<b>“Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdiriləcək <span style="color:red;">- SƏRƏNCAM </b>
13 iyul 2016 19:20 (UTC +04:00)

“Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdiriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı Azərbaycanda aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə qərara alıb.

 

 

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamı ilə  Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilsin və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilsin.

 

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

 

2.1. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsini təmin etsin;

 

2.2. investisiya müsabiqəsinin dövlətin strateji maraqlarına uyğun şərtlərlə və daha səmərəli keçirilməsi məqsədi ilə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlər görsün.

 

3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci bəndində göstərilən səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

4.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin balansında olan əmlakla Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsini və bununla bağlı təhvil-təslim işlərinin bir ay müddətində başa çatdırılmasını təmin etsin;

 

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

5. “Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 429; 2014, № 4, maddə 403; 2016, № 2 (II kitab), maddə 349) 3-cü hissəsi ləğv edilsin.

# 204
avatar

Oxşar yazılar