Ədalət Tahirzadə: “Türkiyə ordusunda əslən Şəkidən olan 3 general qulluq edib”
16 fevral 2016 19:46 (UTC +04:00)

Ədalət Tahirzadə: “Türkiyə ordusunda əslən Şəkidən olan 3 general qulluq edib”

Ədalət Tahirzadə, Bakı Avrasiya Universitetinin professoru 
 
Mövzu: Şəkililər Osmanlı sarayında və Türkiyə Ordusunda 
 
"Haqqında danışacağımız 4 böyük şəxsiyyət Şəkinin Yuxarıbaş məhəlləsində doğulub, ancaq Türkiyədə ən yüksək vəzifələrə çatıblar. Onlar Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlıq körpüsüdür"
 
“Məhəmmədəmin Darğazadəni ipək taciri olan atası 9 yaşında Fransaya apararaq Marsel şəhərində fransız kollecinə qoyub və 6 ildən sonra onu oradan götürərək İstanbula gətirib və hüquq məktəbinə qoyub"
 
"Təhsil alarkən xəstələnən Məhəmmədəmin bəyə həkimlər səyahətə çıxmağı məsləhət görüb və o, İstanbuldan Şəkiyə, oradan Bakıya, Bakıdan bərə ilə indiki Türkmənistan və Özbəkistana, oradan da Hindistanda ticarətlə məşğul olan atasının yana gedib. Bu zaman gördüklərini misilsiz bir səyahətnaməyə çevirib"
 
"İstanbula qayıdan Məhəmmədəmin Darğazadə "İstanbuldan Asyayi-Vüstaya (Orta Asiyaya) səyahət" əsərini dostu Əhməd Cövdətin "Tərcümani-həqiqət" qəzetində parça-parça dərc etdirib və Sultan Əbdülhəmid onu sarayına çağıraraq yüksək vəzifələr verib"
 
"Məhəmmədəmin bəy görkəmli dövlət xadimi, diplomat və alim idi. Onun 6 əsəri bizə bəllidir. Həmin əsərlərdən ikisini Şəki Regional Elm Mərkəzinin keçmiş direktoru, professor Zəkəriyyə Əlizadə nəşr etdirib"
 
"Sultanın qonağı olan bir çox hökmdarları, məsələn, Almaniya kansleri II Vilhelmi qarşılayaraq onlara mehmandarlıq etməyi Sultan Məhəmmədəmin Darğazadəyə etibar edib"
 
"Məhəmmədəmin Darğazadə Şəkidən kiçin qardaşı Həsəni də İstanbula, yanına çağırıb və o, Həsən Behcət paşa adı ilə Osmanlı ordusunun general-mayoru kimi tarixə düşüb"
 
"Mehmet Nuri Bərköz və qardaşı Mahmud Bərköz də Şəkinin Yuxarıbaş məhəlləsində doğulublar, onlar Şəkinin Sarıkərimli soyundandırlar. Onların ailəsi 1905-ci ildə Bursaya köçüb və onlar öncə bu şəhərdə, sonra Hərbi Akademiyada hərbi təhsil alıblar"
 
"Mehmet Nuri Bərköz Atatürklə çiyin-çiyinə yunanlara qarşı Böyük Təərrüzdə (savaşda) iştirak edib"
 
"Sonralar korgeneral (general-polkovnik) rütbəsi alan Mehmet Nuri Bərköz paşa 1949-da Türkiyə Jandarmasının komandanı olub"
 
"Mehmet Nuri Bərköz paşa Həsən Behcət paşanın qızı ilə ailə qurub. Onun oğlu professor Sina Bərköz görkəmli memardır. Sina bəy Uzun illər Türkiyə və Bəhreyn Universitetlərində dərs deyib"
 
"Mehmet Nuri paşanın kiçik qardaşı Mahmud Berköz paşa orgeneral (ordu generalı) olub. O, indiyədək bu cür hərbi rütbəyə yüksəlmiş ilk Azərbaycan türküdür"
 
"Ordu generalı Mahmud Bərköz paşa Türkiyə Üçüncü Ordusunun komandanı və Türkiyə Milli Təhlükəsizlik Şurasının 2-ci Baş katibi olub, 1951-ci ildə istefaya çıxıb”.
 
“Mehmet Nuri Bərközün oğlu professor Sina Berköz 1970-ci illərdə Azərbaycana gəlib, Şəkidə ata-baba yurdunu ziyarət edərək gördüklərini videolentə köçürüb”
 
"Şəkidə indi Darğazadələrin və Bərközlərin heç bir qohumu qalmayıb"
 
"Şəkililər öz tarixlərini bilir, sevir, təbliğ edir və qoruyurlar, buna görə də hər cür hörmətə layiqdirlər"
# 387
avatar

Oxşar yazılar