184
writer1

Vüsalə Məmmədova

Məqalə sayı

217
11:06 13 Aprel 2016

Bizi bağışlayın, kişilər...

Anam həkimdir. Müharibədə ilk və ən böyük həyəcanım onunla bağlı idi. Qorxurdum ki, onu həkim kimi cəbhəyə aparıb, bizi - üç bacını uşaq evinə verəcəklər.

 

Hələ onda savaşın evimizin içinə qədər gələcəyini təsəvvür belə etmirdim. Heç nə danışa bilmir, boğulurdum. Gözümün yaşı dayanmırdı. Anam inandırmağa çalışırdı ki, bütün həkimləri aparmırlar. Başçısı olmayan ailələrdə qadınlar uşaqlarının yanında qalacaq. Sakitləşmirdim, elə bilirdim məni ovutmaq üçün elə deyir, düşünürdüm ki, əgər qadınları da aparmasalar, bəs kim savaşacaq?

 

Çünki mən belə görmüşdüm: bizdə bütün işləri qadınlar görürdü deyə, elə bilirdim müharibəni də qadınlar edəcək...

 

Anam nə qədər çalışsa da, məni kiridə bilmirdi. Müharibənin anamı məndən alacağını fikirləşəndə tir-tir əsirdim...

 

Aprelin ilk günlərindən cəbhə bölgəsinə getmək istəyirəm deyə indi də anam eyni hissləri yaşayır... Hərdən lap təngə gəlirəm ki, bu nə həyatdır, iyirmi il əvvəlki ağrını-iztirabı təkrar yaşayırıq. Sanki Allahın bizimlə bağlı bütün fantaziyaları tükənib...

 

Mən qorxularımın içində çabalayarkən, münaqişə donduruldu... Atəşi kəsməsələr də, atəşkəs elan etdilər. İllər keçdi, qorxularımızı içimizdə gizlədib, toparlanmağa çalışdıq. İnsanlar dəyişildi...

 

Münaqişə dondurulduqca özümüzdən soyuduq, hamı özündən və bir-birindən uzaq düşdü. Əbədi atəşkəs səsindən qulaqlarımız bir-birimizin səsini duymayacaq qədər kar oldu...

 

Və bir gün silahlar yenə dilə gəldi! Bu dəfə müharibə uşaqları şəhid oldu... Mənim uşaqlıq dövrümün şəhidlərinin övladları... Çox keçmədi, yenə atəşkəs elan edildi... 23 il sonra da onların övladlarının növbəsi olacaq...

 

Qısası, şair dediyi kimi: Tanrı bizi böyüdür ki, boyumuz kəndirə çatsın.

 

Sanki bu torpağın qadını sevincinə kədər qarışmaq, kişisi isə şəhid olmaq üçün dünyaya gəlib.

 

İndi bayraqlar tabut-tabut çiyinlərə yüksəlir, kişilərimiz bizi tərk edir... Qadınlar özünü sındırmayıb, tabut arxasınca qürurla boylanaraq, körpə oğluna sarılır... Yaxşı bilir ki, qadın ömrü bitdi. İndi onun işi yenə bu torpaq uğrunda şəhid olmaq üçün kişi böyütməkdir...

 

İllər keçəcək... Münaqişənin dondurulması yenə bizə şəhid sözünün yaratdığı ecazkar duyğunu unutduracaq. Həyatımızı toylar və şoular dolduracaq. Bu dönəmlərdə kasıb komalarda yenə oğullar böyüyəcək. Kasıb kişilər yenə bəyənilməyəcək, ittiham ediləcək... Və bir gün atəşkəs yenə pozulacaq! O Kişilər yenə şəhid olacaq... Torpağı və bizi qorumaq üçün...

 

Və belə-belə hamımız ölüb gedəcəyik. Geridə balalara qanla dolu savaş meydanı qoyacağıq... Onlar da bunu bizə bağışlamayacaq...

 

Heç olmasa siz bizi bağışlayın, kişilər... Qədrinizi bilmədiyimiz üçün, bizi bağışlayın...