86
writer1

Zaur Xudiyev

Məqalə sayı

1
10:52 05 Mart 2016

Məktəbli yaşındakı, məktəb - 9 il bizimlə

 

 

Yadıma gəlir, 2008-ci ilin yayı idi, hərbi xidmətdən təzə gəlmişdim. Həyətdə məhəllə uşaqları ilə söhbət edirdik. Məlum məsələdi, əsgərlikdən təzə gəlmiş adam, orda qonaqlıq, burda dost-tanış, eyforiyadan təzə-təzə ayılırdım. Dəqiq xatırlamıram, hansısa klubumuzun Avrokubok oyunu var idi (səhv etmirəmsə, “Xəzər Lənkəran” “Lex”lə oynayırdı). Nəticədən xəbərim yox idi, uşaqlardan soruşdum, onlar da bilmədilər, dedim, qəzet olsaydı dəqiqləşdirərdik. Biri dedi ki, qəzeti neynirsən, gir internet kluba, aç saytı bax da. İndi çox adi gələn bu cümlə, o vaxt üçün bir xeyli təəccüblü gəlmişdi mənə. Yəni, bizdə idman saytı var ki?

 

 

Sən demə, var imiş. Həm də mən əsgərlikdə olanda, 2007-ci ildə yaranıbmış. “Apasport”la ilk dəfə onda tanış oldum. Sonra bu ünvan mənim davamlı və vazkeçilməz informasiya mənbəyim oldu...

 

 

...Qan Turalı mənə deyəndə ki, “Apasport”un 9 yaşı münasibətilə yazı yaz, sözün açığı bir az tərəddüd etdim. Həm saytın əməkdaşı olub, həm də maaş aldığın yer haqqında nəsə yazmaq, kənardan səmimi qarşılanmaz deyə düşündüm. Sonunda razılaşdım. Çünki belə fürsət bir də Allah bilir nə vaxt ələ düşəcəkdi. Onsuz da sayt haqqında çoxdandı demək istədiyim sözlər var idi, hansı ki, dost məclislərində tez-tez səsləndirirəm.

 

 

Taleyin gərdişimi deyək, həyatın zərurətimi, bilmirəm, mənim də yolum bu sayta düşdü. İş qrafikim elədi ki, ofisə ayda bir dəfə gəlmək imkanım olur. Onda da tələsik, salam-sağ ol edirik, uzağı yarım saat. Ancaq mənə elə gəlir ki, elə ayda bir dəfə yarım saat da bəs edər ki, bu kollektiv haqqında fikir bildirəsən.

 

 

Doqquz yaş insan ömrünün uşaqlıq kəsiyidi. Bu kəsiyə məktəbli dövrü də daxildi... Bir xəbər portalının varlığını sürdürməsi üçün isə kifayət qədər uzun zamandı. “Apasport.az” isə bu müddətdə məktəb olmağı bacarıb. Bu məktəbdən kimlər məzun olmadı ki?! Mən də özümü dərsə gecikən bir uşaq kimi hiss etsəm də bu məktəbə oxumağa gəlmişəm...

Çox şey öyrənirəm burda. Ən xırda, “sən hələ onu bilmirsən?” – deyə soruşulacaq bir məlumatdan tutmuş, çox özündən deyən “peşəkarlar”ın belə bilmədiyi dəyərli məlumatlara qədər.

 

 

İxtiyardan (normalda ierarxiya qanunlarına görə, müəllim deməliyəm, ancaq tanışlığımız daha əvvələ təsadüf etdiyindən və quru rəsmiyyətdən uzaq olduğumuza görə müraciətlərdə bu sözü ixtisara salmışam) saytı necə idarə etməyi, hansı xəbəri “manşet”ə, hansı yazını “əsas”a, oxucu üçün maraqlılıq dərəcəsinə görə, filan başlığı qara “bold şrift”lə, o birisini qırmızı “adi şrift”lə və vaxtında yerləşdirməyə qədər çox şeyi öyrənirəm. Bütün bunlar verdiyin informasiyanın oxucuya çatdırılması baxımından olduqca önəmli nüanslardı.

 

Amma etiraf edim ki, xəbərə başlıq seçmək ən “axsadığım” məqamdı, ona görə də bu xırdalığın üstündən sakitcə keçirəm.

 

Tahirlə tanış olub, birlikdə işləyəndən sonra belə demək mümkünsə, digər idman növlərinin varlığından da xəbərdar oldum. Xüsusilə də voleybolu əlifbasından öyrənirəm ondan. Hələ ki, davam edir, nə qədər yaxşı tələbə olduğumu o bilər yəqin.

 

Aşağı-yuxarı həmyaşıd olsaq da, Tengizdən sual verməyi öyrənirəm, müsahibələrini oxuduqca, Ruslandan da reportaj, təhlil yazmağı.

 

İstənilən adamla hansısa statistik məlumata görə mübahisə edə bilərəm. Bilirəm ki, dar macalda bir zəng, bir mesaj qədər uzağımda olan Vüqar əmi var. Adam canlı “vikipediya”dı. Azərbaycan idmanı ilə bağlı istənilən rəqəmi soruş, uzağı 10 saniyə düşünər, ya düşünməz... Heç dünya xəbərlərində də bundan geri qalan deyil.

Yetər ki, öyrənməyə həvəsin olsun, hətta bu otağın qabağından keçən iqtisadiyyat müxbirindən də idmanla bağlı nəsə öyrənə bilərsən. Aura o cür qurulub...

...8 il əvvəl varlığından xəbərdar olduğum, 10 aydır kiçik bir parçası olduğum kollektivin 9 yaşı tamam olur.

 

Mübarəksən, məktəbli yaşındakı, məktəb!

Yubiley yazısı yazmaq ümidi ilə...