57
13:17
18 Yanvar 2017

İçməli su nümunələrində xoşagəlməz vəziyyət - RƏSMİ AÇIQLAMA

Mütəmadi olaraq ilboyu Bakı və digər rayonlarda su təmizləyici qurğulardan, ayrı-ayrı stasionar nöqtələrdən, modul tipli yeni quraşdırılan qurğulardan götürülmüş içməli su nümunələrində xoşagəlməz vəziyyətlər müşahidə olunub.

Lent.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bu gün keçirilmiş mətbuat konfransında deyib.

Z.Kazımov bildirib ki, respublikanın 215 kəndində ETSN tərəfindən quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin fiziki-kimyəvi və bakterioloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib.

Son 5 ildə mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian suların müayinələri ilə əlaqədar araşdırma aparıldığını və nümunələr götürüldüyünü qeyd edən şöbə müdirinin sözlərinə görə, bu nümunələrdə də o qədər təqdirəlayiq nəticələr əldə olunmayıb. Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, şəhərin və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatı məsələsində daim nəzarət aparılır.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə bildirib ki, su istehsalı müəssisələrində suyun yenidən minerallaşdırılması məsələsi də indi gündəmdədir: “ Bəzi müəssisələrdə artıq suyun mineralizasiya prosesi keçirilir. Ümumiyyətlə, mineralsız suyu içmək orqanizmdə bəzi mikroelementlərin çatışmazlığına səbəb olur ki, minerallaşdırma prosesini keçirməyən su istehsalı müəssisələri də bunu nəzərə almalıdırlar”.

İ.Abdullayev onu da bildirib kİ, 2007-2009-cu illə müqayisədə son illərdə qida zəhərlənmələrinin sayı azalıb: “Qida zəhərlənmələri arasında məişət şəraitində baş verən zəhərlənmələr üstünlük təşkil edir. Zəhərlənmələrin əsas səbəblərindən biri ərzaqların düzgün saxlanılmamasıdır. Bir çox zəhərlənmələr texniki emaldan keçmiş kulinariya məhsullarından baş verir. Onlar ev şəraitində çirklənməyə məruz qaldıqlarından zəhərlənmə yaradırlar. Düzgün şəraitdə saxlanılmayan şirniyyat məhsullarından qida zəhərlənmələri çox olur".