1090
15:31
25 Fevral 2019

“Elə oğlanların ölümünü görmüşəm... elə bilirəm özüm ölüb getmişəm...” – QADIN DÖYÜŞÇÜNÜN DƏHŞƏTLİ XATİRƏLƏRİ

Rubrika: “ZƏRİFLƏRİN SAVAŞI”

Lent.az “Zəriflərin savaşı” layihəsini davam etdirir. Bu silsilədə müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər.O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.

Layihəmizin növbəti qəhrəmanı Qarabağ müharibəsi veteranı Elmira Hüseynovadır.

...Könlümün sevgili məhbubu mənim – vətənimdir, vətənimdir, vətənim... Vətənə həsr olunmuş şeirlər arasında ən çox sevdiyi bu idi. Şagirdlərinə də bu şeiri mütləq əzbərlədirdi. Əzbərləməyənə “iki” yazırdı. Onda hələ Ağdamın sakit, firavan, çəmənlərini, meşələrini qan əvəzinə qırmızı çiçəklər bəzəyən, səmasından güllə əvəzinə yağış, qar yağan vaxtlarıydı. Onda hələ şagirdlər də məktəbə qorxa-qorxa, hürkə-hürkə getmirdilər. Sinif otaqlarına bomba, qrad atmırdılar. Amma çox keçmir ki, fələyin çərxi dönür. Ağdamın başını qara buludlar alır. Sinif otaqlarını bombalar, qradlar dağıdır. Şagirdlər məktəbə yox, cəbhəyə yollanır. Elə ədəbiyyat müəllimi də məktəbi döyüş bölgəsinə dəyişir - sevgili məhbubunu düşmən təcavüzündən qorumaq üçün. Döyüş bölgəsi isə tamam başqa məktəb imiş demə – həyat, savaş, mübarizə, ölüm-dirim məktəbi...

“Şagirdlər kütləvi şəkildə dərsə gəlmirdilər, atılırdılar cəbhəyə

- Əslimiz Şuşadan idi, amma Ağdamda yaşayırdıq. Tez-tez Şuşaya gedirdik. Yadımdadı, mən hələ uşaq olanda babamla Şuşaya - baba evlərinə gedirdik. Hər dəfə də yol boyu babam mənə 1918-20-ci illərdə Əsgəranda, Şuşada döyüşdüyü yerləri göstərirdi. Ermənilərin vəhşiliklərindən, gördüyü hadisələrdən danışırdı. Deyirdi, ermənilər qaynar samovarı qadınların, kişilərin belinə bağlayırdılar. Hamilə qadınların qarnını yarıb uşağı çıxarırdılar ki, türk doğulmasın. Mən də qulaq asırdım, deyirdim, baba, yenə müharibə olsa, mən də gedib ermənilərlə döyüşəcəm. Nə biləydim ki, uşaq ağlıyla, qavramadan dediyim bu sözlər illər sonra gerçəyə çevriləcək. Və döyüş bölgəsində olduğum illər ərzində babam gözümün qabağından getmədi...

Atam nəqliyyat sahəsində işləyirdi. Anam isə ədəbiyyatçıydı. Həm də məktəb direktoru idi. Düzdü, uşaq vaxtı polis olmaq istəyirdim. Geyimlərindən xoşum gəlirdi. Amma böyüdükcə ədəbiyyata marağım artdı. Mən də anamın yolunu davam etdirmək qərarı verdim. Özüm də şeirlər yazırdım. “Ağdam yolu” qəzetində çap olunurdu. İnstitutu bitirəndən sonra 1 nömrəli məktəbdə Azərbaycan dili, ədəbiyyat müəllimi və direktor müavini işləyirdim. Rayonda 4 min müəllim vardı. Şəhərin ən öndə gedən müəllimlərindən biri mən idim. O vaxt təhsil naziri Kamran Rəhimov Ağdama gələndə mənim sinfimə gətirirdilər. Bütün tədbirlərdə çıxışçı kimi məni qeyd edirdilər. Savadlı şagirdlərim vardı. Müəllim kimi sevib-sevilirdim. Müharibənin başlaması hər şeyi darmadağın elədi. Məktəbi hərbi hissəyə, qələmi silaha dəyişməyə məcbur oldum. Ağdamda 3 yerdə evimiz vardı. Biri mərkəzdə, “raykom”un yanında idi. Bütün nümayişlər orda keçirilirdi. Mən də nümayişlərdə iştirak edirdim, hadisələri yaxından izləyirdim. Bir də görürdün, atamın maşınını götürüb, sürüb gedirdim postlara. Maraqlıydı ki, görüm əsgərlərimiz necə keşik çəkir, necə vuruşur. Getdikcə rayonda vəziyyət dəyişməyə başlayırdı, gərginlik artırdı. 1991-ci ildə məktəblərə qrad atırdılar, sinif otaqları partlayırdı. Yaxud evə bomba düşürdü, bütün ailə məhv olurdu. Artıq 10-cu sinif şagirdlərini məktəbdə saxlaya bilmirdik. Kütləvi şəkildə dərsə gəlmirdilər, atılırdılar cəbhəyə. Cəbhədən də onları geri qaytarırdılar ki, yaşınız çatmır. Mən də dözmədim. Vətən sevgisindən şagirdlərinə danışan müəllim döyüşə getməyə bilərdimi? Deyəcəkdilər müəllim millət, vətən sevgisindən danışır, amma qaçıb getdi Bakıya. Axı o vaxt elə ailələr vardı ki, ev-eşiyini satıb Bakıya getmişdi. Bir də, atam Əşrəf Hüseynov da döyüş bölgəsində olurdu. Hər gün Ağdamdan tələbə qızları avtobusla Şuşaya dərsə aparıb-gətirirdi. Atama daha yaxın olum deyə mən də döyüş bölgəsinə getmək qərarına gəldim. Düzdü, əvvəl atam qərarıma qarşı çıxdı. Dedi, ora qadın-qız yeri deyil, ermənilər tutub apara bilər. Amma atamdan gizli getdim. 10 gün sonra atam bildi, daha heç nə demədi.

“O səsi eşidəndə bir əsgərimizin ürəyi partla

Elmira Hüseynova ilk dəfə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qərargahında xidmətə başlayıb. 100-dən çox erməni əsirinin qaytarılması əməliyyatında iştirak edib.

- Ağdam Pionerlər Evi Allahverdi Bağırovun qərargahı idi. Mən də ora gedirdim. Mənə silahdan istifadə etməyi, söküb-yığmağı, atəş açmağı onun oğlu Elşən öyrətdi. 1992-ci il fevralın 24-ü, ya 25-i xocalılar ratsiyayla xəbər verdilər ki, “bura ermənilər yığışır, tank, BMP texnika toplayırlar, bizi mühasirəyə alırlar, vəziyyətimiz yaxşı olmayacaq. Bakıya xəbər vermişik, deyiblər, vertolyot, texnika göndərəcəyik, amma heç nə göndərməyiblər”. 25-i gecə Allahverdi bəy xəbər verdi ki, ermənilər Xocalıya hücum edib. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək, xilas olmağa çalışmışdı. Onlara kömək üçün Ağdamdan dəstələr göndərildi. Xocalılar Ağdama yaxınlaşmağa az qalmış onların salamat qalanlarını qarşılayıb, gətirdilər. Camaat gecə elə yataqdan çıxıb qaçmışdı, ayaqyalın, başıaçıq idi. Gəlib çıxa bilənlərin əksəriyyətinin ayaqlarının altının dərisi soyulmuşdu, don vurmuşdu. Çoxu arxadan güllələnmişdi, yaralı idi. Onların bəziləri Ağdam xəstəxanasında, bəziləri isə vaqonlarda yaradılmış hospitallara yerləşdirildi. Çünki xəstəxanada yer yox idi. Meyitlər isə Ağdam məscidinə yığıldı. 20 Xocalı sakinini biz öz evimizdə yerləşdirmişdik. Amma şəhər işğal olunanda bilmədim hara getdilər. O günlər çox dəhşətli günlər idi. Ermənilər xocalıların başına müsibət gətirmişdilər. Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyanla danışığa girərək, 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Onlar hələ müharibədən qabaq tanış idilər. O vaxt Ağdamın “Qarabağ” futbol komandasının kapitanı Allahverdi Bağırov idi. Vitali isə ermənilərin futbol komandasına rəhbərlik edirdi. Məhz bu tanışlıq sayəsində Allahverdi Bağırov əsirləri geri alırdı. Elə olurdu, deyirdlər ki, məsələn, filan əsgərin meyitini versəz, 30 əsirinizi sizə təhvil verəcəyik. Ona görə də bizim döyüşçülər çalışırdılar erməni hərbçiləri sağ ələ keçirsinlər.

O ərəfələrdə bizimkilər 3 qaradərili muzdlu tutmuşdular. Böyük “Zil” maşınının arxasına qoymuşdular. Boyları 2 metrdən uzun olardı. Çox iri cüssəli idilər, vəhşiyə oxşayırdılar. Ermənilər əsirlikdə olan 12-13 yaşlı qız uşaqlarını zəncilərə peşkəş verirdilər. Heç yadımdan çıxmaz, Xocalı hadisəsindən 3 gün keçmişdi. Ermənilər ratsiyayla əlaqə yaradıb dedilər ki, siz tərəflərdə adət var, gəlin köçən qıza üç günlük eliyirsiz. Bu gün əsir götürdüyümüz qızların üç günlüyüdü. Alçaqlar ratsiyayla qızların çığırtısına, bağırtısına, fəryad səslərinə qədər dinlədirdilər. Hətta o səsi eşidəndən sonra ratsiyada oturan bir əsgərimizin ürəyi partlamışdı.

“32 dişini çəkib çıxarmışdılar, çənə əti üstündə”

3 dəfə, ümumilikdə təxminən 100-dən artıq əsirimizin gətirilməsi əməliyyatında mən də iştirak eləmişəm. Biz iki maşın gedirdik - ən çoxu 6 nəfər. Onlar isə tankla, BMP ilə gəlirdilər. Bir dəfə Allahverdi Bağırovla Əsgərana getdik. 13 kişi əsir gətirdik. Onları o qədər döymüşdülər ki, dərilərinin rəngi bilinmirdi – tuluğa dönmüşdülər, qapqara, gömgöy idilər. 90 yaşında Umudvar kişi vardı. Qocanı da elə döyərlər, ilahi?! Xocalıdan olan cavan oğlanın 32 dişini də çəkib çıxarmışdılar, çənə əti üstündə. Dəhşətli işgəncələr vermişdilər əsirlərə. Onları görəndə ağlım başımdan getdi. Allahverdi bəyə dedim, niyə etiraz eləmirsiz bunlara? Camaatı nə hala salıblar. Amma erməni əsirlər gülə-gülə keçirlər o tərəfə. Erməni hiss elədi etiraz edirəm. Çaxnaşma düşdü, silahla üstümüzə gəldilər. Komandir dedi, etiraz eləməyin mənası yoxdu, dinməyin, bunların içindəyik, burda bizi hər şey gözləyir. Başqa çarəmiz yoxdu. Bir dəfə də 35 qız-uşaq gətirdik. Yaman gündəydilər. Qız-gəlinlərin başlarına elə dəhşətli oyunlar açırdılar ki, əsirlikdən qayıdanda yalvarırdılar, bizi burda öldürün. Bundan sonra atamızın, qardaşımızın yanına necə gedək? Çoxu deyirdi, başımıza açılan oyunu heç kimə deyə bilmərik. Onların durumu, gördüklərim gözümün qabağından getmir. Elə o vaxtdan yuxumu itirdim.

Elmira Hüseynova 1992-ci ilin yazından Şirin Mirzəyevin 836 saylı hərbi hissəsinin 5-ci batalyonunda döyüşçü, jurnalist, həmin ilin payızından isə 6-cı batalyonda döyüşçü, tibb xidməti rəisi kimi xidmət edib.

- Hərbi hissə Qiyaslı kəndinə yaxın olan Şahbulaq sanatoriyasında yerləşirdi. Anam o kənddə məktəb direktoru idi. Döyüşçülərin çoxu anamın şagirdləri olmuşdu. Mənə müəllim qızı kimi baxırdılar, bacı kimi bağırlarına basmışdılar, hiss edirdim ki, döyüşlərdə məni qoruyurlar. Özüm də müəllim idim deyə çox şeyi özümə yasaq bilirdim. Çox ciddiydim, sərt idim. Məsələn, şəkil çox çəkdirmirdim. Elə bilirdim yaxşı deyil. İlk döyüşüm 1992-ci ilin aprelində olub. Canyataq, Gülyataq, Aranzəmin, Dəhraz, Pircamalın müdafiəsi uğrunda gedən döyüşlərdə, Ağdamın üç istiqamətdə döyüş əməliyyatlarında iştirak etmişəm. Yanımda minlərlə əsgər şəhid olub. Tibb ximətində işləyəndə yüzlərlə şəhid meyiti yığmışam. Baş, əl, ayaq hərəsi bir tərəfədə olurdu. Təbii ki, əvvəl-əvvəl qorxurdum, pis olurdum. O qədər ağlayırdım ki - şəhid verəndə, yerdən qol-qılça yığanda, yaralı daşıyanda... Amma sonradan müharibə adamı elə yetişdirir, sərtləşdirir, vəhşiləşdirir ki, deyirsən elə erməni nə edibsə, mən də eyni şeyi ona edərəm.

Döyüşlərin birində bizimkilər bir ermənini əsir tutdular. Şakir adlı döyüşçümüz şəhid olanda qardaşı söz vermişdi ki, qisasını alacam. Havalanmışdı sanki, əsəblərinə hakim ola bilmirdi. Ağdama batalyona gəlirdik. Dedim, otuzdurun ermənini bizim maşına. Gətirdik onu batalyona. Səhəri gün Şakirin qardaşı o ermənini aparıb, qardaşının qəbri üstündə öldürdü. Halbuki o vaxta qədər mülayim, həssas, kövrək biri idim. Müharibə vaxtı tamam dəyişdim. Əsirlikdə olan adamlarla ünsiyyətdə çox olurdum. Ananın gözü qarşısında oğulu diri-diri kəsib doğrayıblar, valideynin gözü qarşısında balasını zorlayıblar. Bunları dinləyən adamda əsəb, mərhəmət qalar?!

“7 yaşlı qızımı özümlə batalyona aparırdım

Elmira xanım xatırlayır ki, döyüş əməliyyatlarında bir neçə dəfə ölümlə üz-üzə gəlib. Bir dəfə mühasirədə qalıblar, bir dəfə isə əsir düşmə ehtimalı olub. Görünür, şəhidlik onun alın yazısı deyilmiş...

- Döyüş bölgəsində olduğum illərdə bircə ona əmin oldum ki, əcəlin gəlməyibsə, hansı şəraitə düşürsən-düş, ölməyəcəksən. Elə olub ki, snayperlə vurublar, mərmi saçımı götürüb aparıb, keçib arxadakı döyüşçüyə dəyib. 5-ci batalyonda xidmət etdiyim vaxt idi. Döyüş əməliyyatlarından birində Xaçınçay tərəfdə mühasirəyə düşdük. 10-15 nəfər olardıq. Hər tərəfdən ermənilər töküldü. Birtəhər gizləndik. Hava qaralanda yolu yaxşı tanıyan döyüşçülərdən biri bizi başqa cığırla apardı, beləcə, mühasirədən çıxdıq.

Bir dəfə də az qalmışdı əsir düşək. Onda 6-cı batalyonda xidmətdəydim. O ərəfələrdə Yusifcanlı, Ergi düzü, Novruzluya tez-tez atırdılar, hücum edirdilər. Bir dəfə polk komandiri, Ağdamın hərbi prokuroru, polis rəisi və mən daxil 10-11 nəfər yığışıb getdik Novruzlu kəndinə, görək orda vəziyyət necədi. Kəndə çatdıq, başladıq ətrafa baxmağa. Birdən gördük Ağdama məxsus böyük bir maşın kolluğun içində dayanıb. Ələddin adlı döyüşçüylə maşına yaxınlaşıb, qapısını açdıq. Sürücü yaralı vəziyyətdəydi, başı sükanın üstünə düşmüşdü, qan axırdı, amma ölməmişdi. Gözünü açıb bizə baxdı, bircə onu dedi ki, məni ermənilər vurdu. Elə bunu demişdi ki, başımızı qaldırıb ətrafa boylandıq. Gördük hardasa 80-100 metr aralıda 3 böyük maşın var, içi də dolu erməni əsgərlərlə. 60-70 nəfər olardılar. Başladılar atəş açmağa. Güclü atışma oldu. Bizdən 3 nəfər yaralandı. Biri də Ələddin idi. Onu yaralı vəziyyətdə atəş nöqtəsindən sürüyərək, güclə çıxardım. Tələsik maşına minib uzaqlaşdıq. Orda ermənilərə əsir düşməmək, hətta salamat çıxmaq həqiqətən bir möcüzə idi. Yaralıları Qaradağlı kəndində hospitala gətirdik. Ələddini əməliyyatdan çıxana kimi gözlədim. Sağ-salamat çıxdı. Sonradan ailə də qurdu.

1992-ci ilin payızında Mehmanədə ağır döyüşlər oldu. Ordan da çox yaralı çıxardıb, Qaradağlı hospitalına gətirdik. Alı həkim elə olurdu ki, sutkanın 20 saatı əməliyyatda olurdu. Özü də yaralı əsgərləri döyüş bölgəsindən çıxaranda silahlarını da yığırdıq, qoymurduq orda qalsın, çünki silah çatışmırdı. Nəinki silah, çox şey çatışmırdı. Təcili tibbi yardım maşını yox idi, yaralıları “Zil” maşınında aparırdıq. Elə olurdu ki, ölülərlə yaralıları bir maşında daşıyırdıq. Bir dəfə döyüş yoldaşım Gülpəri Əhmədova və daha bir neçə döyüşçü ilə yığışıb getdik müdafiə naziri Valeh Bərşadlının qəbuluna. Təxminən 1 saat ordudakı çatışmazlıqlar, Qarabağda olan hərbi vəziyyət barədə söhbət etdik. Soruşdu, mənə danışdıqlarınızı xalqa da deyə bilərsiz? Dedim, əlbəttə. Bizi xidməti maşını ilə AzTV-yə göndərdi. Sevinc Osmanqızı bizdən müsahibə aldı. O verilişin kiçik hissəsi internetə yüklənib.

Yeri gəlmişkən, Elmira xanım cəbhəyə yollananda 27 yaşındaydı və azyaşlı bir qızı vardı. Qızını anasının öhdəliyinə verib, döyüş bölgəsinə gedirdi.

- Nigarın o vaxt 7-8 yaşı vardı. Uşağa anam baxırdı. Onun yanında qoyub, gedirdim hərbi hissəyə. Amma Ağdam işğal olunmazdan bir müddət qabaq şəhərdə vəziyyət pis idi. Yaşamaq çətinləşmişdi. Ermənilər evlərə atırdılar, işıq olmurdu, dükanlar yanırdı. Əksər ailələr qız-gəlini, uşaqları şəhərdən çıxarmışdı. Şəhərdə yalnız kişilər qalmışdı. Onda biz də anamı, qızımı, bacılarımı Bakıya yerləşdirdik. Amma qızım mənsiz heç cür qalmırdı. Elə hey ağlayırdı ki, anam öləcək, ermənilər öldürəcək, məni anamın yanına aparın. Anam da məcbur olub gətirirdi Ağdama yanıma. Şəhərin girişində 4 otaqlı evim vardı. Yemək bişirib qoyurdum, qapını bağlayıb, gedirdim hərbi hissəyə. Uşaq qalırdı evdə tək. Deyirdi, razıyam, evdə tək qalıram, amma burda yanında olum. Bəzən də özümlə batalyona aparırdım. Elə olurdu döyüşə gedirdim, qayıdanda görürdüm, qızımı tankın üstündə batalyondan döyüş yoluna gətirirlər. Yəqin ki, uşaq ağlıyla baş verənləri qavramırdı, bilmirdi müharibə nədi. Batalyonu anasının iş yeri bilirdi. Amma hər gün də deyirdi, mama, getmə, ermənilər səni tutub aparar, öldürər.

“Qrad səsini eşidən itin ürəyi partlayıb öldü

Döyüş yoldaşları ona “müəllimə, Elmira xanım deyə müraciət edirdilər. Amma sən demə, ona başqa ləqəb də qoyublarmış.

- Deyirdim mənə “əsgər” deyin. Amma “müəllimə” deyirdilər, ya da sadəcə Elmira xanım. Amma xeyli sonra bildim ki, demə, öz aralarında mənə başqa ad qoyublar. Bir gün zabitlərdən biri dedi, Elmira xanım, bilirsiz uşaqlar sizə nə ad qoyublar? Elə bildim ki, adama yovuşmaz, yaxud qaraqabaq deyirlər, çünki ciddiydim, sərt idim, şəkil zad da çəkdirmirdim. Çox az şəkil çəkdirmişdim, onlar da indi qalmayıb. Təkid elədim ki, sən allah nə deyirlər? Dedi, “əsgərlər sizə Anjelika deyirlər”. “Uzaq sahillərdə” filminin qəhrəmanı Anjelikaya oxşadırmışlar məni. Əvvəl saçlarım uzun idi, sonra gördüm saxlaya bilmirəm, kəsdirdim. Amma həqiqətən məni çox istəyirdilər. Əksəriyyəti də anamın dərs dediyi şagirdlər idi. Mənimlə çiyin-çiyinə döyüşürdülər. Hiss edirdim ki, döyüşlərdə məni qoruyurlar, dörd tərəfimi sarırdılar. Qorxurdular, istəmirdilər əsir düşüm.

Müharibə, döyüş bölgəsi tamam başqa, təsəvvür edilməsi belə mümkün olmayan məfhumdu. Kitablarda oxuduğumuzdan, filmlərdə gördüyümüzdən qat-qat dəhşətlidi. Orda elə mənzərələrlə rastlaşırsan, elə çətinliklər görürsən ki... Ən çox da adamı döyüş yoldaşının ölümü sarsıdır. Bir hadisəni danışım. Hərdən sakitlik olanda yığışıb otururduq. Əhmədin yaxşı səsi vardı, başlayırdı “Segah” oxumağa. Ya da mən vətən, torpaq haqda şeir deyirdim. Bir döyüş yoldaşımız vardı – Zakir - nişanlıydı. Oturmuşduq meşədə. Qayıtdı ki, “ay Əhməd, nahaq yerə nişanlandıq. Gərək gözləyəydik, müharibə qutaraydı. Sağ-salamat qalsaydıq, sonra nişanlanardıq. Bizi bilmək olmaz, bir də gördün öldük. Yazıq qızların adı çıxacaq ki, filankəslə nişanlı olub, sonra onlarla evlənən də olmayacaq”. Bu söhbətdən bir neçə gün sonra Zakir şəhid oldu. O qədər yaxşı oğlan idi. Dostdan, yoldaşdan ötrü canını-qanını verərdi. Toy çadırına yox, yas çadırına yığışdıq. Heyf oldu...

Bir dəfə də Pirəbulaqda idik hərbçilərlə. Yanımızda bir küçə iti vardı. Qəfildən ermənilər yaxınlığımıza qrad atdı. O səsi real həyatda eşidən bilər ki, insana necə təsir edir. İnanmazsız,elə yerindəcə itin ürəyi partlayıb öldü. Döyüşçülərdən biri qayıtdı ki, buna bax e, it itliyi ilə səsə dözmədi, gör, indi bizim içimizdə nələr baş verir.

Yeri gəlmişkən, mənim də bir itim vardı. Hər səhər 6-da hərbi hissəyə gedirdim. Həyətdə itin yeməyini, suyunu qoyurdum. Bilirdi gedirəm, maşının dalınca xeyli gedib məni yola salırdı. Gecə mən qayıdanda hiss edirdi elə bil, evdən 200 metr aralıda gəlib məni qarşılayırdı. Bir gecə evə gec gəldim. İt həmişəkindən çox qabağa gəlmişdi, maşının yanınca qaçırdı. Sürücüyə dedim, bu it niyə belə eliyir görəsən? Dedi, sənin itin onsuz da həssasdı. Evə 2 giriş vardı. Biri mətbəxdən, biri də blokdan. Mən həmişə mətbəx qapısından içəri girirdim. İt qoymadı ordan girim. Dişiylə şalvarımdan tutub çəkdi məni blok qapısına tərəf. Gəldim, bloka girmək istəyəndə gördüm pəncərəmin “reşotkası” qaldırılıb əyilib. Görünür evə oğru girmək istəyib, it imkan verməyib. Mətbəxdən getməyə ona görə qoymadı ki, gətirib mənə o pəncərəni göstərsin. İtimin boynunu qucaqladım, bağrıma basdım. Hər şeyi insana elə başa salırdı ki... Bircə dili yox idi danışmağa. Bir dəfə xəstələnmişdi, gözündən su gəlirdi. Nə qədər elədimsə, evin bağçasında, öz yerində yatmadı. 30-40 metr aralıda bir ağacın altında uzandı. Bir neçə gün yemək yemədi, su içmədi, sonra öz-özünə sağaldı. Sağalandan sonra təzədən qayıtdı öz yerinə. Amma Ağdamdan çıxan gün itimi nə qədər axtardım, çağırdım, tapmadım. Onu da özümlə gətirəcəлdim. İt hara çıxıb getdi, öldümü, qaldımı, bilmədim. Ona görə o qədər peşman oldum, o qədər pis oldum. Çox fikir elədim. İndi də xatırlayanda göz yaşlarımı saxlaya bilmirəm.

Bakıya zəng vurub texnika istəyirdik, göndərmirdilər

Elmira xanım Ağdamın son günlərini ürək ağrısıyla xatırlayır. Şəhər işğal olunandan sonra hətta bir müddət Qərvənd kəndində yaşayır, Bakıya ailə üzvlərinin yanına getmir. O ümidlə ki, yenidən öz evinə qayıdacaq. Ümidi öləndən sonra isə paytaxta üz tutur. Elə həmin gündən də həyatının ən çətin, ən ağır günləri başlayır…

- Ağdam işğal olunan son ana qədər atamla orda qaldıq. Atam gecələri çox vaxt rayonlara şəhid daşıyırdı. Hərdən mən də atamla bərabər gedirdim. Getmədiyim günlər isə gecə itimi götürüb, atamgilin, qardaşımın evinə baxırdım ki, görüm ermənilər yandırmayıblar, yaxud partlatmayıblar. Evlərin keşiyini elə çəkirdim, elə bil tezliklə yenidən orda yaşayacağıq. Çünki buna inanırdım. Əksi heç ağlımdan da keçmirdi. Amma nə biləydim ki, o evləri yalnız yuxularımda görə biləcəm. Hər dəfə atam evə gələndə qucaqlayıb şükr edirdim ki, salamat qayıtdı. Elə olurdu, günlərlə bir-birimizi görmürdük, onda bir-birimizə məktub yazırdıq. Görüşəndə də rastlaşdığı maraqlı hadisələri danışırdı. Yadımdadı, iyun ayında taxılın biçilən vaxtıydı. Atam hövlnak yanıma gəlib dedi, bu gün möcüzə gördüm. Başladı danışmağa ki, ermənilər taxıl zəmisinə bir neçə dəfə atdılar, zəmi başladı yanmağa. Telefon da yox ki, yanğınsöndürən maşın çağırsın. Birdən səmada iki qara bulud peyda oldu, bir-birinə dəydi və yağış yağmağa başladı, yanan taxıl zəmisini də söndürdü. Təsəvvür edə bilirsiz? Atam gördüyü mənzərədən necə təsirlənmişdisə, özünə gələ bilmirdi.

Amma son 2 gün çox gərgin idi. Ağdamın bütün kəndləri işğal olunmuşdu. Ermənilər 3 tərəfdən şəhərə girmişdilər. İyulun 22-si atam dedi, daha rayonu saxlaya bilməyəcəyik. Ağdam Qarabağın qapısı idi sanki. Ətraf rayonlarda deyirdilər, ağdamlılar döyüşür, ermənilər onlardan qorxur, heç vaxt onlarə sındıra bilməzlər. Biz özümüz də camaatımıza güvənirdik. Amma rayonu saxlamaq üçün mərkəzdən kömək lazım idi. Dəfələrlə hansısa kəndi erməninin əlindən qan bahasına, can bahasına alırdıq. Amma əlimizdə saxlaya bilmirdik. Kəndi avtomatla saxlamaq mümkün deyil axı. Erməni üstünə tankla, BMP-lərlə gəlir, sən ona necə cavab verəsən? Bakıya zəng vurub texnika istəyirdik, göndərmirdilər. Gələn tank da maket idi, işə düşmürdü. Bir tankımız vardı, uşaqlar yalandan işə salırdılar ki, ermənilər səsini eşidib bilsinlər, tankımız var, qorxsunlar. Göz görə-görə xainlik oldu.

İyulun 23-ü tezdən atamla avtobusa oturub, şəhər mərkəzindəki evə getdik. Dedik heç olmasa sənədləri, şəkilləri, kasetləri yığaq. Elə maşını evin qabağında saxlayanda erməni texnikalarının səsi eşidildi. Ermənilər şəhərin içindəydi artıq, baş tərəf alınmışdı. Evə qalxdıq, 1-2 şey götürmüşdük, gördük tanklar mərkəzə girib artıq. Aramızda 100 metr məsafə olardı. Atam dedi mümkün deyil, gəl tez çıxaq. Oturduq avtobusa, arxamızca 40 metr aralı atırdılar. Şəhərdə qalan 40-50 adamı yol boyu yığıb, Göytəpə kəndinə gəldik. Dərs dediyim şagirdim Vüqar da yolda tək idi. Onu da götürüb, bir neçə gün yanımda saxladım, sonra Bakıya ailəsinin yanına göndərdim. Özüm isə bir müddət Qərvənd kəndində əmimgildə qaldım. Fikirləşirdim, tezliklə hücuma keçəcəyik, erməniləri şəhərdən çıxardacağıq. Bir neçə ay gözləmə mövqeyində qaldıq. Hücum olmadı, bizim rayonlar da o birilər kimi işğal edildi. Bütün ümidlərim puç olandan sonra Bakıya gəldim. Bakı mənə çətinlikləri, maddi, mənəvi sıxıntıları, evsizlik problemilə qucaq açdı.

Çox böyük əziyyətlərlə qarşılaşdım. Elə poblemlər yaşadım ki, şəhid olmadığım üçün peşmançılıq çəkirdim. Yaşamağa yerimiz, yeməyə çörəyimiz, geyinməyə paltarlarımız yox idi. Əynimdəki paltarla rayondan çıxmışdım. O boyda ev-eşiyi qoyub, şəhərdə qalmağa yer tapmırdım. Bir gün Müdafiə Nazirliyinə getdim. Müavinlərdən biri məni qəbul etdi. Gördüm nəsə ayrı cür danışır. 15 evin siyahısını verdi. Dedi hansını istəyirsən, götür. O təklif müharibədə döyüşmüş qadına edilərmi? Siyahını üstünə tullayıb çıxdım. Əvvəl Volodarski adına tikiş fabrikinin yataqxanasında yerləşdik. Sonra kirayə ev tutduq. Bacım tibb işçisiydi. Onunla uzun müddət idarələri gəzib, iş axtardıq. Keşlədə endokrin dərman preparatları zavodu vardı. Oranın direktoruyla görüşdük. Sağ olsun, bir kəlməylə bacımı işə götürdü. İxtisasıma uyğun iş axtarıb tapmayanda məcbur olub bacımın yanında dərman qablayıcısı işlədim. Müxtəlif iş yerləri, 9 kirayə ev, məktəb dəyişə-dəyişə, çətinliklə də olsa övladlarımı böyütdüm. İndi Maştağada xudmani ev tikmişik, orda yaşayırıq.

“Prezident Aparatına şikayət edəndən sonra veteran vəsiqəmi verdilər”

E.Hüseynova Qarabağ veteranlarına qarşı olan laqeydlikdən, biganəlikdən də şikayətləndi. Hətta veteran vəsiqəsini almaq üçün də aylarla əziyyət çəkib. Atasına isə veteran vəsiqəsi ümumiyyətlə, verilmədi.

- Atam 6 il döyüş bölgəsində xidmət etdi, heç maaşını da almırdı, dövlətə keçirirdi. Amma ona veteran vəsiqəsi verilmədi. Ağdam rayon İcra Hakimiyyətinə, Hərbi Komissarlığa dəfələrlə ayaq döydü, get-gələ saldılar, vermədilər. Mən özüm də çətinliklə aldım. Neçə dəfə icra başçısının yanına getdim, arayış vermədi. Hər dəfə Bakıdan Ağdama getmək çətin idi. Axırda Prezident Aparatına şikayət edəndən sonra verdilər. Vəsiqəmi alıb evə gələndə atamdan çox utandım. Çünki o, buna məndən qat-qat layiq idi. Bir müddət ona heç göstərmədim də, sonra açıb dedim. Dedi, qızım, gedərik bir gün mənim də vəsiqəmi alarıq. Amma ala bilmədim. Halbuki o vəsiqəni biz qapı-qapı düşüb almamalıydıq, evdə oturduğumuz yerdə bizə təhvil verməliydilər. Bu gün mənə pis təsir edir ki, bizi xatırlayanlar, maraqlananlar çox azdı. Adi şeyin ehtiyacını çəkirik. İş axtaranda deyirsən müharibədə döyüşmüşəm, sənə elə qəribə baxırlar. 55 man veteran pulu alıram. Başqa gəlir yerim də yoxdu. Necə dolanım bəs? 1998-ci ildən torpaq növbəsindəyəm. Hələ də almamışam. 20 il növbə olar? Bəlkə onu almaq üçün bir az üzlü olmalısan? Mən ziyalı, müəllim ailəsində böyümüşəm. Başqa cür davrana bilmərəm axı, durum qışqırım, sinəmi cırım? Abrıma, həyama qısılıram. İnsanın içində qürur olanda, əyilmək istəməyəndə çətin olur. Bütün veteranların səhhətində problem var. Sağlamlığımıza o qədər zərbə almışıq. Heç olmasa, döyüşçülər üçün təmənnasız müalicə, müayinə mərkəzi olardı. Böyrəklərimdə daş var, əməliyyat olunmalıyam. Gecikdirsəm, böyrəyim çıxarılacaq. Amma o əməliyyatı etdirməyə imkanım yoxdu. Bu gün müharibə veteranının belə əziyyət çəkdiyini görən gənc nəsil sabah müharibəyə həvəslə gedərmi? Hərdən övlad da dilə gəlir ki, sən axı vətən uğrunda döyüşmüsən, amma… Amma mən yaşadığım o qədər çətinliyə rəğmən, müharibədə iştirak etdiyimə görə heç vaxt peşman olmadım. Heç vaxt! Övlad kimi vətənə olan borcumu verdim. Döyüşməsəydim, özümü bağışlaya bilməzdim. Vicdanım qarşısında gözü kölgəli olardım ömrüm boyu. Mən isə vicdanım, şərəfim, özüm qarşısında alnı açığam. Güzgüdə öz gözlərimə dik baxa bilirəm. Heç nədən də qorxmuram. Müharibədən sonra qorxu hissini tamam itirdim. O qədər ölüm-itim gördüm ki, gözümdə adiləşdi. Elə nər oğlanların ölümünü görmüşəm ki, həyat gözümdən düşüb. Hərdən elə bilirəm özüm ölüb getmişəm, ruhum qalıb buralarda. Həyatı həyat kimi yaşaya bilmirəm.

Amma yaşayıram. O ümidlə ki, nə vaxtsa yenidən Ağdama qayıdıb, öz ev-eşiyimi bərpa edəcəm. Bəlkə yaşım, səhhətim imkan verəcək, yenə ədəbiyyat müəllimi işləyəcəm. Şagirdlərimə vətənə həsr olunmuş şeirlər əzbərlədəcəm. Əzbərləməyənlərə isə “iki”sini yazacam. Bir vaxtlar o məktəbdə oxuyan şagirdlərin cəbhəyə necə yollandıqlarından danışacam. Müharibədə, döyüş bölgəsində gördüklərimi, xatirələrimi bölüşüb, vətənə sevgi aşılayacam. Amma onu da deyəcəm ki, döyüş bölgəsi tamam başqa məktəb imiş, uşaqlar – həyat, savaş, mübarizə, ölüm-dirim məktəbi...