112
17:08
30 İyul 2018

4 prokurorluq əməkdaşı vəzifədən azad edilib

Bu il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb. Lent.az xəbər verir ki, Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 4-ü vəzifədən azad edilib.

Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.