841
writer1

Aytən Yusifova

Məqalə sayı

4
15:24 19 Mart 2019

Bu bayram onsuz olmaz...

Uşaq təfəkkürün(m)ə görə bayramı onsuz  təsəvvür etmək mümkün deyil(di). Necə olar ki, bayram olsun və onu yeməyək. Amma belə dövrü keçirənlər xatırlar ki, ev-ev gəzib bayram payı yığanda, əvəzinə bizə "bakuş" adlanan şirniyyat növü verilərdi. Onu da əgər şanslıyıqsa ... Çünki ilk olaraq bayramda oğlan uşaqlarına verildiyi üçün, qalarsa biz də nəsibimizi alırdıq, qalmazsa artıq saqqız, konfetlə razılaşmaq məcburiyyətində idik. Məqsədim keçmişlə indi təsəvvür etmək deyil, məqsədim.... əslində məqsədim-zadım yoxdur. Novruzda bəzənib-düzənməyinə baxmayın, indi bazarda bahalıq və ucuzluq da onunla ölçülür. Seçilməyi bacarır... Yumurtanı deyirəm e, bayram yumurtasını. 
 
İl boyu yediyimiz halda nədənsə başqa cür dadıb, dadı damağımızda qalan nemətlərdən biridir bayram yumurtası. Adətən boyat yeməyi heç kim yeməz, amma bayram yumurtası qaldıqca dadlanır. Novruz bayramında isə yumurtanın bir rəmz kimi özünəməxsus yeri var. Bəs bununla bağlı hansı ayinlər keçirilir, folklorumuzda yumurtanın mənası nə deməkdir? Novruz adətləri deyəndə ağlımıza gələn ilk bölgələrdən biri Ordubad olduğu üçün suallara cavabı da burda axtaraq.  
 
Hələ bayrama az qalmış Ordubadın bəzi kəndlərində “qatar oyunu” adlanan bir oyun oynarlar. 5-6 kişi yığışıb, adətən 30 ədəd (1 kletka) yumurta alarlar. Sıra ilə yumurtaları vurular və oyun başlar. Əgər yumurta sınarsa, oyun sırası digərinə keçər. Beləliklə sonda kim qalarsa, bütün çat yumurtalar onun olar. Burda möhkəm yumurta da seçmək önəmli. Bunu bacaran adam oyunu da aparar. Deməyin ki, bu çat, sınmış yumurtalar nəyə yarar? Elə oyunun bayramdan əvvəl oynamağın da mənası burda gizli. Çünki Ordubadda xüsusi şirniyyatlar bişirildiyi üçün, bu yumurtalar şirniyyat hazırlanması zamanı istifadə olunar. 
 
Bu oyundan başqa, bayram ərəfəsində hər kəs yumurta döyüşdürər. Mütləq hər kəsin cibində bir yumurta olur, getdikləri evdə, küçədə kimi görərlərsə tez cibindən çıxardıb yumurta döyüşdürərlər. Qədimdən qalma bir adət də var ki, hələ bayrama 1-2 ay qalmış yumurta seçər və onu duza qoyarlar. Duzun içində qalan yumurta möhkəmlənər və onu boyadıqdan sonra artıq bu yumurta əsl “yumurta qatili”nə çevrilir. Təbii ki, burda məqsəd yumurtanı yemək yox, qalib gəlmək, qazanmaq duyğusudur. Ona görə də hamı çalışar ki, qalib gəlsin. 
 
Çərşənbə, xüsusən də bayram axşamından bir gün qabaq yumurta boyanar. Yumurtalar əsasən təbii üsulla boyanır ki, uzun müddət qala bilsin. Bunun üçün adətən soğan qabığından istifadə olunur. 25-30 yumurta soğan qabığı ilə birlikdə qazana qoyular, bir yerdə qaynadılar. Bundan başqa bəzi bölgələrdə, soğan qabığı əvəzinə samandan da istifadə olunar, onda yumurtalar sarı rəngə boyanar. 
 
Ordubadın kəndlərində xüsusi olaraq bayram günü səhər-səhər uşaqlar bayram paltarlarını geyinər və evləri gəzərək, yumurta payını yığarlar. Ən gözəli odur ki, hər evə getdikcə, "bayramınız mübarək, neçə belə illərə çıxasınız" deyər və yumurta paylarını alıb başqa evə üz tutarlar. Yadımda sırf bayram günü evləri gəzəcəyik deyə axşam həyəcandan yatmaz, səhər hamıdan tez oyanardıq. Balaca vaxtımızda bizi daha böyük uşaqlara qoşardılar, böyüdükcə isə balacalar bizə qoşulmağa başlardı. Evləri gəzib çantamızı doldurmuşuqsa, evə qayıdıb boşaldar, yenidən üz tutardıq yumurta yığmağa. Təsəvvür edirsiniz, 30-40-a yaxın yumurta, həm də boyanmış yumurta toplasaq da, yenə də çalışardıq ki, heç bir ev qalmasın. Maraqlısı odur ki, yaddan çıxan evləri bir biri yadımıza salardıq, əgər o evə getmişiksə, bizə ikinci dəfə verilən yumurtanı heç vaxt almazdıq. Çünki başa düşürdük ki, bu başqasını payıdır, biz öz payımızı almışıq. Başqa vaxtı bir yumurta yeməkdə çətinlik çəkəndə həmin gün saysız-hesabsız yumurta yeyərdik, hətta 3-4 gün qaldıqda daha da dadlı olurdu bu yumurtalar. 
 
Çox maraqlı olan isə budur ki, yumurta uzun müddət saxlananda çəkisi azalır. Nənə-babalarımız bunu həyat təcrübələrindən öyrənmişlər. İnanca görə bayram yumurtasının çəkisi azaldıqca bizim də üzərimizdə olan ağırlıqlar da azalır, ona görə də uzun müddət xonçada saxlaya bilirlər. 
 
Gələk yumurta ilə bağlı həyata keçirilən fala. Adətən axırıncı çərşənbə və ya bayram axşamı bir boyanmamış, çiy yumurta götürər, onu qaranlıq, heç kimin görə bilməyəcəyi (tövlə, zirzəmi) yerə  yanına da bir qara, bir qırmızı qələm qoyub niyyət tutarlar. İnanca görə əgər səhər gedib yumurtanı götürəndə üstünə qırmızı xətt düşübsə, bu niyyətin baş tutacağına, qara xətt varsa, baş tutmayacağına işarədir. Nə qədər doğrudur, bilinməz, amma insanlar inancla yanaşarlar. 
 
Etiqada görə, yumurtadan həm xeyir, həm də şər törəyə bilər. Yumurta dörd əsas maddi nemət olan  hava, su, torpaq, odla  mənalandırılır ki, yumurtanın dairəviliyi və qabığı-torpağı, pərdəsi-havanı, ağı-suyu, sarısı-odu simvollaşdırır. 
 
AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun  Etnoqrafiya şöbəsinin müdiri Asəf Orucov "yumurta  artıb çoxalmaq" rəmzidir deyir. Onun sözlərinə görə ta qədimdən xalqımız yumurtanı həyatın, canlılığın rəmzi hesab etmişlər. 
 
Yumurtanın rənglənməsinin mənalarına gəlincə isə etnoqraf hesab edir ki , yumurtanı qırmızı  boyamaq günəş rəmzi, yaşıl isə yaşıllıqdan xəbər verir.  
 
Nə deyək, bayram yumurtası qədər rəngli günlər sizin olsun. 
 
Bayramınız mübarək!