34
11:09
24 Yanvar 2017

“Bursaspor”un vitse-prezidenti: Prosineçkini aparmaqda israrlıyıq

Türkiyənin “Bursaspor” klubunun vitse-prezidenti Ali Adəmoğlunun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlarınız nə yerdədi?

- Nümayəndələrimiz hazırda Bakıdadı. Onlarla müntəzəm danışırıq. Hazırkı vəziyyətə görə, danışıqlar müsbət məcrada davam edir. Hər halda, Bakıda olan rəsmilərimiz belə deyirlər.

- Xorvatiyalı mütəxəssislə bu gün də görüş planlaşdırılırmı?

- Bu gün Prosineçkinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti ilə görüşü olacaq. Həmin görüşdən çox şey asılıdı. Amma bildiyimiz odu ki, Prosineçkini “Bursaspor”a gətirmək ehtimalımız az deyil.

- Belə görünür ki, Prosineçkini “Bursaspor”a aparmaqda israrlısınız...

- Əlbəttə. Belə olmasaydı, klub nümayəndələrini Bakıya göndərməzdik. Onun komandamız üçün uyğun məşqçi olduğunu düşünürük.

- Baş məşqçinin AFFA ilə müqavilə müddəti davam edir. Onu burdan aparmaq sizə çətin olmayacaq?

- Bu məsələ danışıqların gedişindən asılıdı. İndiki məqamda onu “Bursaspor”a yaxın görürük. AFFA ilə müqaviləsinin olduğunu bilirik. Bu səbəbdən onlarla da görüşmələri davam etdiririk.

- Prosineçkinin Azərbaycan millisindəki qazancından yəqin ki, məlumatlısınız. Maraqlıdı, siz ona nə vəd etmisiniz?

- Bu barədə indidən nəsə demək doğru olmaz. Çünki hazırda danışıq mərhələsindəyik. Əgər razılıq əldə olunsa, o zaman maliyyə və müqavilə müddətini baş məşqçi ilə müzakirə edəcəyik.

- Onun eyni anda həm Azərbaycan millisində, həm də “Bursaspor”da çalışması variantı mümkündümü?

- Xeyr, bu bizi qane etməz. “Bursaspor” hədəfləri olan komandadı. Bir məşqçinin iki yerdə çalışması effektli alınmaz. Biz istəyirik ki, baş məşqçi bütün diqqətini komandamızın oyunlarına yönəltsin.

- Hazırda Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz da “Bursaspor”da çıxış edir. Rəhbərlik ondan məmnundumu?

- Bəli, məmnunuq. Dəniz bizim aparıcı futbolçularımızdan biridi. O, komandanın əsas heyət üzvüdü və belə olmaqda da davam edəcək.

- Bəs gələcəkdə hansısa azərbaycanlı futbolçunun “Bursaspor”a transferi baş tuta bilərmi?

- Bu, baş məşqçinin qərarından asılı olacaq. Əgər Prosineçkini “Bursaspor”a gətirə bilsək və o, hansısa azərbaycanlı futbolçunun xidmətindən maraqlı olsa, mütləq onu heyətə cəlb edəcəyik.