Azərbaycan devalvasiyadan necə qazana bilər? - <span style="color:red;">TƏHLİL
14 yanvar 2016 15:09 (UTC +04:00)

Azərbaycan devalvasiyadan necə qazana bilər? - TƏHLİL

 

 

Ümumdünya iqtisadi böhranının ən mühüm nəticələrindən biri hər zaman milli valyutaların dəyərdən düşməsi və bunun ardınca müşahidə olunan qiymət artımıdır. Dünyanın heç bir ölkəsi bundan sığortalanmayıb, çünki qeyd olunan bu iki amil iqtisadi qanunauyğunluqdur. 2015-ci il dünyanın əksər ölkələrində devalvasiya baş verdi - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Moldova, Orta Asiya respublikaları, o cümlədən Azərbaycanda milli valyuta dollar qarşısında dəyərini itirdi. Azərbaycanda bu proses həm də daxili istehsalın rəqabətədavamlılığının təmin olunması üçün zəruri idi. Bu mənada devalvasiyanı ancaq iqtisadi geriləmə kimi dəyərləndirmək düzgün olmaz, əksinə, devalvasiya bir çox hallarda iqtisadi inkişafı sürətləndirmək üçün ölkələrə əlavə imkanlar yaradır. Bu imkanların dəyərləndirilməsi iqtisadi faktorlarla yanaşı, sabitlik, əmin-amanlıq, davamlı inkişaf kimi siyasi amillərdən da asılıdır.

 

Azərbaycanın timsalında devalvasiyadan hansı uduşların əldə oluna biləcəyinə aşağıda toxunacağıq. Bunun üçün ilk öncə devalvasiyanın insanların gündəlik həyatına təsirini təhlil etmək vacibdir. Qeyd edək ki, bu təsir üç mərhələli xarakter daşıyır.

 

İlkin mərhələ psixoloji gərginlik mərhələsidir. Bu zaman cəmiyyətdə refleksiv reaksiya yaranır, qəfil qiymət artımı insanları “hər şey pis olacaq, dünyanın sonudur” düşüncəsi ilə hərəkət etməyə, mağazalara gedərək, lazım olduğundan qat-qat artıq ərzaq və gündəlik tələbat məhsulları ehtiyatı  toplamağa sövq edir. Tələbin qəfildən artması bazarda qıtlıq yaradır və nəticədə qiymətlər bahalaşmağa başlayır. Bu zaman insanlar “dünyanın sonudur” düşüncələrində haqlı olduqlarını düşünərək topladıqları ehtiyatın miqdarını artırmağa can atırlar. Yaranan müvəqqəti qıtlıq və artan süni tələbat əksər hallarda situasiyanı daha aydın dəyərləndirən işbazlara əlavə fürsətlər yaradır. Onlar satdıqları məhsulların qiymətini əsassız olaraq bahalaşdırmağa, qısamüddətli ajiotajdan daha çox qazanc əldə etməyə çalışırlar. Kütlədən fərqli olaraq, sahibkarlar ajiotajın qısa müddət çəkəcəyini, dövlətin müvafiq mexanizmlərinin işə düşəcəyini və süni qiymət artımının qarşısının alınacağını bilirlər. Buna misal kimi 2015-ci il fevralın 21-də baş verən devalvasiyadan sonrakı durumu xatırlamaq kifayət edər. Əsaslandırılmamış qiymət artımının müvəqqəti və süni xarakter daşıdığını ilk devalvasiyadan sonra baş verənlər isbatladı.

 

İkinci mərhələ sabitləşmə mərhələsidir. Bu mərhələdə istər milli valyutanın kursu, istərsə istehlak və xidmət bazarında qiymətlər, əhalinin gəlirləri sabitləşir. Ajiotajın aradan qalxdığı bu mərhələ həm də uyğunlaşma mərhələsidir, insanlar yeni şərtlərə tam adaptasiya olunur.

 

Üçüncü mərhələ inkişaf mərhələsidir. Bu zaman dövlətin həyata keçirdiyi maliyyə siyasətinin ilkin dividentləri oxunu göstərməyə başlayır, bu dividentlər həm dövlətin fəaliyyətində, həm insanların gündəlik həyatında özünü büruzə verir. Həmin mərhələnin ən mühüm məqamı insanların stabilləşən gəlirlərinin artmasıdır. Dövlətin bəzən məcburən (zəif inkişaf etmiş ölkələrdə), bəzən isə məqsədyönlü şəkildə (inkişaf etmiş, ixrac potensialı güclü olan ölkələrdə) həyata keçirdiyi devalvasiyanın müsbət nəticələri bu mərhələdə tam şəkildə üzə çıxır.

 

Bu üç mərhələnin ardıcıl şəkildə baş verməsini təmin edən faktorlar sabitlik, əmin-amanlıq və davamlı inkişafdır. Müxtəlif ölkələrin devalvasiya və üzən məzənnəyə keçid prosesini necə başa çatdırmasını təhlil etdikdə, bu üç faktorun dövlətlərin durumuna necə təsir  göstərdiyi aydın müşahidə edilir. Bunu konkret misallarda göstərmək çətin deyil. Lakin əvvəlcə dövlətlərin devalvasiyaya nə üçün əl atdıqlarının səbəblərini açıqlamaq, mənzərəni tam şəkildə görmək vacibdir.

 

Hələ 2014-cü ildə bir sıra nüfuzlu nəşrlərin mütəxəssisləri, müxtəlif investisiya qurumların analitikləri və nəhayət araşdırma mərkəzləri yaxın zamanlarda inkişafda olan ölkələrdə milli valyutaların devalvasiyaya uğrayacağı barədə ehtimallar irəli sürüdülər. Sonrakı hadisələr bu ehtimalların doğru olduğunu göstərdi. İlk növbədə xammalın ixracından asılı olan ölkələrdə milli valyutaların ucuzlaşması baş verdi ki, bu da tam izah olunandır. Çünki xammal, konkret halda neftin ucuzlaşması ölkəyə daxil olan valyutanın həcmini azaldır. Ənənəvi səviyyədə qalan xarici valyutaya tələbat artır və onun milli valyutaya nisbətdə bahalaşması baş verir. Bu şəraitdə milli valyutanın sabit saxlanması üçün hökumətlər tərəfindən daxili bazara valyuta intervensiyası edilir. Əgər bu proses davamlı xarakter alırsa və valyuta ehtiyatını təhlükə altına alırsa, növbəti addım kimi hökumətlər devalvasiyaya əl atırlar. Son 2 il ərzində Rusiya, Qazaxıstan, Belarus, Venesuela, Argentina, Ukrayna, Ermənistan, Norveç və digər dünya ölkələri, o cümlədən də Azərbaycanda devalvasiya baş verib. Azərbaycanın devalvasiya üsuluna digər dövlətlərdən sonra əl atması məqsədyönlü, uduşa hesablanmış addım idi və təsadüfi deyil ki, “Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın qonşu ölkələrdən sonra üzən məzənnə rejiminə keçməsini düzgün addım kimi dəyərləndirib. Agentlik hesab edir ki, Azərbaycan hökumətinin iqtisadiyyatının sıx bağlı olduğu Rusiya və Qazaxıstan kimi qonşu ölkələrdən sonra üzən məzənnə rejiminə keçidi milli valyutada olan dövlət büdcəsinə dəstək verib, daxili istehsala əsaslanan malların rəqabət qabiliyyətliyini artmasına xidmət edib.

 

Burada xatırlatmaq yerinə düşər ki, dünya dövlətləri devalvasiyaya tək son iki ildə deyil, bundan əvvəl də əl atıblar. Məsələn, 1992-ci ildə Britaniya funtu 12%, İtaliya lirəsi 7% ucuzlaşıb, 1998-2002-ci illərlə İndoneziya rupisi və Argentina pesosu dəyərlərini dəfələrlə itiriblər, 2007-2008-ci illərdə İslandiya kronu 2 dəfə ucuzlaşıb. Bütün hallarda buna iqtisadiyyatda kəskin problemlərin üzə çıxması səbəb olub. İstisna kimi 2008-2009-cü illərdə Şərqi Avropanın əksər ölkələrində milli valyutalarının 1,2-2 dəfə devalvasiyaya məruz qalmasını qeyd etmək lazımdır. Burada səbəb fərqli idi - 2008-ci ildən əvvəl Şərqi Avropa kəskin rifah dönəmini yaşayırdı, ölkələrə ucuz Qərb kreditləri axını vardı. Sonra dünyada ciddi maliyyə böhranı yaşanan zaman böhran Avrozonaya neqativ təsir göstərdi və Qərbi Avropadan Şərqi Avropaya ucuz kredit axını dayandı. Şərqi Avropa ölkələri iqtisadiyyatda pozulmuş tarazlığı devalvasiya yolu ilə aradan qaldırdılar. Bu ölkələrin təcrübəsi göstərdi ki, devalvasiya heç də iddia olunan kimi dünyanın sonu deyil. Məsələn, Polşanın milli valyutası zlotı 2008-2009-cu illərdə 1,5 dəfə ucuzlaşdırılıb, nəticədə iqtisadi artım bərpa olunub və proses hazırda da yüksələn xətlə davam edir. Bu, devalvasiyanın müsbət nəticəsinə dair yeganə nümunə deyil.

 

Qeyd etdiyimiz kimi devalvasiyanın ilkin və cəmiyyətin həyatına təsir edən əsas nəticəsi qiymət artımıdır. Yuxarıda sadalanan ölkələrin hamısı hazırda qiymət artımı problemi ilə üzləşib. Çünki devalvasiya nəticəsində idxal kəskin bahalaşır ki, bu zaman istehlak bazarında qiymətlərin adekvat artımı baş verir. Əgər ölkədə yerli istehsal zəifdirsə, bu zaman kəskin artım cəmiyyətin sosial durumuna daha çox mənfi təsir göstərir. Məsələn, “Subsidiya iqtisadiyyatı” adlandıra biləcəyimiz Ermənistanda iqtisadiyyatın nəyin hesabına fəaliyyət göstərdiyi, ümumiyyətlə sual doğurur. Rusiyada baş verən devalvasiyadan sonra bu ölkə ilə inanılmaz sıx əlaqələrə malik  Ermənistanda devalvasiya baş verdi və qiymətlərin artımı müşahidə olundu. Oxşar vəziyyət Belarusda və Qazaxıstanda da müşahidə edilir. Bu ölkələrdə tarazlığı bərpa etmək üçün rubl və təngə tədricən ucuzlaşdırılır, amma hələlik prosesdə müsbət nəticələr görünmür. Rublun və təngənin dəyərdən düşməsinin davamlı xarakter daşıması onu göstərir ki, iqtisadiyyatda tarazlıq hələ də təmin edilməyib. Rusiyada rublun məzənnəsinin artıq 1 dollar / 100 rubl həddinə çatacağı istisna olunmur. Baxmayaraq ki, hələ il yarım əvvəl dolların məzənnəsi cəmi 32-34 rubl idi. Rusiyada sonuncu devalvasiyadan sonra istehlak bazarında yaranmış vəziyyət hamının yadındadır. Mağazalardan mallar faktiki yoxa çıxmışdı. Rusiya yuxarıda qeyd etdiyimiz ilk mərhələni artıq keçib, hazırda ikinci, vəziyyətin, qiymətlərin və gəlirlərin sabitləşmə mərhələsindədir. Mərhələnin başa çatmasına hələ çox var. Hələlik isə görünən odur ki, vəziyyət yalnız yerli istehsalın hesabına nisbətən düzəlib, amma idxal olunan malların qiyməti gündəlik dəyişməkdə davam edir.

 

Rusiyanın durumu devalvasiyanın məhz mənfi nəticələrə səbəb olduğunu söyləmək üçün əsas vermir. Əksinə, İslandiya, Polşa və Türkiyənin nümunəsi göstərir ki, devalvasiyadan sonrakı kiçik ajiotajın arından iqtisadiyyatda artım başlayır və tarazlığa nail olunur.

 

İslandiya. Kron iki dəfəyə yaxın ucuzlaşdırandan sonra gözləmək olardı ki, həyat səviyyəsi də eyni səviyyədə düşəcək. Amma bu baş vermədi. Səbəb ondan ibarətdir ki, sərt tənzimləmə tədbirləri və yerli istehsalın idxalı əvəz etməsi nəticəsində qiymətlər devalvasiya səviyyəsindən daha aşağı sürətlə artdı, sonra isə qiymət artımı prosesi tam dayandı. 

 

Türkiyə. Bu ölkədə sonuncu dəfə 2001-ci ildə 3 devalvasiya baş verib. Daha sonra bu devalvasiyalar iqtisadi idarəetmədə ciddi dəyişikliklərə səbəb olub. İqtisadiyyatın sabitləşdirilməsi üçün atılan iki addımı mühüm hesab etmək olar: xarici investisiyaların cəlb edilməsi və kütləvi özəlləşdirmə. Paralel olaraq maliyyə sistemində islahatlar aparılıb ki, nəticədə həmin iqtisadi kurs artıq 12 ildən çoxdur sabit davam edir.  

 

Polşa. Həyata keçirilmiş devalvasiya nəticəsində Polşa avrozonanın iqtisadi inkişaf baxımından ən sabit ölkəsinə çevrildi.  2007-2008-ci illərdə zlotının dollara nisbətdə məzənnəsi  2,1-dən 3,7-yə qədər ucuzlaşdırıldı. Buna baxmayaraq, 2008-ci ildə ölkədə inflyasiya cəmi 4% təşkil etdi. Devalvasiyadan sonra Polşada da idxal olunan malların qiymətində müəyyən artım baş verdi, lakin bu proses sosial gərginliyə səbəb ola biləcək həddə çatmadı. Çünki böyük yerli istehsalçılar bahalaşan idxal məhsullarını böyük həcmdə bazardan sıxışdırıb çıxarmağa nail oldular. Səmərəli idarəetmə üsulu tətbiq edildi, biznes sektorunda bürokratik və sair müdaxilələr minimuma endirildi, dövlət büdcəsi səmərəli idarə olundu və düzgün borclanma siyasəti yürüdüldü. Nəticədə Polşa iqtisadiyyatı devalvasiyadan yalnız uddu.

 

Beləliklə, devalvasiyanın səbəbləri və nəticələri müxtəlif ola bilər. Ancaq Türkiyə və Polşanın nümunəsində görünür ki, devalvasiyadan sonra sosial-iqtisadi vəziyyət yaxşılaşa bilər. Burada sabitlik, əmin-amanlıq və davamlı inkişaf başlıca faktorlardır ki, bunlar Azərbaycanda da mövcuddur.

 

Azərbaycanın timsalında devalvasiyanın sosial və iqtisadi həyata pozitiv təsirlərini aşağıdakı formada təsnif etmək olar:

 

Əsas istehlak məhsullarının ucuzlaşması. Hesablamalar göstərir ki, istehlak bazarında satılan və ən çox tələbat duyulan ərzaq məhsullarının təxminən 90 faizi yerli istehsaldır. Burada idxalın payına 10 faiz düşür. Bu səbəbdən ərzaq məhsullarının qiymətində ciddi bahalaşma olmamalıdır, olsa belə bahalaşma həddi 10 faizi keçməməlidir. Hazırda bazarda bəzi yerli məhsulların qiymətində bu rəqəmdən artıq müşahidə olunan bahalaşma iqtisadi deyil, subyektiv amillərlə bağlıdır. Bəzi işbazlar yaranmış fürsətdən, təşviş faktorundan istifadə edərək (çox zaman isə bu təşvişi məqsədli şəkildə yaradaraq) qiymətləri qaldırır və daha çox qazanc əldə etmək istəyirlər. Analoji proseslər bütün iqtisadiyyatlarda müşahidə olunur, lakin dünya ölkələrinin də təcrübəsi göstərir ki, bu, müvəqqəti, qısamüddətli prosesdir. Çünki süni qiymət artımı iqtisadi qanunauyğunluqlara əsaslanmır və dövlətin müvafiq müdaxiləsindən, tənzimləmə alətlərinin işə salınmasından sonra onun qarşısı alınır və bazarda vəziyyət stabilləşir. Artıq Azərbaycanda hökumət səviyyəsində bu mexanizmlər işə salınıb - süni qiymət artımına qarşı mübarizə aparılır, cərimələr tətbiq edilir, istehlak bazarında qiymətlərə nəzarət rejimi gücləndirilir, ajiotaj yaradaraq qiymətləri qaldıran, devalvasiyanı fürsət bilərək daha çox qazanc əldə etmək istəyən işbazlar barədə ölçü götürülür. Görülən tədbirlər yaxın zamanlarda öz nəticəsini göstərəcək, istehlak və xidmət bazarında qiymətlərin real məzənnəyə uyğunlaşması təmin olunacaq.

Dövlətin valyuta ehtiyatlarının artması. Üzən məzənnəyə keçid dövlətin üzərinə düşən yükü xeyli azaldır və ən əsası ölkənin valyuta ehtiyatlarının daha səmərəli istifadəsinə imkan verir. Məsələn, Ukraynanın timsalında bunu təsdiqləmək olar. 2015-ci ilin fevralında Ukraynanın milli valyutası – qrivna devalvasiyaya uğrayıb və dollar qarşısında dəyərini  50 faizdən çox itirib. Üzən məzənnəyə keçiddən sonra ilkin mərhələdə qrivnanın ucuzlaşması 100 faiz (15 qrivna / 1 dollardan 30 qrivna / 1 dollara) təşkil edib. Bazarda təşviş və psixoloji gərginlik mərhələsi aradan qalxdıqdan sonra real bazar məzənnəsi (24-25 qrivna / 1 dollar) bərpa olunub. Əvəzində isə 2015-ci ilin sonunda Ukraynanın beynəlxalq qızıl-valyuta ehtiyatları 77 faiz artaraq 13,3 milyard dollara çatıb. Üzən məzənnəyə keçiddən sonra analoji proses Azərbaycanda da baş verəcək. İndiyədək bazarda manatın kursunun sabit saxlanması üçün sərf olunan valyuta ehtiyatları artıq yığıma sərf olunacaq və ilin sonunda ölkənin strateji qızıl və valyuta ehtiyatlarının həcmində ciddi artım qeydə alınacaq.

 

Xarici sərmayənin cəlb olunması. Son illər dünya ölkələri xarici investisiya problemi ilə üzləşsələr də, 2015-ci ilin yekunlarına əsasən, Azərbaycan iqtisadiyyatına 20 milyard dollar sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayə olub. Düzdür, bu investisiyalar əsasən neft sektoruna qoyulub, amma iqtisadiyyatın qeyri-neft sektoruna qoyulan investisiyaların həcmində də artım müşahidə edilib. Şərqi Avropa və postsovet məkanı ölkələrinin təcrübəsi göstərir ki, milli valyutaların real bazar məzənnəsinin saxlanılması xarici investorlar üçün cəlbedici imkanlar yaradır. Yuxarıda qeyd etdiyimiz kimi, üzən məzənnəyə keçid valyuta ehtiyatlarının qorunmasına və daha da artırılmasına səbəb olacaq. Bu isə öz növbəsində ölkənin iqtisadi göstəricilərinin sağlamlaşdırılması deməkdir ki, xarici investisiyaların cəlb olunmasında bu, ciddi rol oynayır. Hazırkı situasiyada dövlətin üzərinə düşən iş dünya bazarında gedən iqtisadi prosesləri düzgün dəyərləndirərək ölkə iqtisadiyyatına daha çox xarici sərmayə cəlb etməkdir. Xüsusilə nəzərə almaq lazımdır ki, hazırda investorlar Çin bazarını tərk etməkdədir və sərmayə yatırmaq üçün daha real bazarlar axtarırlar. Üzən məzənnəyə keçiddən sonra Dünya Bankının ardınca “Moody's” beynəlxalq reytinq agentliyi də Azərbaycanla bağlı proqnozların stabil olduğunu açıqlayıb. Bu onu göstərir ki, Azərbaycanın xarici sərmayə cəlb etmək üçün bütün imkanları vardır: yüksək reytinq, iqtisadiyyatın potensialı, müasir infrastruktur, perspektivli sahələr və əlverişli biznes mühiti. Üstəlik,Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevdə iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi və bu istiqamətdə real addımların atılmasına başlanıb. 

 

Biznes mühitinin liberallaşdırılması. Azərbaycanda üzən məzənnəyə keçid dönəmində biznes mühitinin daha da liberallaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Vergi və gömrük sahəsində həyata keçirilən tədbirlər, lisenziyaların sayının azaldılması, sahibkarlıq obyektlərində yoxlamaların aparılmasına müddətli moratorium qoyulması və digər məsələlər hökumətin ciddi planlarının olduğunu açıq göstərir. Bu addımlar əhalinin həyatında öz təsirini uzun müddət sonra deyil, ən qısa zamanda göstərəcək və müsbət nəticələr verəcək. Nəzərə alsaq ki, əhali üçün ən yaxın və ən uyğun biznes sahəsi ticarətdir, görülən tədbirlər və həyata keçirilmiş yeniliklər ilk növbədə ticarət sektoruna toxunacaq, müsbət nəticələr isə aylardan deyil, günlərdən sonra görünəcək.

 

Manat ekvivalentində daxilolmaların artması.  Unutmaq olmaz ki, dünya bazarında neft nə qədər ucuzlaşsa da, hələ də ölkənin əsas maliyyə mənbəyi olaraq qalır. Bu, devalvasiyadan və üzən məzənnəyə keçiddən sonra neft satışından daxilolmaların manat ifadəsində artması deməkdir. Bu əlavə vəsait hökumətə imkan verəcək ki, sosial tədbirləri davam etdirsin və bu sahədə əlavə preventiv addımları atsın.

 

Göründüyü kimi, üzən məzənnəyə keçiddən sonra bəzi ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Argentina, Belarus, Ermənistanda müşahidə olunan neqativ vəziyyətin Azərbaycanda təkrarlanacağını iddia etmək üçün iqtisadi əsaslar yoxdur. Həmin ölkələrdən fərqli olaraq Azərbaycanın dünyada gedən iqtisadi böhranın təsirindən qoruyacaq amillər çoxdur. Yuxarıda göstərilən amillər bunun yalnız bir qismidir. Bundan başqa Azərbaycanı fərqləndirən üç vacib cəhət var - inkişaf, sabitlik və əmin-amanlıq.

 

Təhlillər göstərir ki, bu üç faktordan ən azı birindən məhrum olan ölkələr maliyyə böhranlarını, devalvasiyaları çox ağrılı keçirirlər. Azərbaycan isə iqtisadi inkişaf tempini saxlamaqda davam edir. Dünya Bankı iki devalvasiyadan sonra üzən məzənnəyə keçməsinə, neft gəlirlərinin azalmasına baxmayaraq, bu il Azərbaycanda iqtisadi artım olacağına dair proqnoz açıqlayıb. 2016-cı ildə dünya ölkələri üzrə ümumi iqtisadi artım proqnozu 3,3 faizdən 2,9 faizə salınıb. Bu o deməkdir ki, dünyada maliyyə böhranı davam edəcək və çox az ölkə iqtisadi artıma nail olacaq. Elə təkcə dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində bu il 6,7 faiz geriləmə gözlənilir. Dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycanda artım proqnozunun açıqlanması ölkənin bu şəraitdə belə iqtisadi irəliləyiş əldə edə biləcək dövlətlər sırasında olacağını göstərir. Digər tərəfdən, Azərbaycan devalvasiyanın verəcəyi iqtisadi faydalardan yararlanmaqla, bazar iqtisadiyyatının tələblərinə çevik reaksiya verməklə, 2016-cı ili daha yüksək göstəricilərlə başa vura bilər.

 

Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, müəyyən dərəcədə narahatlıqla başlanan 2016-cı ilin nəticəsi hətta Avropa ölkələri ilə müqayisədə Azərbaycan üçün daha əlverişli olacaq. Təkcə Yaxın Şərqin qaynar nöqtələrindən Avropaya qaçqın axınının yaratdığı sosial gərginlik inkişaf etmiş bir çox ölkə üçün başağrısı olaraq alacaq. Bu gərginlik bir tərəfdən iqtisadi inkişafa əngəl törədəcək, həm də qarşıdurma və ksenofobiya meyllərini gücləndirəcək. Yeni İl gecəsi Almaniyanın şəhərlərində yaşananları bir daha xatırlatmağa ehtiyac yoxdur. Çox maraqlıdır ki, 2015-ci ilin sonları, 2016-cı ilin əvvəllərində hətta Böyük Britaniya kimi inkişaf etmiş ölkədə belə 15-20 faizlik bahalaşma müşahidə olunur.

Bir tərəfdən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, digər tərəfdən də daxili gərginlik və xarici münasibətlərdə qeyri-müəyyənlik dünyanın neft ehtiyatlarının 25 faizinə sahib olan Səudiyyə Ərəbistanda benzinin 40 faiz bahalaşmasına səbəb oldu, ölkədə gizli iqtisadi böhran üzə çıxmağa başladı. Yenə Yaxın Şərqdə maraqlar mübarizəsində aktivi iştirak edən, bu səbəbdən hərbi xərcləri dəfələrlə artıran İran iqtisadi böhranın təsirindən sığortalana bilmir. İki-üç il öncəyə qədər malların ucuzluğu ilə cəlbedici ölkəyə çevrilən İranda bahalaşmanın hansı həddə olduğunu bu ölkəyə daim səfər edən Azərbaycan vətəndaşları təsdiqləyə bilər. Davamlı iqtisadi inkişafa nail olmağı bacaran Türkiyədə daxili (bir ildə iki dəfə seçkilərin keçirilməsi, daxili çəkişmələr, PKK terroru) və xarici sabitliyin (Rusiya da daxil olmaqla bir sıra dövlətlərlə ziddiyyətlərin yaranması) olmaması qiymətlərin, xüsusilə ərzağın bahalaşmasına gətirib çıxarıb. Çin iqtisadiyyatında durumu ürəkaçan deyil, ölkə il ərzində 4 dəfə devalvasiyaya gedib, dünyanın ən sabit valyutalarından olan yuan dəyərini xeyli itirib. Lakin başqa ölkələrdən fərqli olaraq analitiklərin Çinin devalvasiyadan uduşlu çıxmasına ümidləri çoxdur, çünki Çində yuxarıda qeyd etdiyimiz üç faktor - sabitlik, əmin-amanlıq və davamlı inkişaf mövcuddur.

 

Yekun olaraq, bir məqamı qeyd etmək vacibdir. Azərbaycanın üzləşdiyi durum təkcə neft gəlirlərinin azalması ilə əlaqələndirilməməlidir. Ölkə neftin qiymətlərinin bundan da aşağı olduğu, 20 dollar səviyyəsinə çatdığı dönəmlərdə belə yüksək iqtisadi inkişaf templəri nümayiş etdirməyi bacarıb. Devalvasiyaya və onun məntiqi sonluğu olan üzən məzənnəyə keçid qərarına həm də Azərbaycanın dünya iqtisadiyyatına daha sıx inteqrasiya olnması məsələsi təsir göstərib. Bu səbəbdən istər regionda, istərsə dünyada baş verən siyasi, iqtisadi və hərbi böhranlar Azərbaycana da təsirsiz ötüşmür. Bu təsirdən tam sığortalanmaq mümkün deyil, dövlətin vəzifəsi dünyada gedən mənfi proseslərin Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirməkdir. Bunun üçün ən vacib amil sabitliyin qorunub saxlanması və iqtisadiyyatın aşağı düşməməsi üçün zəruri tədbirlərin həyata keçirilməsidir. Buna nail olmaqla üzən məzənnəyə keçidin ilkin və müvəqqəti xarakter daşıyan neqativ təsirinin aradan qaldırılma müddətini daha da yaxınlaşdıra və davamlı inkişafı təmin edə bilərik.

 

Vüqar Hüseynov, APA Analitik Mərkəzi

# 298
avatar

Oxşar yazılar