəmanəsinin balasıdır – vəssalam. 
 
 
Sumqayıt məktəbliləri bayaq bayırda gözləyənlərdəndirlər, nəhayət keçiblər içəri. Soruşdum necə olub gəlmisiniz  Xalça Muzeyinə? Müəllimələri dedi ki, hər il çalışırıq muzey günündə  gələk: 
 
 
“ Başqa vaxt bizə çox baha başa gəlir, həm maşın tutub pul ödəməli oluruq, həm muzeylərin bilet pulu, bəzən valideynlər razı olmurlar. Bu gün ancaq maşın puluna xərcimiz çıxıb”. 
 
 
Mən müəllimə ilə söhbət edincə uşaqların səsi artıq ikinci mərtəbədən gəlirdi, müəllimə sözünü tamamlayıb, eskalatora tərəf qaçdı ki, uşaqlar nəzarətsiz qalmasın. Sumqayıtdan  1 saylı Uşaq Evindən də uşaqlar müəllimləri ilə gəlmişdilər. Polis Akademiyasının mundirli xanımları uşaqların əlindən imkan tapıb muzeyə baxa bilmirdilər. Odur ki, işçilər o xanımları ayrıca bir qrup şəklində irəli salıb apardılar. 
 
 
Taleyinə güllələnmiş heykəllərə sığınacaq olmaq yazılmış İncəsənət Muzeyində də eyni mənzərə ilə rastlaşdım.  Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.
Bayaq Xalça muzeyinin qarşısında hamı heç olmasa polislərin nəzarəti ilə açıq qapı arxasında növbələnmişdi. Burda isə rəsmən qapı bağlanır və arabir açılıb bir qrup içəri buraxılır. Mən də polisə özümü təqdim etdim və onun köməkliyi ilə içəri keçə bildim. 
 
 
Həmişə xəyalımda bu muzey muzeylərin ən gözəli kimi qalıb. İndi də o təəssüratla gəzdim buranı. Bu qədər sənət əsərinin bir yerdə toplaşdığı yer necə gözəl olmaya bilər. Tahir Salahovun məşhur “Neftçilər” tablosundan tutmuş Həyat Abdullayevanın “Sevgililər” adlı əsərinə qədər. Biri əməyin o biri mənəviyyatın simvoludur sanki. Uşaqlarsa yenə qaçırlar, dayananda yalnız şəkil çəkdirməyə dayanırlar. Bələdçi sözlərini bir-birinin ardınca həm qışqıra-qışqıra düzür ki, bəlkə, onlara nəyisə çatdıra bilə. Nə fayda, uşaqlarımız elə bil məhbəsdən azadlığa çıxıblar, ilk dəfə uzun illərdən sonra günəş görüblər. Görünür, ildə bir dəfə yox, çox aparmaq lazımdır məktəbliləri muzeylərə, teatrlara, mədəni yerlərə. Həm davranışlarında bir sahman yaranar, həm də dünyagörüşləri, savadları artar. Bir də gəlməzdən qabaq gəldikləri yerlər haqqında məlumatlandırsalar, orda özlərini necə aparmaları haqda təlimat alsalar daha yaxşı olar. Adətən, bizim məktəblərdə belə hallar kütləvi xarakterlidir. “Hurrey” gedirik filan yerə-vəssalam. 
 
 
Yolumu uşaqlarla birgə Muzey mərkəzindən də salmaq istədim, amma saata baxdım ki, mən artıq işə qayıtsam yaxşıdır. Amma mərkəzin qabağından maşınla keçəndə zatən vəziyyətdən hali oldum. Çox sevindirici haldır ki, uşaqlar muzeylərə gətirilir. Amma nə gözəl olardı, bu ildə bir dəfə aksiya kimi olmasın, həmişə olsun. Ətraf aləmdə, muzeylərdə, əyani vəsaitin əsas olduğu məkanlarda məktəblilər dərs keçsinlər. Uşaqlar divarlar arasından çıxsın...
# 2773
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar