<b>Trampın xınası, Putinin yuxusu, 7 ilin sevincini ifa edən orkestr -<span style="color:red;"> REPORTAJ </b>
01 mart 2019 21:42 (UTC +04:00)

Trampın xınası, Putinin yuxusu, 7 ilin sevincini ifa edən orkestr - REPORTAJ

“Günlərin birində biri redaksiyaya zəng vurub ki, qardaş, mənim atam ölüb, təcili Moskvaya teleqram vurmalıyam”.

 

“Nə dediniz bəs?”

 

“İzah edirik ki, bura saytdır, poçt deyil, xeyri yoxdur. Nömrəni də internetdən tapıb”...

 

“Teleqraf” agentliyində doğum günü qeyd edilirdi. Biz də gəldik onların sevincinə ortaq olaq. Deməli, Publika.az-la Teleqraf.com-un 7 yaşı tamamdır.

 

“Gözlə, birini də danışım... – “Gündəlik Teleqraf”ın redaktoru Zahid müəllimdir. – “Bir dəfə bura qadınlar hücum çəkmişdi”.

 

“Necə ki?”

 

“Bizim kriminal müxbir Hacı... Hacı, necə olmuşdu o?”

 

Hacı danışır:

 

“Mən bir məktəbliyə təcavüz olunması hadisəsindən yazmışdım. Üç gün sonra anası, qohumları hücum çəkmişdi redaksiyaya. Mən də onda burda yox idim.”

 

“Nə oldu bəs?”

 

“Heç nə özlərini öldürürdülər, yaxalarını cırırdılar ki, o yazı yalandır, çıxmalıdır. Mən də bunu hüquqi sənədlərə əsasən yazmışdım”.

 

“Çıxartdınız yazını?”

 

Cavab çox qısa oldu: “Yox...”

 

“Deməli, bir dəfə də - Hacı həvəsə düşüb – biri sayta şikayətə gəlib. Deyir ki, filan yazı çıxmalıdır. Bizdə də admin təzə idi, kodu bilmirdi. Kişi 102-yə zəng elədi ki, yazımı çıxarmırlar, kömək edin”.

 

Gülüşmənin arasında Hacının az-maz közərən səsi: “Qorxdum ki, polislər tökülüşəcək bura”.

 

“Gündəlik Teleqraf”ın redaktoru Qurban Yaquboğlu qəzetin ilk sayı çap olunanda Türkiyədəymiş. Danışır ki, bir dəfə müsahibəyə gedibmiş, çəkdiyi bütün fotolar silinib. Ey dadi-bidad! Nə edəsən? Düşüb proqramistlərin üstünə. İşə çataçatda yaxınlıqdakı bir kompüter ustasının yanına dəyib. Oğlan soyuqqanlılıqla deyib ki, bir saata həll olunar. Və Qurban müəllim indinin özündə də o fotoların qayıtmasına inana bilmir.

 

Publika.az-ın otaqlarında sükut əlini qolunu sallaya-sallaya dolaşır.

 

- Ad günü keçirmirsiniz?

 

Səs yox.

 

- Tort kəsmirsiniz?

 

Qırışıqları açılır.

 

- “Teleqraf”ın redaksiyasında hamı maraqlı şeylər danışır. Sizdə durğunluqdur.

 

Hiss edirəm ki, oxum hədəfə dəyib. Bu arada kriminal xəbərlərin qənimi Nizam gəlib çıxır və Lent.az-a salam deyir.

 

- İnanırsan, Ayxan, heç bir intihar xəbərinə təsirlənə bilmirəm. Bircə Türkiyədəki bir intihar hadisəsi təsir edib mənə. O qədər kriminal xəbərlər yazmışam ki, artıq heç nə məni təəccübləndirmir.

 

Nizamın nitqinin sonu: “Bir adamın ölümü ölümdür, bir milyon adamın ölümü statistika”.

 

Redaktorların əyləşdiyi otaqdayıq. Baş redaktor Aqil Lətifov buranın ailə mühiti olduğunu söyləyir.

 

- Gecikənlər olur heç?

 

- Olur, əlbəttə. Amma bizim işçilər bəzən gecə də işləyirlər. Yəni bunu kompensasiya edirlər.

 

- Kimdir ən çox gecikən?

 

- Biri var, həmişə gecikir, amma adını deməyəcəm. Yaxşı qələmi var.

 

- Kimdir? Deyin də...

 

- Siyasətdən yazan Asifdi...

 

Sizi təcili Asifin yanına aparıram. Deyilənə görə, buranın baməzəsi, hamının üzündə təbəssüm yaratmağı məharətlə bacaran müxbiridir. “Publika”nın Cem Yılmazı ilə qarşı-qarşıyayıq.

 

- Bizdə bir xanım vardı, - Asif gülüşünü güclə boğa-boğa danışır, - bir gün ona sual verdim ki, səncə, niyə Trampın İranla münaqişəsi var? Başını yellədi. Dedim, Tramp başına İran xınası qoyur, İran da bu xınanı vermir, bütün münaqişə də bunun üstündə yaranır.

 

Bayaqdan susub oturan redaksiya işçilərinin arasına elə bil qumbara atılır, hərəsi bir tərəfdə gülüşlə partlayır.

 

- Qızları aldadıram. Aldadıram deyəndə... Bəzən sözümün ciddi, ya zarafat olduğunu başa düşmürlər.

 

Müxbirlərdən Zümrüd araya girir:

 

- Bu məni bir dəfə aldadıb. Gəlib şokolad paylamışdı. Deyirəm, nə məsələdir, xeyir ola, səndən bu jest hardan? Dedi, Gülxar, bizim sosial müxbirin nişanıdır. Elə sevindim...

 

Gülxarın həmin gün dedikləri:

 

- Az, yalan deyir. Nə nişan?

 

Çox sevirlər Asifi. Deyirlər, onsuz burda gülməyi unudarıq.

 

Asif hər “Publika”nın ad günü gələndə burda ilk işlədiyi günləri xatırlayır. Onda da “Publika”nın yaş günüymüş və əməlli-başlı qonaqlıq varmış: “Aqşin Yeniseylə orda tanış oldum. Bəxtiyar Əlirzayevdi, mənəm, Aqşindi. O qədər içdik ki, bir az keçəndən sonra bir-birimizi tanıya bilmədik” – gülüşünü saxlaya bilmir və biz növbəti səhnədən məhrum qalırıq.

 

Dünya siyasətindən yazan Ömər də redaksiyanın maraqlı simalarındandır. Səsi çıxmırdı amma. Qızlar onu həvəsləndirməyə çalışır:

 

- Danış da...

 

Asifin yumoru işə düşür:

 

- Bunun çörəyi müharibələrdən, dünyadakı münaqişələrdən, ölüm-itimdən çıxır.

 

Ömər yorğun-yorğun gülümsünür.

 

Zümrüdün birdən yadına nəsə düşür:

 

- Bunun yuxuları maraqlıdı e...

 

Ömərin buzu əriyir:

 

- Hə, çox yuxu görürəm. Sonra da yadımdan çıxır.

 

- Danış da... Bir dəfə Putini görmüşdün e...

 

- Yadımdan çıxıb.

 

- Tez-tez görürsünüz siyasətçilər?

 

- Putini çox görürəm. Qan. Müharibə-filan...

 

İndi fikir verirəm ki, Çe Gevaranın rəsmi asılıb otaqdan.

 

- Bunu kim asıb ora?

 

Sənət müsahibələri ilə tanınan Leyla Sarabi deyir ki, Elçin Əlibəyli gətirib.

 

Aqşin Evrənə soruşuram: “O, əvvəl başqa otaqdaydı, sonra bura gətirdilər”.

 

Leyla Sarabi deyir ki, mən Çe Gevaranı görmüş bir azərbaycanlı alimlə müsahibə eləmişdim, çox maraqlı şeylər danışmışdı. Daha çox əcnəbilərdən müsahibələr alır Leyla. Deyir, onlar danışmağa daha meyllidirlər:

 

- Bir dəfə fransız heykəltəraşından müsahibə almışdım. Həmin gün də bizdə bir oğlan Rəqsanədən müsahibə eləmişdi, yaman çox oxunmuşdu. Gəlib mənə sataşırdı ki, bax gör sən nə gündəsən, müsahibən az oxunub, mənimkisə partlayıb. İncidim ondan.

 

Mohsen Namjonu çətinliklə tapıb, sonra Votsapda səmimi söhbət ediblər, kişinin saqqızını oğurlaya bilib, yaxşı da müsahibə ərsəyə gətirib.

 

“Yadımdadır, bir dəfə bir siyasətçiyə zəng elədim. Nəsə bundan soruşacaqdım. Dedim, üzr istəyirəm. Qayıtdı ki, kişilər yaramaz olur, onlardan üzr istəməyin” – Leylanın unutmadığı anlardan biri.

 

Zümrüdlə Gülxarın adları yadda saxlamaq problemi var.

 

- Bu gün Rauf Arifoğluya zəng edib dedim ki, “necəsiz Arif müəllim?” – Zümrüd deyir, gülüşürlər.

 

Gülxar:

 

- Mən nömrələri çox vaxt əzbər bilirəm. Bir dəfə millət vəkili ilə həkimin nömrəsini qarışıq saldım. Səhvən bir neçə dəfə həkimə zəng eləyib üzr istədim. Axırda zəng eləyəndə utandım, tez özümdən bir mövzu quraşdırıb həkimə soruşdum, bir material hazırladım.

 

Şou müxbir Aytənin masasında üç şey diqqətimi çəkdi: güzgü, məşhur aktrisa Odri Hepbernin qələmlə çəkilmiş portreti və bir də əzilmiş yarpaq.

 

- Deyəsən, özünüzü çox bəyənirsiniz. Güzgü ondandı... – zarafat edirəm.

 

- Yox, mən masayla eyni rəngdə taxta aldım, sonra güzgünü ora qoymağı düşündüm.

 

Leyla onun köməyinə çatır:

 

- O güzgü bizə qadın olduğumuzu xatırladır.

 

Odri Hepbernin gözəl-göyçək şəklini Aytənə yaxın birisi hədiyyə edib. Görünür, naməlum şəxs onu bu xanıma bənzədir. Burda bir məhəbbət qoxusumu var? Nəysə, bu bizlik deyil.

 

- Yarpaq?

 

- Leyla ilə payızın təzə gəldiyi vaxt gəzirdik. Parkda bu yarpağı gördüm, mənə miskin və kədərli gəldi, gətirdim bura.

 

Aqşin Evrən gəlib zarafat atdı ortaya:

 

- Ayxan, burda çox durma, sənə də xəbər yazdırarlar.

 

İşçilər öz aralarında xudmani bir masa açıb çay süfrəsində bu günü qeyd edəcəklər. Amma gurultulu qonaqlıq hələ qabaqda olacaq. Fotoqraf Pərviz də deyir, ümidlə o qonaqlıq gününü gözləyirəm. Əslində hamının üzündə bu arzunun işartıları dolaşmaqda...

 

Mən onları burda qoyub, rəsmi qapıdan içəri keçdim. Rəsmi qapı deyəndə ağlınıza ayrı bir şey gəlməsin. “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı ilə müsahibəni nəzərdə tuturam.

 

 

***

 

- Aynur xanım sizi Teleqraf və Publikanın 7 illiyi münasibəti ilə təbrik edirəm. Saytın ilk günlərini necə xatırlayırsınız?
 
- Düz 7 il əvvəl, martın 1-də “Gündəlik Teleqraf” qəzeti və Publika.az saytı olaraq fəaliyyətə başladıq. Təbii ki, bir az həyəcanımız, narahatlığımız vardı. Çünki artıq Azərbaycan media məkanında oturuşmuş, nüfuz qazanmış onlayn və çap media orqanları vardı. Onların içində seçilmək, fərqlənmək, öz sözünü demək, təbii ki, kifayət qədər çətin və məsuliyyətli idi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, biz qısa müddətdə bu geniş media orqanları içində öz yerimizi tuta bildik. Azərbaycan mediasında stabil oxucu auditoriyası olan azsaylı media qurumlarından birinə çevrildik. Müqayisələrim belə deməyə əsas verir ki, bizim hər bir media brendimiz öz oxucunu toplayıb. Axar.az-ın oxucusu tam ciddi, ictimai-siyasi auditoriyadırsa, Publika.az fərqlidir, orda həm şou-maqazin, həm kriminal, həm də sosial materiallar öz oxucusunu tapa bilir. Teleqraf.com isə daha çox internet qəzet olaraq özünü təsdiqləyib. 
Bir-birindən fərqli və çoxşaxəli fəaliyyət, müxtəlif oxucu auditoriyalarını əhatələmək böyük zəhmət tələb edir və qürurluyam ki, kollektivimiz bu işin öhdəsindən yüksək səviyyədə gəlir. 
 
 
- Hansı sizə daha doğmadır?
 
- Hamısı. İnsan övladlarına fərq qoya bilmədiyi kimi yaratdığı brendlərə də fərq qoya bilmir. Sadəcə hər birinin öz istiqaməti var. Axar.az-ın ingilis və rus dillərində də versiyaları fəaliyyət göstərir və onu da xüsusilə vurğulayım ki, Azərbaycan mediasında ilk dəfə olaraq Axar.az xarici dillərdə olan versiyalarında tərcümə işi ilə deyil, redaksiya kimi fəaliyyət göstərmək istəyini nümayiş etdirib. Axar.az-ın rus dilində olan versiyasının kollektivi də kifayət qədər böyükdür və onlar çox ciddi təbliğat işləri aparırlar. Həmçinin Axar.az Azərbaycanda yeganə saytdır ki, əski əlifaba versiyası var. Dünyada azərbaycanlıların böyük əksəriyyətinin əlifbası ərəb əlifbasıdır – İraqdan. Suriyadan Əfqanıstana, əlbəttə ki, İrana qədər böyük bir coğrafiyada məskunlaşan Azərbaycan türkləri ərəb əlifbasından istifadə edirlər. Axar.az-ın Güney bölməsinin də məqsədi daha çox soydaşlarımızı xəbərləri Azərbaycan ədəbi dilində çatdırmaqdır. Bildiyiniz kimi, ərəb əlifbası ilə Güneydə onlarla sayt fəaliyyət göstərir, amma təəssüf ki. onların heç biri Azərbaycan ədəbi dilində deyil və daha bir təəssüfləndirici hal odur ki, güneyli yazarlar “ədəbi dil” deyəndə, daha çox Türkiyə türkcəsində sözlərdən istifadəni təsəvvür edirlər. Biz onlarla əlaqə qururuq, onların yazılarını ədəbi dilimizə uyğunlaşdırırıq. Çox arzu edərdik ki, Azərbaycan mediası ümumilikdə bu iqtisaməti yaddan çıxarmasınlar və mümkün olduqca ərəb əlifbası versiyalarının sayı artsın. Əlbəttə, ərəb əlifbasını, eyni zamanda, ədəbi dili və Güney dialektlərini bilən jurnalistlərimiz yox səviyyəsindədir. Ancaq hesab edirəm ki, onları yetişdirmək də bizim vəzifələrimizə daxildir...
Yeri gəlmişkən, Publika.az və Teleqraf.com-un ad günündə Axar.az-dan ona görə daha çox danışıram ki, Axar.az-çılar özlərini “qərib” hiss etməsinlər...
 
 
- Kollektivdə daha çox gənclərdir... 
 
- Əslində elə də olmalıdır. İndi onlayn mediadır. Bu yeni mediaya, onun ağırlığına, texnologiyasına köhnə nəsil öyrəşməkdə çətinlik çəkir. yeni media yeni nəsilindir. Gənclərin mediasıdır indi və bizim də onlara yer ayırmağımız çox təbiidir. Medianı velosipedə bənzədirlər, nə qədər hərəkətdədir, yıxılmır, ancaq dayananda o, artıq aşacaq. Bu mənada gənclik dinamikdir və onlara daha çox ehtiyac var. Prinst media dövrü arxada qalıb, sovet dövrünün jurnalistika qaydaları ilə işləmək yoxdur artıq. İndi sosial şəbəkələr əsas rol oynayır və gənclər də burda daha çox aktivdirlər. 
 
- Müdir-işçi münasibətləriniz necədir? 
 
- Çox sadə. Bizdə ümumiyyətlə, belə baryerlər yoxdur. Qapım həmişə işçilərə açıqdır. Bizim işçilər istədikləri vaxt mənim otağıma girib-çıxa bilirlər. Telefonum hər kəsdə var, eləcə də Vatsap və Mesencerdə yaza blirlər. Yəni bizim aramızda müdir-işçi münasibətlərindən daha çox, dostluq, doğmalıq, yaradıcı münasibət var. Burdakı uşaqların hamısına həqiqətən də öz övladlarım kimi baxıram. Biz bir yerdə sevinir, bir yerdə kədərlənirik.
 
 
- Nə qədər maaş verirsiniz?
 
- (gülür). Azərbaycanda bunu həmkarlarımın çoxu da təsdiqləyə bilər ki, maliyyə imkanları məhdud olan bir media şirkətiyik. Bizim uşaqlar demək olar, sözün həqiqi mənasında entuziazmla çalışır. Yəni başqa media orqanları ilə müqayisədə bizim maaşlar qat-qat aşağıdır. Çox zaman da işçilərimiz böyük fədakarlıq edib qalırlar, bizi tərk etmirlər. Mən bilirəm ki, onlara daha yaxşı maaş verən media qurumları var. Dəfələrlə mənim iştirakımla onlara bu təkliflər olunub. Amma getmirlər, bu kollektivdən ayrılmaq istəmirlər. Təbii ki, bu da aradakı dostluq münasibətindən, iş mühitindən, sevgidəndir. Bu, saytlara olan doğmalıqdan irəli gəlir. Halbuki getsələr, mən onlardan incimərəm. Doğrudan da bizdən ikiqat, üçqat daha artıq maaşa işləməyə çağırılanlarımız var və gedənləri anlayaram. 
 
- Aynur xanım, yəqin ki, bütün yazıları izləmək imkanınız yoxdur. Ən əsas nələrə diqqət edirsiniz saytda?
 
- Təbii ki, hər 3 saytın bütün materiallarını izləmək fiziki baxımdan mümkün deyil. Əsasən, gündəmin izlənməsi, xəbər siyasəti, mövzuların əhatələnməsi istiqamətlərinə baxıram. Vaxtaşırı müdaxilə edirəm – xüsusən də başlıqlarda. Bunu gizlətməyəcəm. Bəzən öz fikirlərimi deyirəm, hansısa redaktə işləri də aparıram. Ancaq hər saytın öz baş redaktoru və mən onlara güvənirəm. Özüm də yazılar yazıram, demək olar, hər gün yazının içindəyəm... 
 
- İşçiləriniz yazılarınızı paylaşmalıdır?
 
- (gülür). Nə danışırsınız?! Bizdə qətiyyən belə bir şey olmayıb, ola da bilməz. Mən bildiyim qədərilə, yazılarım o qədər də paylaşılmır. Nadir hallarda olar ki, hansısa əməkdaş mənim yazıımı paylaşsın. Son vaxtlar heç qarşıma çıxmayıb. Mənim heç ağlımdan keçməyən bir şeydi bu. 
 
- Aynur xanım, işçilər də yəqin ki, bu sualı gözləyir: 7 illiyi xüsusi qeyd edəcəksinizmi?
 
- Əlbəttə. Yaxın günlərdə toplanacaq və bunu xüsusi qeyd edəcəyik. Uşaqlar da həvəslə gözləyirlər. 7 müqəddəs rəqəmdir. Buna görə də bu ad gününü xüsusi qeyd etmək lazımdır. 
 
 

***

 

 

Gəldik çatdıq yazımızın son abzasına. Bu məqamda gördüm ki, “Publika”nın xanım əməkdaşları bizi gözləyirlər. Tort kəsmişdilər və hamı yığışmışdı başına. Çayların qurtumundan, çəngəllərin cingiltisindən, işçilərin zarafatlarından gözümün qabağında orkestr canlandı və bu orkestrin mehriban səsi bütün holdinqi ağuşuna aldı... 

 

 

 

# 1862
avatar

Ayxan Ayvaz

Oxşar yazılar