1028
writer1

Azər Həsrət

Məqalə sayı

14
16:04 03 May 2019

Keçmiş korrupsionerin qisasçı rolunda zühuru

Deyir, “məni qorxutmaq mümkün deyil”. Sanki bunu kimsə qorxudurmuş. Yaxud da qorxutmaq istəyirmiş. Lap elə kimsə ondan qorxurmuş və əvəzində qorxutmaq istəyirmiş. Yaşlı-başlı bir insanın belə danışması – iddialarla çıxış etməsini adətən yaşına bağlayırlar. Hamıda olmur, bəzilərində olur belə hallar. Şüuru qarışır, özünü itirir və sözünün əvvəli ilə axırı düz gəlmir…
 
Əli İnsanovdan danışırıq. Müsahibə verib, danışıb. Qərbin müstəqil siyasət yürüdən dünya ölkələrinə basqı üçün qurduğu rəsmi təbliğat ruporlarından birinə danışıb. Bəlağətli danışmağa cəhd edib, alınmayıb. Buna qədər söylədiyi fikirləri düzəltməyə çalışıb, özünü dolaşdırıb…
 
Jurnalistin sualına cavab verməzdən öncə məhbəs həyatı yaşadığı zaman ona dəstək vermiş bütün azərbaycanlılara – partiya başçıları və onların tərəfdarlarına təşəkkür edib. Yaddaşlı oxucu xatırlar ki, bu adam Prezident İlham Əliyevin böyük dövlət adamına xas lütfkarlığı sayəsində əfv edilərək həbsdən çıxanda tamam fərqli fikir səsləndirmişdi. O, həbsdən azad olunmasına görə Qərbə təşəkkür etmişdi. Nə sirdirsə, indi – həbsdən çıxıb doyunca dincəldikdən sonra yadına saldığı “partiya başçıları və tərəfdarları” o vaxt – həbsxana qapısı ağzında yadına düşməmişdi. Belə anlaşılır ki, bu gedişlə az müddət sonra məhz İlham Əliyevə də təşəkkür edəcək. Hər necə olmasa da uzaqdan dolanıb gəlir. Əvvəlcə Qərb, ardından “pariya başçıları və tərəfdarları”, sonda da onu həbsdən azad etmiş əsas şəxs – Prezident İlham Əliyev. Birdən-birə etiraf etməyə çətinlik çəkir, hikkəsi buna imkan vermir, ona görə belə gendən gəlir.
 
Daha bir dolaşıq fikrini tutduq bu müsahibədə. Yenə də həbsdən çıxanda inqilabi ruhda dediyi fikirlərdən birinə düzəliş etmiş kimi görünür. Onda sual etmişdilər ki, “siz müxalifətlə birləşəcəksinizmi?” Cavab vermişdi ki, “kimin kimə birləşəcəyi bəlli olmaz, onlar mənə birləşsin”. İndi isə “birləşmək” fikrini bir kənara atıb deyir ki, “əməkdaşlıq edəcəyik, amma buna qədər mən partiyamı quram gərək”. Bu gedişlə də göstərir ki, nə istədiyini heç özü də bilmir…
 
Regionçu olmadığını deyir. Yalandır! Həm də gözünün içinə kimi! Hamı hər zaman onu cılız regionçu kimi tanıyıb, bilib. Hətta bir zamanlar özünü mənsub olduğu Qərbi Azərbaycanın ağsaqqalı rolunda da görürdü. Bu gün də o iddiadadır. O da düzdür ki, Qərbi Azərbaycanlılar birmənalı olaraq həm ağsaqqal, həm də siyasi lider olaraq Prezident İlham Əliyevi qəbul edir. Görünür, Əli İnsanov da bunu anladığı üçün özünü antiregionçu kimi təqdim etməklə vəziyyətdən çıxmağa çalışır.
 
Hə, bir də Azərbaycanı korrupsiyalaşmış ölkə kimi xarakterizə edir. Kim, kim? Əli İnsanov! Ki, bu adamın özü Səhiyyə naziri olduğu dönəmdə ölkənin o vacib sahəsini bərbad günə qoyub özünə böyük rəqəmlərlə ifadə edilən sərvət toplamışdı. Hər kəs onun həbsinin ardından aşkar edilən kiloqramlarla qır-qızılı, külli miqdarda valyutanı TV ekranlarından izləyib və bizim yaddaşımız yerində olduğu üçün unutmamışıq. Yəni xirtdəyə kimi korrupsiyaya bulaşmış birisi Azərbaycanı korrupsiyada ittiham edir…
 
Deyir, Qərbə inteqrasiyanın tərəfdarıdır və bu yolda hətta İlham Əliyevə dəstək verməyə hazırmış. Sanki o olmasa İlham Əliyev Qərb yolundan dönəcəkmiş. Belə yerdə deməyə məcburuq ki, sizin kimilər mane olmasın, Prezident İlham Əliyev o inteqrasiyanı özü gerçəkləşdirəcək.
 
Bir də çox vəfasızmış bu adam, çox! Öz liderinə – əlindən tutub siyasi olimpin zirvəsinə doğru çəkmiş böyük dövlət adamına – Heydər Əliyevə də arxa çevirir! İki aya yaxındır əfv edilib, həbsdən çıxıb, lakin hələ də Heydər Əliyevin məzarını ziyarət etməyib! Halbuki hakimiyyətdə – vəzifədə olduğu dönəmdə durmadan iddia edirdi ki, Heydər Əliyev yolunun yolçusudur. Hanı bəs? Lap tutaq ki, siyasi mövqeyin bugünkü hakimiyyətlə üst-üstə düşmür. Lap elə hirsindən, hikkəndən Prezident İlham Əliyevlə barışmağı özünə sindirə bilmirsən. Bəs onda ulu öndər Heydər Əliyevə bu sayğısızlığı nə ilə izah edərdin? Etsən belə anlaşılması çox çətin olacaq, çox…
 
Əli İnsanovun korrupsiya olimpindən yuvarlanıb həbsxanadan keçmiş yolunun birdən-birə Qərb yönümlü siyasətçi istiqaməti götürməsi də bir ayrı söhbətin mövzusudur. Məgər həmin o Qərb deyilmiydi səni Səhiyyə naziri olduğun dönəmdə korrupsiyada ittiham edən? Və o sən deyilmiydin həmin o Qərbin çağırışlarını qulaq ardına vuran? İndi nə oldu? Qərbin köhnə korrupsionerə qucaq açacağınımı sanırsan? Açmaz, açmaz. İstifadə edər, amma qucaq açmaz. Bunu da yaşlı-başlı birisi olaraq anlamanız lazımdı, lakin…
 
Sözardı: Müsahibədə kəfən filan söhbəti də vardı. Açığı, çox da bənd olmadıq. Zatən bilirik ki, kəfənin ucunu belə görsə bu adam tir-tir əsəcək. Hə, bu arada onu da əlavə edək ki, qisasçı rolunu üstlənmək istəyir bu adam. Qisasçılığınsa siyasətin “s”sindən xəbərsizlərin seçimi olduğu ta qədimdən bilinən gerçəkdir…