1257
writer1

Ramilə Qurbanlı

Məqalə sayı

100
16:44 01 May 2019

Hərənin öz “Heyvagülü”sü

Kimə lazımdır sənin fikirlərin? Kimdir səni dinləyən, oxuyan? Sən nə çalırsan, çal, hərə öz “Heyvagülü”nə oynayır. Hərənin öz “Heyvagülü” var axı... Hamının bir “Heyvagülü” olsaydı, hamı onu oynayıb deyərdi ki...

 

Deyərdi ki, yaxşı, qoyuram bir tərəfə səhiyyəni, işim yoxdur onunla, nə günə qalır, qalsın. Uzaqbaşı, hərəmiz bir yarıtmaz həkimin əlində vaxtından əvvəl, adi xəstəlikdən ölüb gedəcəyik. Nə qədər ölsək də yerimizdə qalacaq. “Varıq, olacayıq, qalacayıq” məsələsi.

 

Heç incəsənət də olmasa da olar. Mədəniyyətimiz yoxdur, ölmürük ki, yaşayırıq da. İncəsənətimiz də olmasa, mövcudluğumuza xələl gəlməz. Köhnə kinolarımıza baxıb, nostalji hisslərlə zövq alarıq. Musiqimizin klassiklərindən bəhrələnərik, özülün üstündə yeni binalar ucaltmağa iqtidarımız çatmasa da. Üzeyir bəy, Qara Qarayev dühası bəsimizdir. Arif Məlikovu da itirəndən sonra salarıq o siyahıya. Yəni dediyim odur, şükür olanımıza – deyib var olarıq.

 

Təhsillə bağlı bunu deyə bilmirəm e, çünki təhsil onurğadır. Onurğa da bir olur, əvəzedicisi olmur. Sütun, bel sütunu eroziyaya uğradısa, əyildisə, qalırsan şikəst... 

 

Neynirəm məktəbi əla qiymətlərlə başa vurmuş, 700 bal toplayıb universitetə qəbul olunub, ilk semestrdə kəsilən gənci? Doğrudanmı, anlamırıq ki, əzbərlədikləri mənasız biliklər onların zehnini elə kütləşdirir ki, oxuduqları hamısı yadından da çıxır və zehin kütləşir, daha heç nəyi yadında saxlaya bilmir. Mənim orta məktəbdən yaddaşıma həkk olunan şeirlərin, mətnlərin heç birini bugünkü məktəbli keçdiyindən bir ay sonra qətiyyən xatırlamır.

 

Dərs yükünün ağırlığından uşaqların asudə vaxtları yoxdur. Kimsə deyəcək ki, asudə vaxtı olmasa yaxşıdır. Xeyir, yanlış fikirdir. “İnsanların başını qaldırmağa vaxtı olmasın” siyasəti imperiya siyasətidir. Bəlkə kimlərinsə beynində o vaxtdan ilişib qalıb, amma bizə lazım deyil, aydın düşünün. Uşağın asudə vaxtı olar ki, təmiz havaya çıxsın, həyətdə futbol oynasın. İdmana getsin, musiqiyə, rəqsə yazılsın. Bunların heç birinə vaxt qalmır indi.

 

İbtidailərə 5 günlük tətil verilib. Beş günlük tətildə hər fəndən az qala bir dəftər tapşırıq verilib. Yazıq məktəbli heç beş günə onu çatdıra bilməz. Dərs günlərindən də çox dərslə məşğul olmalıdır. Bəs, bu uşağın beyni nə vaxt dincəlsin? Bəlkə, düşünüb bir yaradıcı kəşflə qayıdacaqdı məktəbə, ona imkan yox, verilmir.

 

KSQ-lər və BSQ-lər uşağın bütün enerjisini alır. D vitamini çatışmazlığı kütləvi hal alıb. O cümlədən bütün uşaqlarda vitamin və mineral çatışmazlığı var. Həkimlər deposunu yaratmaq üçün həb yazır. Uşaq həyətdə oynayıb yaz günəşinin şüaları altında almalıdır o deponu, həblə yox. Bizim təhsillə müəllimlər elə bilirlər ki, mümkün qədər bütün dərslər proyektorla keçilməlidir. Yox, uşağın gün ərzində nə qədər proyektordan, kompüterdən istifadə edə bilməsinin qaydaları var o təhsil sistemində. Ev tapşırığını da kompüterə bağlayırlar, yəni get evdə də otur onun qarşısında. Sadalamaqla bitmir dərdlər. Hələ bəzi məktəblər sinif çatışmazlığına öz aləmlərində yaxşı əlac tapıblar - keçirlər 6 günlük təhsilə. Uşaqları düşünmürlər məktəblərdə. Uşaqlarımız əldən gedir.

 

Elə bilməyin ki, hərə öz “Heyvagülü”nə oynayıb aparıb uşaqları xaricdə oxutmaqla, yaxud bahalı liseylərə qoymaqla xilas olacaq, yenə yanlış, eyni gəmidəyik. Dediyim odur ki, hamımız bir “Heyvagülü”nə oynayaq. Normal təhsil sistemi yaradaq, uşaqlarımızı xilas edək. Gələcəyimizi də...