53
16:44
24 Yanvar 2017

Reks Tillerson dünyaya nə vəd edir? - ŞƏRH

ABŞ prezidenti Donald Tramp bütün gərgin mübahisələrə rəğmən Amerikanın xarici siyasətlə bağlı kursunu “ExxonMobile”ın sabiq CEO-su Reks Tillersona həvalə etdi.

Dünyanın ən qüdrətli dövlətinin xarici siyasətinə yön verəcək şəxsin bu vəzifəyə təyinatını Lent.az -a siyasi ekspert Şahin Cəfərli şərh edib.

Politoloqun sözlərinə görə, Donald Trampın Reks Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürməsinə bəzi nüfuzlu şəxslərin tövsiyəsinin önəmli rolu olduğu barədə məlumatlar var: “Bu sırada sabiq dövlət katibləri Ceyms Beyker və Kondoliza Rays, sabiq müdafiə naziri Robert Geyts və keçmiş vitse-prezident Dik Çeyninin adları çəkilir.

Adı çəkilənlərin ortaq bir özəlliyi var: onların hamısı ata və oğul Buşların administrasiyalarında çalışıblar və enerji sektoru və iri maliyyə korporasiyaları ilə bağlılıqları var. Məsələn, Robert Geytsin firması “ExxonMobil”ə konsaltinq xidməti göstərib. Kondoliza Rays vaxtilə “Chevron”da mühüm postlardan birini tutub və bu korporasiya ilə əlaqələri davam edir. Dik Çeyni adı bir çox qalmaqalda hallandırılan məşhur “Halliburton”un rəhbəri idi. C.Beyker isə nəhəng investisiya fondu “Carlyle Group”da çalışıb. Yəni Tillersonun təyinatına böyük bizneslə orqanik bağlılığı olan siyasətçilər lobbiçilik edib”.

Ş.Cəfərli hesab edir ki, neft korporasiyaları başda olmaqla, Amerika böyük biznesi siyasətdən qaynaqlanan problemlərin çözümündə Tillersonun mühüm rol oynaya biləcəyini düşündüyü üçün onun bu mühüm posta namizədliyinə lobbiçilik edib: “Dünya liderləri ilə yaxşı münasibətləri olan Tillerson artıq “ExxonMobil”in CEO-su kimi yox, ABŞ dövlətinin xarici siyasət idarəsinin rəhbəri kimi həmin liderlərlə təmasda olacaq. Bu sahədəki problemləri çox yaxşı bilən Tillerson artıq əlindəki real səlahiyyətlərdən istifadə edərək biznesin önündəki siyasi əngəlləri aradan qaldırmaq imkanı qazanıb”.

Tillersonun dövlət katibi vəzifəsinə təyinatının dünyada neftin qiymətinə təsiri barədə də danışan Ş.Cəfərli deyib ki, bu sahədə fikir yürütmək üçün Trampın proqramındakı enerji ilə bağlı bölümə diqqət yetirmək lazımdır: “Tramp neft sənayesinə ciddi himayəçilik vəd edib. Proqramda açıq bildirilir ki, yeni hökumət ölkənin nəhəng enerji ehtiyatlarının istismarı üçün bütün məhdudiyyətləri aradan qaldıracaq. Məlumdur ki, ABŞ-da faydalı qazıntıların istismarı, enerji ehtiyatlarının hasilatı ilə bağlı müxtəlif ekoloji və digər xarakterli məhdudiyyətlər var. Tramp bu qadağalara nifrət edir, onun üçün ətraf mühitin mühafizəsi kimi bir problem yoxdur. Yeni prezidentin proqramında qeyd olunub ki, OPEC ölkələri və ABŞ-a düşmən münasibəti bəsləyən ölkələrdən (yəqin ki, Venesuela nəzərdə tutulur) neft idxal edilməsi yolverilməzdir, çünki ölkənin malik olduğu ehtiyatlar ehtiyacı tam ödəyir. Əgər bu proqram həyata keçirilərsə, ABŞ yaxın illərdə neft idxalını ciddi şəkildə azalda bilər, bu isə dünya bazarında tələbatı azaltmaqla, neftin qiymətinin yüksəlməsinə mane olacaq”.