<b>Baş bankirdən problemli kreditlərlə əlaqədar <span style="color:red;">TƏKLİF </b>
01 mart 2019 17:02 (UTC +04:00)

Baş bankirdən problemli kreditlərlə əlaqədar TƏKLİF

“Bu gün məhkəmələrdə olan 850 min işin yarısı problemli kreditlərlə əlaqədardır. Üstəgəl, burada həm də kredit götürən insanlara zamin duranlar da var”.
 
Lent.az-ın məlumatına görə, bunu REAl TV-yə müsahibəsində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını şərh edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
 
E.Rüstəmov deyib ki, bu fərman ümumilikdə problemli kreditlərin 95 faizini əhatə edir: “Bu, bankların sağlamlaşdırılması istiqamətində ciddi addımdır. Banklara verilən güzəştli kreditlər nəticəsində həm də kreditləşmə üçün ucuz kreditlər əldə olunacaq”.
 
Mərkəzi Bankın sədri qeyd edib ki, hazırda bu sahədə görüləcək işlərin normativ bazasının və mexanizminin yaradılması üzərində iş aparılır: “Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə böyük iş düşür. Problemli kreditlərlə bağlı düzgün siyahıların hazırlanması istiqamətində böyük təşkilatçılıq işləri görülməlidir. Bu sahədə işlərin mühüm hissəsi görülüb, ötən 2 ay ərzində banklardan müvafiq məlumat alınıb. Bağlanmış banklarla əlaqədar əhali Əmanətlərin Sığortalanması Fonduna müraciət etməlidir. Məncə, banklar vətəndaşların sorğularına cavab vermək üçün müvəqqəti Komitə yaratsalar, yaxşıdır. Bu Komitə məhz vətəndaşların sorğularının cavablandırılması, bu işlərin görülməsi ilə məşğul olmalıdır”.
# 842
avatar

Oxşar yazılar